Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 May 2024 08:33
Yaratdığı əsərlərlə oxucunu düşündürmək, hisslərinə hakim kəsilmək, onu gözəlliklər aləminə çəkib aparmaq, haqq-ədalət uğrunda mübarizəyə ruhlandırmaq, həqiqətin tapılmasında hər kəsə yardımçı olmaq kimi ali keyfiyyətlər az-az qələm sahibinə nəsib olur. Dərin məna tutumu, ictimai fikrə hakim kəsilmək gücü ilə bir-birini tamamlayan, XX əsr Azərbaycan cəmiyyəti həyatının bütün sahələrini güzgü kimi əks etdirən aktual əsərləri ilə xalqın məhəbbətini qazanan İlyas Əfəndiyev belə xoşbəxt taleli sənətkarlardandır.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu gün nasir, dramaturq, Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı, Xalq yazıçısı İlyas Əfəndiyevin anadan olmasından 110 il ötür.
Bu görkəmli yazıçını və dramaturqu xatırlayarkən Ulu Öndər Heydər Əliyevin onun haqqında dediyi sözlər yada düşür: "İlyas Əfəndiyev Azərbaycan teatrına çox böyük töhfələr veribdir, böyük xidmətlər göstəribdir, çox dəyərli əsərlər yaradıbdır. Onun yaradıcılığı başqa cəhətlərlə yanaşı, bir də ona görə əhəmiyyətlidir ki, o, öz əsərlərində həm Azərbaycan xalqının tarixinin çox mühüm səhifələrini ədəbiyyat, teatr vasitəsilə bugünkü nəsillərə çatdırıbdır, həm də öz əsərlərində müasir həyatımızın müsbət və mənfi cəhətlərini çox gözəl təsvir edibdir".
Vaxtilə Ulu Öndərin görkəmli nasir və dramaturq İlyas Əfəndiyev haqqında dediyi bu sözlər, Xalq yazıçısının yaradıcılığına verilmiş yüksək qiymətin göstəricisidir.
Milli nəsrimizin, dramaturgiyamızın, teatr sənətimizin, ədəbi-tənqidi-ictimai fikrimizin inkişafında əvəzsiz xidmətləri ilə seçilən İlyas Əfəndiyev həm Sovet İttifaqı, həm də müstəqillik dövründə Azərbaycan ədəbiyyatının ən görkəmli yazıçılarından biri olub.
Ədəbiyyatımızda lirik-psixoloji üslubun yaradıcılarından biri, yeni obrazlar, xüsusən qadın obrazlarının mahir yaradıcısı, dramaturgiya və teatr tariximizdə "İlyas Əfəndiyev teatrı"nın banisi kimi estetik amillər ədəbi-nəzəri fikir tarixində İlyas Əfəndiyev fenomenini müəyyən edir.
İlyas Əfəndiyev 1914-cü il mayın 26-da Füzuli şəhərində dünyaya göz açıb. Yazıçının ulu babalarının bir qolu tacir nəslinə mənsub, digər qolu isə ruhani təhsili almış savadlı axund və üləmalar, Qarabağda tanınan, kasıba əl tutan, xeyirxah və alicənab insanlar olublar.
Yazıçının babası Bayram bəy dövlət idarələrində məmur işləyib, Azərbaycan Xalq Cümhuriyyəti dövründə Şuşada qəza rəisi vəzifəsində çalışıb. Ötən əsrin 30-cu illərinin tufanı Əfəndiyevlər ailəsindən də yan keçməyib, yazıçının atası Məhəmməd Əfəndiyevə "kulak" damğası vurulub. Aramsız təqiblərə, təzyiqlərə tab gətirməyən Məhəmməd Əfəndiyev 1934-cü ildə, 50 yaşında dünyasını dəyişib.
İlyas Əfəndiyevin bir gənc kimi formalaşmasında, onda kitaba, ədəbiyyata, ümumiyyətlə, mütaliəyə maraq oyanmasında anası Bilqeyis xanımın əvəzsiz xidmətləri var. O, ömür-gün yoldaşının vəfatından sonra övladına müəllim, yoldaş, həm də ata əvəzi olub.
Gələcəyin məşhur yazıçısı hələ uşaq yaşlarından zəhmətə alışıb, mütaliəyə böyük maraq göstərib. 1921-ci ildə birinci sinfə gedən İlyas 1930-cu ildə pedaqoji təmayüllü iki dərəcəli orta məktəbi əla qiymətlərlə bitirib. O, 1933-cü ildə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun Ədəbiyyat fakültəsinin əyani şöbəsinə daxil olub, 1938-ci ildə bu ali təhsil ocağının Coğrafiya fakültəsinin qiyabi şöbəsini bitirib. Həmin ilin axırlarından İlyas Əfəndiyev Bakıda "Yeni yol", "Kommunist" və "Ədəbiyyat qəzeti" redaksiyalarında işləyib. Onun ilk mətbu əsəri olan "Buruqlar arasında" oçerki 1938-ci ilin noyabrında, eləcə də "Berlində bir gecə" adlı ilk hekayəsi "Ədəbiyyat qəzeti"nin 1939-cu il 26 yanvar tarixli nömrəsində dərc olunub.
İlyas Əfəndiyevin 1939-cu ildə nəşr edilmiş "Kənddən məktublar" kitabı onu oxuculara tanıtdırıb. Yazıçının ilk hekayələr kitabı onun orijinal fərdi ifadə tərzinin göstəricisi, daha sonra qələmə aldığı "Aydınlıq gecələr" isə müəllifin ədəbi-estetik görüşlərinin əsası kimi o dövrün ədəbi prosesinin maraqlı nümunələridir.
O, 1943-cü ildə Mehdi Hüseynlə birlikdə ilk dram əsəri olan "İntizar" pyesini yazıb və bununla da yazıçının Azərbaycan milli teatrı ilə 50 ildən çox davam etmiş sıx yaradıcılıq əməkdaşlığının əsası qoyulub. Ötən əsrin 40-cı illərinin sonunda o, artıq özünü nasir və dramaturq kimi tanıdıb, əsərləri haqqında mətbuatda yazılar dərc olunub.
İlyas Əfəndiyevin bir gənc kimi yetişməsində, mütaliəyə, ədəbiyyata, elmə böyük maraq göstərməsində, hər şeydən əvvəl ailə tərbiyəsinin çox mühüm təsiri olub. Həmçinin onun oxuduğu və dərs dediyi məktəbin kollektivi, boya-başa çatdığı bölgənin ictimai-mədəni mühiti, gənclik illərində böyük həvəslə mütaliə etdiyi "Qızıl Araz" adlı rayon qəzeti, işlədiyi mətbuat orqanları, Bakı ədəbi mühiti onun yaradıcılığına çox böyük təsir göstərib. Habelə Azərbaycan Dövlət Radio Komitəsində, Bakı kinostudiyasında, "Azərnəşr"də çalışarkən ədəbi ictimaiyyətlə bilavasitə təmasda olub, dünyagörüşünü daim artırıb.
İlyas Əfəndiyev çoxşaxəli yaradıcılıq yolu keçmiş sənətkarlardandır. Əgər biz onun həyat və yaradıcılıq yolunun hər hansı ilini, yaxud qısa bir dövrünü xronoloji ardıcıllıqla izləsək, maraqlı mənzərənin şahidi olarıq. Yazıçı eyni dövr ərzində hekayələr yazmaqla yanaşı, istedadlı dramaturq kimi də fəaliyyət göstərib, irihəcmli roman və povestlərlə bərabər, oçerk və məqalələr də ərsəyə gətirmiş, konfrans və qurultaylarda məruzələrlə çıxış edib. Yazıçı ədəbiyyatın bütün janrlarında kamil sənət nümunələri yaradıb ki, bu da onun sənət palitrasının müxtəlif çalarlarından, dünyagörüşünün genişliyi və yaradıcılıq intellektindən xəbər verir.
XX əsr Azərbaycan ədəbiyyatının əvəzolunmaz simalarından biri kimi tarixə düşmüş İlyas Əfəndiyevin zəngin nəsrinə "Söyüdlü arx", "Körpüsalanlar", "Dağlar arxasında üç dost", "Sarıköynəklə Valehin nağılı", "Geriyə baxma, qoca", "Üçatılan" və digər roman və povestləri, dramaturgiyasına "İşıqlı yollar", "Bahar suları", "Atayevlər ailəsi", "Sən həmişə mənimləsən", "Mənim günahım", "Unuda bilmirəm", "Məhv olmuş gündəliklər", "Qəribə oğlan", "Mahnı dağlarda qaldı", "Bağlardan gələn səs" və s. daxildir. O, pyesləri ilə teatr sənətimizdə yeni bir mərhələ açıb. Ədibin qəhrəmanları ülvi məqsədləri, mübarizliyi, xarakterlərinin bütövlüyü, yaşadığı hisslərin, duyğuların təbiiliyi ilə yaddaşlara həkk olunub. Qətiyyətlə deyə bilərik ki, 60-cı illərdə səhnəyə gələn gənclərin püxtələşməsində İlyas Əfəndiyevin zəngin dramaturgiyasının böyük rolu var. Ədibin pyesləri öz fikir zənginliyi, qaldırılan problemlər ilə həmişə tamaşaçıda maraq oyadır. Onun əsərlərinin ekranlara yol açması da bu baxımdan qaçılmaz idi.
Azərbaycan teatr poetikası bədii-estetik dəyərini geniş mənada "İlyas Əfəndiyev teatrı"nda tapıb. Ədib özünün "Mahnı dağlarda qaldı", "Xurşidbanu Natəvan", "Şeyx Məhəmməd Xiyabani", "Hökmdar və qızı" və digər tarixi dramları ilə xalqımızın milli azadlığı və müstəqilliyi uğrunda apardığı mübarizənin, istiqlal məfkurəsinin, azadlıq hərəkatının, milli birliyin və müstəqilliyin bədii tərənnümçüsünə çevrilib.
Altmış ildən çox yaradıcılıq yolu keçmiş görkəmli sənətkar 90-cı illərdə də məhsuldar bir yazıçı kimi yazıb-yaradıb, sovet rejimi illərində, partiya qadağaları dövründə deyə və yaza bilmədiyi bir sıra mövzuları yeni zamanın kontekstində oxuculara təqdim edib. O, "Hacı Axundun cənnət bağı necə oldu" hekayəsini, "Xan qızı Gülsənubərlə tarzən Sadıqcanın nağılı" povestini dərc etdirib, "Tənha iydə ağacı", "Dəlilər və ağıllılar" "Hökmdar və qızı" və digər pyeslərini tamaşaya qoydurub, bir sıra yeni kitablarını nəşr etdirib.
Azərbaycan ədəbiyyatında heç bir dramaturq İlyas Əfəndiyev qədər teatrla uzunmüddətli fəal yaradıcılıq əlaqəsi qurmayıb. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında yazıçının bütün pyeslərinə səhnə həyatı verilib.
1990-cı ildə İstanbul və Ankara səhnələrində "Bizim qəribə taleyimiz" və "Sevgililərin cəhənnəmdə vüsalı" müvəffəqiyyətlə oynanılıb, bu əsərlər haqqında Türkiyə mətbuatı onlarla məqalə dərc edib.
Xalqın tarixən qarşılaşdığı taleyüklü hadisələrdə ən mühüm siyasi və mənəvi dəyərlərin, qalibiyyət və faciənin böyük vətəndaşlıq yanğısı ilə bədii təhlilini İlyas Əfəndiyevin müraciət etdiyi ədəbi janrların hər birində görmək olar. Epik və dramatik növlərin daxili poetik gücünü eyni ustalıqla üzə çıxaran yazıçı oxucunu tarixi dinləməyə, xatırlamağa və düşünməyə vadar edir. Onun "Geriyə baxma, qoca", "Üçatılan", "Natəvan", "Hökmdar və qızı" kimi əsərləri yazıçının tarixi mövzunu işləməkdə əsas bədii-estetik məqsədini bəyan edir: xalq öz tarixi dəyərləri ilə güclü və yenilməzdir. Bu mənada İlyas Əfəndiyevin yaradıcılığı yeni dövr Azərbaycan tarixinin bədii salnaməsidir.
Yaradıcılığı boyu hakim ideologiyanı tərənnüm etməyən ədib o dövrdə ədəbiyyatda yasaq olan Cənubi Azərbaycan və mühacirət mövzularında əsərlər yazıb, "Tənha iydə ağacı" pyesi ilə ilk dəfə mühacirət mövzusunu ədəbiyyata gətirib.
Sənətkarın yaradıcılığında Qarabağ mövzusu da əsas yer tutub. O, namərd qonşularımızın ötən əsrin 90-cı illərindən başlayan xəyanətkarlıqlarını, işğalçılıq hərəkətlərini dərin narahatlıq, vətəndaş yanğısı ilə izləyib, əsərlərində Qarabağın qədim tarixini əks etdirib.
Həyat hadisələrini bütün incəliklərinə qədər tərənnüm edən, onları dərin bədii təhlil süzgəcindən keçirib ümumiləşdirən, səlis, təbii dillə oxuculara çatdıran İlyas Əfəndiyev həm də şairanə ruha, poetik ifadə tərzinə malik sənətkardır. Onun yazıçı dili və bədii üslubu ədəbiyyatımızda yeni bir ədəbi məktəb səviyyəsinə yüksəlib.
İlyas Əfəndiyevin əsərlərinin dilinin səlisliyi, süjet xəttinin axıcılığı insanı əsəri bir nəfəsə oxumağa sövq edir.
Əsərlərinin əksəriyyətini sovet dövründə yazmış İlyas Əfəndiyev sadə insanların həyatını, onların məhəbbətini, arzu və istəklərini böyük ustalıqla qələmə alıb. Buna görə də onun əsərləri indi də coğrafi sərhədləri adlayaraq, yeni-yeni oxucu auditoriyalarının sevgisini qazanmaqdadır.
Zəngin yaradıcılıq yolu keçmiş böyük sənətkar İlyas Əfəndiyev 1996-cı il oktyabrın 3-də Bakı şəhərində dünyasını dəyişib və Fəxri xiyabanda dəfn olunub.
Ədəbiyyatımızın və teatrımızın inkişafında özünəməxsus yeri olan İlyas Əfəndiyevin yaradıcılığı dövlətimiz tərəfindən daim yüksək qiymətləndirilir. Hələ Ümummilli Lider Heydər Əliyevin müvafiq Sərəncamı ilə İlyas Əfəndiyevin anadan olmasının 80 illik yubileyi dövlət səviyyəsində qeyd olunub.
Görkəmli sənətkarın vəfatından sonra onun xatirəsi əbədiləşdirilib, İçərişəhərdəki küçələrdən birinə və nüfuzlu "Elitar" Gimnaziyaya İlyas Əfəndiyevin adı verilib.
Ulu Öndərin müvafiq Sərəncamı ilə İlyas Əfəndiyevin "Seçilmiş əsərləri"nin yeddi, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə üçcildliyi nəşr edilib. Ədibin yaradıcılığı haqqında monoqrafiyalar, doktorluq, namizədlik dissertasiyaları yazılıb.
Böyük sənətkarın yaradıcılığına göstərilən diqqəti davam etdirən Prezident İlham Əliyevin Sərəncamı ilə İlyas Əfəndiyevin 90 illik yubileyi geniş şəkildə qeyd olunub.
Dövlətimizin başçısının "İlyas Əfəndiyevin 100 illik yubileyinin keçirilməsi haqqında" 2014-cü il 16 yanvar tarixli Sərəncamı ilə Bakıda və rayonlarda görkəmli nasir və dramaturqun yubileyinə həsr olunmuş silsilə tədbirlər keçirilib.
Yazıçının əsərləri bəşəri mövzulara həsr olunduğu üçün rus, türk və digər dillərə tərcümə olunub, Avropanın nüfuzlu teatrlarında səhnəyə qoyulub. Onun anadan olmasının 100 illiyi UNESCO-da təntənəli şəkildə qeyd edilib.
Əsərlərinin bədii-fəlsəfi fikir dərinliyi, yüksək mənəvi-əxlaqi dəyərlərə malik qəhrəmanları ilə İlyas Əfəndiyev Azərbaycanın ədəbi və mədəni mühitində həmişəyaşar olacaq.