Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ekspert: 2020-ci ildə icbari tibbi sığortanı mərhələli tətbiq etmək daha doğru addım olardı

Ekspert: 2020-ci ildə icbari tibbi sığortanı mərhələli tətbiq etmək daha doğru addım olardı

Tarix: 25 Noyabr 2019 16:33

Bakı. İlhamə İsabalayeva - Trend:

“Tibbi sığorta haqqında" qanuna təklif edilən əsas dəyişikliklərdən biri 2020-ci ildə icbari tibbi sığortanın ölkə üzrə mərhələli şəkildə tətbiq edilməsidir. Təklif olunur ki, gələn ilin sonuna qədər icbari tibbi sığorta bütün ölkəni əhatə eləsin.

Bunu Trend-ə İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin rəhbəri, iqtisadçı ekspert Azər Mehtiyev deyib.

Onun sözlərinə görə, Milli Məclisin Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov da icbari tibbi sığortanın ölkə üzrə tətbiqinin il ərzində həyata keçirilməsini doğru addım kimi qiymətləndirib: "Mənə elə gəlir ki, bu, uzun çəkməyən proses olacaq. Bunun üçün bir il ərzində ölkədə icbari tibbi sığortaya daxil olan bütün tibbi müəssisələri insanlara yüksək keyfiyyətli tibbi xidmət göstərmək üçün hazır olmalıdır".

A.Mehtiyev qeyd edib ki, bundan əvvəl bir sıra ekspertlər də icbari tibbi sığortaya keçidin mərhələli tətbiqinin tərəfdarı olduğunu bildiriblər. Bunu bir çox dövlət tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsinə ehtiyacın olması ilə əlaqələndirirlər.

Mərkəz rəhbəri də bir sıra riskləri nəzərə alaraq ölkədə bu sistemin mərhələli şəkildə tətbiq edilməsini məqsədəuyğun hesab edir:

“İcbari tibbi sığortadan əhalinin gözləntiləri olduqca çox böyükdür. Prosesdə hər hansı bir uğursuzluq islahatlar prosesinə ciddi zərbə vura bilər. Bu səbəbdən mən təklif edərdim ki, 2020-ci ildə icbari tibbi sığortanı ölkə üzrə tətbiqi bölgələr üzrə olsun".

A.Mehtiyevin sözlərinə görə, bəzi tibb müəssisələrini birləşdirərək xəstəxana şəbəkəsinin optimallaşdırılması islahatların həyata keçirilməsini asanlaşdıra bilər:

“Sovetlərdən qalma inzibati rayonlaşma islahatlar üçün ciddi problemdir. Azərbaycanda səhiyyə müəssisələrinin və işçilərinin sayında optimallaşdırma vacibdir”.

Ekspert əlavə edib ki, Azərbaycanda icbari tibbi sığortanın pilot layihə kimi tətbiqini iki rayonda deyil, bir bölgədən başlamaq məqsədəuyğundur:

“İcbari tibbi sığortanı hər hansı bir bölgədə tətbiq etmək daha rahat olardı. Məsələn Şimal, Qərb və yaxud Cənub bölgəsindən bunu başlamaq çox rahat olardı”.

Qeyd edək ki, Milli Məclisin Səhiyyə və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında qanun layihəsi birinci oxunuşdan parlamentin plenar iclasına tövsiyə edilib.

“Tibbi sığorta haqqında" Qanuna sonuncu dəfə dəyişiklik ötən ilin dekabr ayında edilib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Ekspert 2020 ildə icbari tibbi sığortanı mərhələli tətbiq etmək daha doğru addım olardı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ