Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ADU-da “Heydər Əliyev: Multikulturalizm və tolerantlıq ideologiyası” adlı II beynəlxalq elmi konfransın açılış mərasimi keçirilib (FOTO)

ADU-da “Heydər Əliyev: Multikulturalizm və tolerantlıq ideologiyası” adlı II beynəlxalq elmi konfransın açılış mərasimi keçirilib (FOTO)

Tarix: 7 May 2019 12:24

Bakı. Trend:

Mayın 6-da Azərbaycan Dillər Universitetinin (ADU) Yeni Azərbaycan Partiyasının (YAP) dəstəyi ilə təşkil etdiyi Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Heydər Əliyev: Multikulturalizm və tolerantlıq ideologiyası” adlı II beynəlxalq elmi konfransın açılış mərasimi keçirilib.

ADU-dan Trend-ə verilən məlumata görə, açılış mərasimindən öncə Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla başda olmaqla, universitet rəhbərliyi, konfrans iştirakçıları və qonaqlar ulu öndər Heydər Əliyevin büstü önünə əklil və tər güllər qoyulub.

Konfransda Azərbaycan Respublikasının dövlət himni və “Gaudeamus” tələbə himni səsləndirilib.

ADU-nun rektoru akademik Kamal Abdulla konfransda uzaq ölkələrdən yaxın dostların iştirak etdiyini söyləyərək qonaqları salamlayıb. Konfransın rəmzi məna daşıdığını söyləyən rektor ötən il keçirilən eyni məqsədli I beynəlxalq elmi konfransdan söz açıb. O bildirib ki, sözügedən konfransın bölmə iclaslarının müzakirələri dünyanın 11 ölkəsində və 14 universitetdə keçirilib. Rektor konfransın hazırkı müzakirələrinin ali təhsil müəssisələri ilə yanaşı, ölkənin köçkün məktəblərində də baş tutacağını bildirib. Universitet rəhbəri qeyd edib ki, konfransın miqyasının məktəblərə yayılması Heydər Əliyev ideologiyasının öyrədilməsi ilə yanaşı, universitetin həmin məktəblərə göstərdiyi qayğıdır. Kamal Abdulla əlavə edib ki, birgə konfransların keçirilməsi əlaqələrin inkişafına gətirib çıxarır və bu əlaqələr orada təhsil alan şagirdlərin layiqli Azərbaycan vətəndaşı kimi formalaşmasında yardım edir. O, Azərbaycan multikulturalizminin uzun əsrlərdən bu dövrlərə uzun keşməkeşli yollar keçdiyini bildirib:

“Buna baxmayaraq ulu öndərin hakimiyyəti dövründə multikulturalizmin siyasi əsasları qoyulub. Müxtəlif dövlət sənədlərində multikultural dəyərlər, Azərbaycanda yaşayan xalqların mənəvi irsinin qorunması, dil və ədəbiyyatlarının inkişaf etdirilməsi ilə bağlı qanunlar öz əksini tapıb. Bu gün həmin multikultural siyasəti Azərbaycan Prezidenti ləyaqət və şərəflə davam etdirir. İlham Əliyev Azərbaycan multikulturalizminin yeni modelini ortaya qoyan şəxsdir. Bu model Azərbaycan multikulturalizmini dünyada məşhur edib. Azərbaycan multikulturalizmi Avropanın bir çox universitetində tədris olunur. Bu o deməkdir ki, həmin ölkələrdə Azərbaycan mədəniyyəti, ədəbiyyatı, psixologiyası, dəyərləri və həqiqətləri tədris olunur. Heydər Əliyev və multikultural dəyərlər mövzusu tükənməz mövzudur. Bu mövzunun keçmişi, bugünü, gələcəyi də var. Konfransımızın da dünəni var idi, bugünü var, gələcəyi də olacaq”.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Günay Əfəndiyeva Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş konfransda iştirak etməkdən məmnun olduğunu bildirib. O, Azərbaycan Respublikasının müstəqillik əldə etməsində, keçmişin bütün mərhələlərində ulu öndərin xidmətlərindən danışıb. G.Əfəndiyeva konfransın mövzusunun dünya üçün aktual olduğunu diqqətə çatdırıb. O, Azərbaycanda müxtəlif dinlərin nümayəndələrinin, xalqların qarşılıqlı anlaşma və tarixi ənənələrə hörmət çərçivəsində yaşadıqlarını bildirib.

YAP-ın icraçı katibinin birinci müavini professor Mübariz Qurbanlı akademik Kamal Abdullanın təşəbbüsü ilə ulu öndər Heydər Əliyev irsinin tədqiqi ilə bağlı konfransda iştirak etməkdən məmnunluğunu bildirib. M.Qurbanlı Heydər Əliyev irsinin elmi-mənəvi və praktiki sahədə tədqiqatı üçün gözəl təşəbbüs olduğunu qeyd edib. O, bu irsin öyrədilməsi, geniş miqyasda çatdırılmasının mənəvi borcumuz olduğunu bildirib. Heydər Əliyev ideyaları içində multikulturalizmin çox önəmli yer tutduğunu deyən M.Qurbanlı konfransın işinə uğurlar arzu edib.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru Ceyran Mahmudova Azərbaycan xalqına xas olan multikultural və tolerantlığın göz önündə olduğunu bildirib. Xarici alimlərin Azərbaycandakı multikultural mühitin formalaşmasında Heydər Əliyevin xidmətlərinin şahidi olması, tələbələrin isə xarici mütəxəssislərin fikirləri ilə tanış olmaları baxımından konfransın əhəmiyyətli olduğunu söyləyib. Azərbaycan incəsənət tarixinin multikulturalizmin əsasını təşkil etdiyini deyən C.Mahmudova konfransın uzunömürlü, faydalı olacağına inandığını deyib.

Rumıniyanın Yasski Universitetinin Slavistika kafedrasının dosenti Lyudmila Bejenaru, Serbiyanın Belqrad Universitetinin professoru Ema Miljkovic (Petrovic), Rusiyanın Ural Federal Universitetinin professoru Aleksandr Nesterov, İsrail Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirinin birinci müavini Avital Rozenberq, İndoneziyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hüsnan bəy Fanani, Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirinin mədəniyyət işləri üzrə müşaviri Yohan Şiterer konfransın işinə uğurlar arzulayıblar.

ADU-nun Elmi işlər üzrə prorektoru, professor Sevinc Zeynalova konfransın işi haqqında məlumat verib. O, konfransın müxtəlif aktual mövzuların müzakirə olunacağı bölmə iclasları ilə davam edəcəyini bildirib. S.Zeynalova Amerika və Macarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirlərinin konfransa təbrik məktubları ünvanladıqlarını qeyd edib.

İkigünlük konfrans öz işini “Heydər Əliyev və müasir Azərbaycan”, “Heydər Əliyevin azərbaycançılıq ideologiyası və multikulturalizm”, “Qloballaşan dünyada dinlərin və mədəniyyətlərin dialoqu”, “Müasir beynəlxalq münasibətlər və multikulturalizm”, “Multikultural dəyərlərin formalaşmasında təhsilin rolu” mövzularında bölmə iclasları ilə davam edib.

“Heydər Əliyev və müasir Azərbaycan” mövzusunda olan bölmə iclasının müzakirələri Sabirabad rayonunda yerləşən Cəbrayıl rayon 112 nömrəli tam orta məktəb, Cəbrayıl rayonunun N.Aslanov adına Cocuq Mərcanlı kənd orta məktəbi, Gəncə şəhərində yerləşən Kəlbəcər rayon 1 saylı köçkün tam orta məktəbi, Mingəçevir şəhərində yerləşən Ağdam rayon 47 saylı köçkün tam orta məktəbi, Bərdə şəhərində yerləşən Ağdam rayon 1 saylı köçkün tam orta məktəbi, Ağcabədi rayonunda yerləşən Xocavənd rayon Xocavənd kənd 1 saylı köçkün tam orta məktəbi, Bakı şəhərində yerləşən Nardaran kənd 295 saylı məktəbdə keçirilir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Heydər Əliyev Multikulturalizm tolerantlıq ideologiyası adlı beynəlxalq elmi konfransın açılış mərasimi keçirilib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ