Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 May 2024 05:06
Yaz mövsümündə ən çox rast gəlinən problemlər sırasında allergik xəstəliklər xüsusi yer tutur. Statistik məlumatlara əsasən, hazırda dünyada hər on nəfərdən ikisi allergiyadan əziyyət çəkir. Mövsümi allergiya nəticəsində bədəndə səpgi, gözlərdə qızarma, sulanma, burun axması, çoxsaylı asqırma, qaşınma, öskürək, boğulma və daha təhlükəli olan boğazda şişkinlik və nəfəs darlığı yaranır. Mart ayından mayın sonuna qədər bəzi insanlarda allergik xəstəliklər daha çox özünü göstərir.
Sonxeber.net xəbər verir ki, pediatr-allerqoloq Sevinc Abdullayeva Moderator.az-a bildirib ki, allergik xəstəliklər yay boyu davam edə bilər.
"Yazın gəlişindən sonra havalar isinir, təbiət gözəlləşir, insanların çölə çıxması rahatlaşır. Amma bizim üçün yaz allergiyası başlamış hesab olunur. Bu fəsil təxminən bizim ölkəmizdə fevralın son həftəsindən başlayır, mart, aprel, may aylarında da davam edir. Əvvəlcə ağaclar çiçəkləyir, sonra fərqli bitkilər çiçək açmağa başlayır. Bu zaman fərqli allergik xəstəliklər yaranır. Hər uşağın öz allergiyasını bilmək haqqı var. Valideynin də bunu bilmək məcburiyyəti var. Bildikdən sonra həmin çiçəklərin aktiv olduğu bölgələrə səyahət etməmək lazımdır. Yay hələ qarşıdadır. Bir də bəzi ağaclar avqust ayında çiçəkləyəcək. Ağaclara allergiyası olan insanlar bu aralıqda, xüsusilə də küləkli havada parklara, bağlara, yaxud təbiət qoynuna getməsinlər. Bəzi valideynlər düşünür ki, dərman alıb mən filan yerə gedə bilərəm. Təəssüf ki, həmin havada olan allerginlərin miqdarı bizim dərmanın dozasından çox yuxarı olduqları üçün dərman yeganə qoruyucu vasitə deyil. Bu sezonda əgər temperaturunuz olsa da, olmasa da öskürəkləriniz şiddətlidirsə, 3-5 gündən çox davam edirsə, təbiətə çıxdıqda ürəkbulanması, baş ağrısı və öskürək bura qoşulursa allergik xəstəliklərdən şübhələnmək və həkimə müraciət etmək lazımdır", - deyə allerqoloq bildirib.
Sevinc Abdullayeva bildirib ki, bəzi qidalar da allergiya verə bilər.
"Bəzi qidalardan insanlarda səpgi yarana bilər. Qida allergiyalarının narahat olduğumuz tərəfi qida anaflaksiyasının baş verməsidir. Anaflaktik şoka ola bilər, tənəffüsü, təzyiqi dəyişə bilər. Çiyələk bitkisindən də səpgi baş verə bilər. Çiyələyin tərkibində histamin adlı bir maddə var. Daha çox histaminə görə allergiya verir. Bəzən pasiyentlər deyirlər ki, çiyələk allergiyası onun xüsusi maddələrlə yuyulmasına görə də baş verir. Onun çiyələyin yuyulması ilə heç bir əlaqəsi yoxdur. Çiyələyi sirkəli yaxud sodalı suda yumaq bizi sadəcə infeksiyalardan qoruyur. Çünki çiyələk torpaqla təması olan bitkidir. Bunun allergiya ilə heç bir əlaqəsi yoxdur. Çiyələk, şokolad, pomidor və s. məhsulların tərkibində histamin var. Əgər uşaqda çiyələyə qarşı allergiya varsa, çarpaz olaraq onda bəzi qidalara da allergiya yaranır. Qara qarağat, qırmızı qarağat və s. kimi bitkilərə. Allergiyası çox olan insan çiyələyi yeyərsə içindəki histamin burun tutulmasını və burun axmasını artırır. Səpkisi çox olan insan çiyələk yeyərsə səpkisi artar. Çiyələyə şiddətli həssasiyəti olan adam çiyələk yeyər anaflaks olar. Elə insanlar var ki, çiyələyi yeyər gözü şişər. Uşaqlarda çiyələyə qarşı həssaslığın daha çox olduğunu görürük. Böyüdükcə bunun azaldığının şahidi oluruq. Amma elə insan var ki, hər hansı bir qidaya ömür boyu həssaslığı davam edir", - deyə pediatr-allerqoloq bildirib.