Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sevdiyi qadınlardan xəyanət görən, 19 ''anası'' olan Xalq artisti

Sevdiyi qadınlardan xəyanət görən, 19 ''anası'' olan Xalq artisti

Tarix: 7 May 2024 14:30

Deyirlər insan doğulanda alnına yazılan tale yolu, ömür payı da onunla ömürlük yol-yoldaşı olur... Əfsus ki, hər kəsin alın yazısı heç də ürəkaçan olmur. O da doğulduğu ilk gündən payına yalnızlıq, ayrılıq düşüb. Özü istəməsə belə... Hamını güldürən, ürəyində isə həmişə sakit, səssizcə ağlayan Xalq artisti Arif Quliyev. Bu gün sevimli sənətkarın anım günüdür.

Sonxeber.net publika.az-a istinadən kiçikdən-böyüyə hamının sevimlisi olan Arif Quliyevi yad edir.

Bir anlıq təsəvvür edin ki, dünyaya gətirən qadının ətrini tam duymadan, onu doya-doya içinə çəkmədən səni bir uşaq evinin qapısında buraxıb gedir... Dünyaya gəldiyin tarixi, günü, saatı belə bilmirsən. Doğum tarixin isə uşaq evində yazılır... Lap filmlərdəki kimi. Bilmirəm təsadüfdür, ya zərurət, o, məhz aktyor olmağı seçir. Bəlkə də ona görə ki, amansız həyatın yaşatdığı ağrı-acıları, faciələri unutmaq üçün Arif Quliyev məhz komediya janrına üstünlük verir. Kim bilir, bəlkə bununla təskinlik, rahatlıq tapır..?

"Tufanlar, qaranlıqlar, çətinliklər içində Allah mənə bu sənəti verdi. Həyatıma əks olan obrazı seçdim - güldürmək. Mənim heç bir sənədim yox idi. Məni uşaq evinə qoyub gediblər. Orada mənə Arif deyiblər, doğum ilimi də orada yazdılar..."

Arif Quliyevin zamanında müsahibələrinin birində deyib bu sözləri...

Üç yaşı olanda qara çarşablı bir qadın onu gətirib Mərdəkanda yerləşən uşaq evinin qarşısına qoyur. Deyir ki, gedim sənə peçenye alıb gəlirəm. Axşam saat 8-ə qədər üç yaşlı Arif uşaq evinin qarşısında həmin qadını gözləyir. Uşaq evinin müdiri işdən çıxıb evə gedəndə, qapının qarşısında üç yaşlı uşağı görür və məsələni anlayıb, onu uşaq evinə aparır...

Soyadı olmadığına görə onu pionerə keçirmirlər. Hər dəfə onun adı gələndə deyirmişlər ki, sən hələ gözlə. Arif bir kənara çəkilib yeni pionerlərə baxıb ağlayırmış. Yəhya adlı müəllimi Arifə deyir ki, valideynin adı və familiyası olmadığı üçün onu pionerə keçirə bilmirlər. Arif daha çox ağlayanda, müəllim pis olur. Ona deyir, öz atamın adını və soyadını sənə verirəm. Atamın adı Əlidir, qoy, Əli sənin köməyin olsun. Bundan sonra onu pionerə keçirirlər.

Sənədlərə görə, 1950-ci il mayın 16-da indiki Şirvan şəhərində anadan olub.1965-ci ildə Bakı Mədəni-Maarif Texnikumuna imtahan verib. İki imtahandan keçir, birindən isə kəsilir. Artıq internatda yaşamaq hüququ da başa çatdığından, küçədə qalan Arif çarəsiz halda texnikumun qarşısında dayanır. Oranın direktoru Cavahir xanım Arifi görüb yanına çağırır, biləndə ki, onun heç kimi və qalmağa yeri yoxdur, özü ilə evinə aparır, paltarlarını yuyub, yemək verir. Ertəsi gün isə onu texnikumun "Dram və kino aktyorluğu" fakültəsinə qəbul edir. Arif Quliyev 1965-1968-ci illərdə Bakı Mədəni-Maarif Texnikumunun Dram və kino aktyorluğu fakültəsində, 1973-1975-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Musiqili komediya aktyorluğu fakültəsində təhsil alıb.

Əmək fəaliyyətinə 1965-ci ildə Mingəçevir Dövlət Dram Teatrında aktyor kimi başlayan Arif Quliyev 1975-ci ildə Musiqili Komediya Teatrına dəvət edilib. Bu teatrın səhnəsində bir -birindən fərqli, özünəməxsus obrazlar yaradıb. "Təzə gəlin", "Gözün aydın", "Durna", "Gurultulu məhəbbət", "Özümüz bilərik", "Hicran", "Ev bizim, sirr bizim", "Məşədi İbad", "Məhəbbət, şeytan və ağ ölüm" səhnə əsərlərində canlandırdığı obrazlar tamaşaçılar tərəfindən həmişə sevilərək izlənilib.

Mingəçevir Dövlət Dram Teatrında işləyən dövrdə bir gün aktyorlardan biri xəstələndiyi üçün Arif Quliyev səhnəyə onun yerinə çıxmalı olur. Gənc aktyorun çıxışı birinci katibin çox xoşuna gəlir. Bu çıxışdan sonra katibin göstərişi ilə Arifə mənzil verilir. Evsiz-eşiksiz doğulan Arifin artıq öz evi var idi. İndi qalırdı o evə gəlin gətirmək. Bu məsələdə də teatrın kollektivi ona yardım edir. Tanış ailənin qızına elçi gedirlər. Kollektivin öz pulu ilə qıza nişan üzüyü də alırlar. Həmin ərəfədə Arif hərbi xidmətə gedir. Qayıdanda isə həyatının ikinci böyük xəyanəti ilə üzləşir. Nişanlısının başqasının sevdiyini eşidən Arif ondan ayrılır. Onu dünyaya gətirən ana kimi, seçib-sevdiyi yarı da onu yarı yolda buraxır. Elə həmin ərəfədə başqa bir qızı sevir, ona çox bağlanır. Onların evinə gedib anasına qızını istədiyini və fikrinin ciddi olduğunu deyir. Qızın anası artistə qız verməyəcəyini deyir. Arif məcburiyyət qarşısında qalıb, sevdiyi qızdan ayrılır. Arif Quliyev aktyor kimi məşhurlaşandan sonra qızın anası onun yanına "elçiliyə" gəlir, qızını ona vermək istədiyini bildirir. Bu dəfə də Arif onlara "yox" cavabını verərək yola salır.

Arif Quliyev 1977-ci ildə Gülzar adlı xanımla ailə həyatı qurur. Toy ərəfəsində bir qadın onun yanına gəlib anası olduğunu deyir. Arif onun dediyi nişanələrə əhəmiyyət vermədən, həmin qadını anası kimi qəbul edib, onunla ünsiyyət qurur, toyuna dəvət edir. Sonrakı illərdə isə özünü Arifin anası hesab edən on doqquz qadın ona müraciət edir. Arif onların hamısını ana kimi qəbul edir, heç birinin xətrinə dəymir. Gülzar xanımla evlilikdən onların iki oğlu, bir qızı dünyaya gəlir. Həyat isə onu sınamağa davam edir. Arif Quliyevin oğlu Fərid günlərin birində dostları ilə birlikdə Fariz adlı bir gəncin ölümünə bais olur. Fərid həbs olunur, uzun illik həbs həyatı və vərəm xəstəliyi Fəridin həyatdan erkən köçməsinə səbəb olur. 2012-ci ildə Arif Quliyev oğlunu torpağa tapşırır. Övlad itkisi onu növbəti dəfə sındırır bu həyatda. O isə üzdə gülərək, acısını ürəyində yaşayır hər zaman etdiyi kimi...

Arif Quliyevin "Şans", "Bığ əhvalatı", "Qayınana", "Lift əhvalatı", "Yarım ştat", "Evləri köndələn yar" və digər teletamaşalarda yaratdığı rollar onu böyük uğur gətirir.

"Bəyin oğurlanması", "Yaramaz", "Bəxt üzüyü", "O dünyadan salam", "Qəm pəncərəsi", "Mənim ağ şəhərim", "Alma almaya bənzər", "Ağ gəmi" bədii filmlərindəki obrazları isə onun bu həyatdakı ən böyük uğuru olur. Təkcə "Bəyin oğurlanması" filmindəki " "Mənəm ey ad dədə, Miriş" və ya "Salam, sağ ol" səhnələri bu gün də hər birimizin dillər əzbəridir. Bir sənətkar üçün bundan böyük uğur ola bilməz.

Müxtəlif teatrlarda çalışan Arif Quliyevin yaradıcılığı qiymətləndirilib, 1989-cu ildə Əməkdar artist, 1993-cü ildə Xalq artisti fəxri adlarına layiq görülüb. "Humay", "Qızıl dərviş" mükafatları və "Sənətkar" medalı ilə təltif olunan aktyor Prezidentin fərdi təqaüdçüsü olub.

Müsahibələrinin birində deyib ki, "Mən Allahımdan çox razıyam. Məndən ata-ana sevgisini alsa da, o hissin nə olduğunu yaşatmasa da, böyük bir xalqın, Azərbaycan boyda böyük günəşin, sevgisini, məhəbbətini mənə hər zərrəsinə kimi yaşadıb".

Ruhunuz şad olsun xalqın ən sevimli sənətkarı. Nə qədər ki, o günəş parlayır, siz də hər zaman yaddaşlarda qalacaqsınız.


Etiketlər:  Sevdiyi qadınlardan xəyanət görən anası olan Xalq artisti


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ