Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Aprel 2024 13:28
Qırğızıstan Milli Təhlükəsizlik Komitəsi respublika ərazisində "TikTok" sosial şəbəkəsinə girişin məhdudlaşdırılması barədə qərar qəbul edib. Bundan əvvəl bir neçə ölkə adıçəkilən sosial şəbəkənin qapadılması ilə bağlı addımlar atıb.
Son vaxtlar ölkəmizdə də "TikTok"un bağlanması ilə bağlı fikirlər səsləndirilir. Buna səbəb kimi platformada uşaqların, yeniyetmələrin düşüncələrinə mənfi təsir edən videoların paylaşılmasıdır. Artıq bununla bağlı cəzalandırılan şəxslər də var. Belə ki, sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik paylaşımlar və çağırışlar edən şəxslərlə bağlı polis əməkdaşları tərəfindən qanunamüvafiq tədbirlər görülür.
Bəs görəsən, Azərbaycanda "TikTok"un bağlanması gözlənilirmi?
Sonxeber.net bildirir ki,Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini, deputat Tahir Kərimli "Unikal"a açıqlamasında bildirib ki, sosial şəbəkələr üzərində nəzarət gücləndirilməlidir. Onun sözlərinə görə, sosial şəbəkə ilə bağlı məsələni komitə və plenar iclasda qaldırır:
"Mənə deyirlər ki, sənin özünü ən çox "TikTok"da paylaşırlar. Sən nəyə görə narazısan? Deyirəm ki, elə hörmət, şöhrət, təbliğat mənə lazım deyil. Ən çox narahat olduğum məsələ cəmiyyətin deqradasiyası, uşaqların tərbiyəsinin və ailə münasibətlərinin pozulmasıdır. "TikTok" və digər sosial şəbəkələrdə həmişə yaxşı şeylər vermirlər. Qırğızıstan heç də varlı dövlət olmamasına baxmayaraq, məhdudiyyət qoymaq imkanlarını araşdırır. Biz ən azı ciddi məhdudlaşdırıcı senzura qurmalıyıq. Həmişə əxlaq, mənəvi senzura deyirəm. Artıq mənəviyyatımız əldən gedir. Azərbaycan kimi xalqların və dövlətlərin yeganə ən böyük dəyəri ailə institutunun möhkəmliyidir. Dövlət ali təşkilatdır, ailə isə kiçik təşkilatdır. Özək məhv olsa, hər şey məhv olacaq. Bu da gözümüz baxa-baxa məhv edilir. Eyni zamanda pislik arta-arta gedir. Azərbaycanda hökmən sosial şəbəkələr üzərində mənəvi senzura yaratmaq lazımdır. Bunun üçün dövlət də kifayət qədər vəsait ayırmalıdır".
Ölkəmizdə "TikTok"un fəaliyyətinin dayandırılması ilə bağlı məsələnin müzakirə olunub-olunmadığını dəqiqləşdirmək üçün Elektron Təhlükəsizlik Xidmətinə sorğu ünvanladıq.
"Bildirmək istərdik ki, hazırda sorğunuzda qeyd olunan məsələ müzakirə olunmur", - deyə ETX-nin cavabında bildirilib.