Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Noyabr 2019 11:12
Bakı. İlhamə İsabalayeva - Trend:
Azərbaycanda elektrik enerjisinə tələbatın 17%-ni külək elektrik stansiyaları vasitəsilə almaq mümkündür.
Trend-in məlumatına görə, bunu AMEA Coğrafiya İnstitutunun Azərbaycanın iqtisadi və siyasi coğrafiyası şöbəsinin elmi işçisi Nicat İmamverdiyev bildirib.
Onun sözlərinə görə, bu, həm də Azərbaycanın “Paris Sazişi”ndə götürdüyü karbon tullantılarının azaldılması öhdəliyinin yerinə yetirilməsi və dayanıqlı enerjidən istifadə edən ölkələrdən geri qalmaması üçün də əhəmiyyətlidir.
N.İmamverdiyev əlavə edib ki, Azərbaycanda elektrik enerjisinin 91,9%-ni verən istilik elektrik stansiyalarından atmosferə ildə 18,5 mln. ton karbon qazı buraxılır. Eyni zamanda, elektrik enerjisi istehsalına milyardlarla kubmetr təbii qaz sərf olunur:
"Dünya ölkələrinin illik karbon emissiyalarının həcmi 45 mlrd. tona çatıb ki, bu da orta illik temperaturun 0,80 C artmasına və qlobal istiləşməyə gətirib çıxarıb. Bunun qarşısını almaq məqsədilə son 10 ildə bərpa olunan enerji mənbələri üzrə elektrik stansiyalarının qurulmasına dünyanın 146 ölkəsi ümumilikdə 2,6 trln. ABŞ dolları investisiya yatırıb. Atmosferə buraxılan karbon qazı tullantılarının həcmini azaltmaq üçün istilik elektrik stansiyaları tədricən alternativ enerji mənbələrinə əsaslanan stansiyalarla əvəz olunur".
Tədqiqatçı 1990-2015-ci illərin külək meteoroloji məlumatları əsasında Abşeron yarımadası, Culfa və Ordubad rayonlarının külək enerjisi üçün yüksək potensiala malik olduğunu müəyyən edib. O, eyni zamanda Azərbaycanda külək elektrik stansiyalarının yerləşdirilməsi üçün CİS proqramları vasitəsilə ümumi optimal ərazilərin sahəsini müəyyən edib, ölkənin elektrik tələbatını ödəmə qabiliyyəti yüksək səmərəliliyə malik 56 məntəqədə tədqiq edib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin