Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ceyhun Bayramovun konqolu həmkarı ilə geniş tərkibdə görüşü keçirilib - FOTO

Ceyhun Bayramovun konqolu həmkarı ilə geniş tərkibdə görüşü keçirilib - FOTO

Tarix: 2 Aprel 2024 16:09

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ölkəmizə səfəri çərçivəsində Konqo Respublikasının xarici işlər və əməkdaşlıq naziri Jan-Klod Qakossonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

XİN-dən Milli.Az-a verilən xəbərə görə, nazir Ceyhun Bayramov və nazir Jan-Klod Qakosso arasında təkbətək görüş, daha sonra hər iki tərəfin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam edib.

Geniştərkibli görüşdə iki ölkə arasında ikitərəfli və çoxtərəfli platformalarda mövcud əməkdaşlıq, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına hazırlıq işləri (COP29), habelə regional vəziyyət müzakirə olunub.

Nazir Ceyhun Bayramov Azərbaycan və Konqo arasında beynəlxalq təşkilatlar, xüsusilə Birləşmiş Millətlər Təşkilatı (BMT) və Qoşulmama Hərəkatı (QH) çərçivəsində qarşılıqlı dəstək və faydalı əməkdaşlığın məmnunluq doğurduğunu diqqətə çatdırıb.

Müxtəlif istiqamətlər, o cümlədən neft və energetika, təbii resurslar, dövlət xidmətləri sektoru, təhsil, turizm, humanitar və s. üzrə əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində qarşılıqlı səfərlər və təmasların əhəmiyyəti qeyd olunub.

Ölkəmizin QH-ya sədrliyi dövründə Afrika ölkələri ilə münasibətlərin daha da inkişaf etdirildiyini qeyd edən nazir Ceyhun Bayramov, Azərbaycanın bundan sonra da mövcud əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu bildirib.

Cari ildə COP29 sədrliyimiz çərçivəsində aparılan danışıqlar prosesi, hazırlıq işləri barədə qarşı tərəfi ətraflı məlumatlandıran nazir Ceyhun Bayramov, COP29-un əməkdaşlıq üçün yeni imkanlar yaratdığını diqqətə çatdırıb.

Görüş zamanı nazirlər Konqo Prezidentinin ölkəmizə səfəri zamanı imzalanması nəzərdə tutulan iki ölkə arasında əməkdaşlıq haqqında birgə bəyannamə və digər rəsmi sənədlərin münasibətlərin daha da dərinləşməsinə xidmət edəcəyinə dair əminlik ifadə ediblər.

Tərəflər iki ölkə arasında mədəni əlaqələrin daha da genişləndirilməsi, mədəniyyət sahəsində festivalların keçirilməsinin faydalı ola biləcəyini qeyd ediblər.

Nazir Jan-Klod Qakosso Azərbaycana səfərindən məmnunluq duyduğunu, Azərbaycan və Konqo arasında ikitərəfli əməkdaşlığın inkişafı üçün potensialın mövcud olduğunu və bu imkanlardan istifadə edilməsinin əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Milli.Az


Etiketlər:  Ceyhun Bayramovun konqolu həmkarı ilə geniş tərkibdə görüşü keçirilib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ