Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Əvvəlcə 4 kənd qayıdır, sonra Kərki və… - Erməni deputat

Əvvəlcə 4 kənd qayıdır, sonra Kərki və… - Erməni deputat

Tarix: 9 Mart 2024 01:00

Ermənistan mediası İrəvanın işğalda saxladığı Qazaxın 7, Naxçıvanın 1 kəndinin (Kərki) qaytarılması ilə bağlı müzakirələrin intensivləşdiyi haqda növbəti məlumat yayıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bundan öncə Qazaxın anklav olmayan 4 kəndinin - Bağanıs-Ayrım, Yuxarı Əskipara, Xeyrimli və Qızıl Hacılı - qaytarılmasının gündəmdə olduğu bildirilmişdi.

Hətta Qazaxla sərhəd olan Tavuş rayon qubernatoru Ayk Qalumyan rayonda Azərbaycana aid kəndlərin olduğunu təsdiqləmişdi.

Bir müddət öncə isə Azərbaycanın işğalda olan kəndlərinə daxil olmağa çalışan iki erməni silahlı şəxs saxlanılmış, onlara bu kəndlərin azərbaycanlılara aid olduğu bildirilmiş, bir daha bu kəndlərə girməmək şərti ilə azadlığa buraxılmışdılar.

Ermənistan parlamentinin müxalif "Hayastan" fraksiyasının deputatı Qarnik Danielyan da bu gün bu mövzuya toxunub və "Hayeli" klubunda çıxışında deyib ki, birinci mərhələdə 4 kəndi, sonra digərlərini - Tavuş ərazisində olan 3 və Kərki kəndini qaytaracaqlar.

O, bunun nəticəsində Lorinin sərhəd ərazisinə çevriləcəyini də vurğulayıb.

Danielyanın sözlərinə görə, bu kəndlər strateji əhəmiyyət daşıyır və Ermənistanın şimal və cənub çıxışı üzərində olmaqla yanaşı, həm də Rusiyadan gələn qaz kəməri bu kəndlərin ərazisindən keçir.

Qeyd edək ki, Ermənistanın bir çox politoloqu və müxalifət deputatı vaxtaşırı olaraq bu kəndlərin strateji əhəmiyyətini vurğulayırlar. Ancaq məsələ də bundadır ki, bunun Azərbaycana heç bir aidiyyəti yoxdur: Qazaxın 7, Naxçıvanın isə 1 kəndi işğaldadır və bu ərazi, Ermənistan Baş naziri Nikol Paşinyanın da qeyd etdiyi kimi, Ermənistanın "29,8 min kv.km ərazisinə" daxil deyil - başqa sözlə desək, İrəvan özü də bu kəndlərin işğalda olduğunu təsdiqləyib. İşğal edilən ərazi isə mütləq azad edilməlidir.

Milli.Az


Etiketlər:  Əvvəlcə 4 kənd qayıdır sonra Kərki Erməni deputat


RƏYLƏR