Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Çovdar''da 100 min ağac tingi yetişdiriləcək (FOTO)

''Çovdar''da 100 min ağac tingi yetişdiriləcək (FOTO)

Tarix: 22 Noyabr 2019 18:00

Bakı. Trend:

"AzerGold" Qapalı Səhmdar Cəmiyyəti (QSC) qiymətli və əlvan metal yataqlarının işlənilməsi istiqamətində fəaliyyət göstərən dağ-mədən şirkəti olaraq, hasilat prosesi zamanı ətraf mühitə təsirlərin minimuma endirilməsi istiqamətində ardıcıl ekoloji tədbirlər həyata keçirməkdədir.

QSC-dən Trend-ə verilən məlumata görə, bu tədbirlərin davamı olaraq, Cəmiyyət "Regional İnkişaf" İctimai Birliyi və İDEA İctimai Birliyi ilə birgə əməkdaşlıq çərçivəsində ətraf mühitin mühafizəsi istiqamətində yeni yaşıllaşdırma layihəsinin icrasına başlayır.

Layihə çərçivəsində Balakən rayonunda yerləşən meşə ərazisindən 500 kq-dan çox palıd qozası tədarük edilib. Palıd qozalarından ayrılan 100 mindən çox toxum Çovdar Filiz Emalı sahəsində tingliyin salınması üçün istifadə olunacaq. Hal-hazırda 20 mindən çox toxum aqrotexniki qaydalara uyğun olaraq əkilib və əkim prosesi davam etdirilir.

Layihənin məqsədi yaşıllaşdırma işlərinin həyata keçirilməsi ilə ətraf mühtin mühafizəsi, həmçinin mədən ərazilərində hasilat zamanı təbiətə potensial mənfi təsirlərin qarşısının alınmasıdır.

Tinglərin daimi yerinə köçürülməsini təmin etmək üçün müvafiq tədbirlərin görülməsi nəzərdə tutulub. Qeyd edək ki, yetişdiriləcək palıd tingləri ağacəkmə aksiyalarında istifadə edilərək təqribən 40 hektara yaxın ərazinin yaşıllaşdırılmasına imkan yaradacaq.

Xatırladaq ki, Cəmiyyət ekoloji siyasət çərçivəsində öhdəliklərin yerinə yetirilməsi məqsədilə fəaliyyət göstərdiyi ərazilərdə ekoloji tarazlığın qorunması və bərpası istiqamətində Ekologiya və Təbii Sərvətlər Nazirliyi və bu sahədə fəaliyyət göstərən digər aidiyyatı dövlət və özəl qurumlarla birgə davamlı işlər həyata keçirir. Çovdar filiz emalı sahəsində ekoloji monitorinq proqramına uyğun mütəmadi olaraq tozölçmə işlərinin həyata keçirilməsi, torpaq, su hövzələri və su tutarlarından götürülən nümunələr əsasında təhlillərin aparılması, eyni zamanda istehsalat prosesi nəticəsində yaranan bütün növ tullantıların qanuna müvafiq şəkildə idarə olunması kimi tədbirlər “AzerGold” QSC tərəfindən reallaşdırılmaqdadır. QSC tərəfindən ekoloji siyasət çərçivəsində ətraf ərazilərin tullantılardan təmizlənməsi üçün mütəmadi iməcilik aksiyaları keçirilir. Bu kimi tədbirlərin həyata keçirilməsi nəticəsində Çovdar Filiz Emalı sahəsində bugünədək 8000-dən artıq ağac və kol əkilib, yaşıllıqlar salınıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Çovdarda ağac tingi yetişdiriləcək FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ