Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kərə yağının qiymətində kəskin artım: Səbəb nədir?

Kərə yağının qiymətində kəskin artım: Səbəb nədir?

Tarix: 4 Avqust 2024 08:20

Ölkəmizdə satılan kərə yağlarının qiyməti artıb. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, yanvar ayında yerli kərə yağının bir kiloqramının orta aylıq pərakəndə satış qiyməti 18,91 manat idisə, may ayında bu rəqəm 19,36 manata çatıb.

Beləliklə, may ayında ilin əvvəli ilə müqayisədə yerli kərə yağının qiyməti 2,3 faiz bahalaşıb. Kərə yağının bahalaşmasına səbəb nədir?

"Kaspi" qəzeti növbəti məqaləsində bu suala cavab axtarıb.

İdxaldan asılılıq

Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü Azər Badamov kərə yağının qiymətinin artmasını dünyada baş verən proseslərlə əlaqələndirib:

"Kərə yağının bahalaşması idxal olunan yağların və yağ xammalının dünya bazarında qiymətlərinin artması ilə bağlıdır. Ümumiyyətlə, dünyada kərə yağlarının istehsalında azalma müşahidə olunur. Bu azalma iqlim dəyişiklikləri və dünya iqtisadiyyatında yaşanan çətinliklərlə bağlıdır. İdxal olunan malların qiymətləri dünya bazarlarındakı qiymətlərdən asılıdır".

Qiymətləri bazar müəyyənləşdirir

A.Badamov bildirib ki, yerli istehsalı inkişaf etdirmək lazımdır:

"Ölkəmizdə kərə yağının istehsalı isə aşağı həddədir. Çünki maldarlıq təsərrüfatlarımız kifayət qədər inkişaf etməyib. Bu baxımdan, dövlətin qarşısında dayanan vəzifələrdən biri də ölkədaxili tələbatın ödənilməsində idxaldan asılılığı minimuma endirməkdir. Kərə yağı və digər kənd təsərrüfatı məhsullarının qiymətlərinin artmaması üçün mütləq şəkildə daxili istehsalımızı artıra biləcək addımların atılması vacibdir. Unutmayaq ki, bazar iqtisadiyyatıdır. Qiymətləri dövlət yox, bazar müəyyənləşdirir. Dövlət kərə yağının qiymətinin artmasına və ya azalmasına təsir göstərə bilməz".

İşğaldan azad olunmuş ərazilər bizi xilas edəcək

Deputat perspektivdə gözləntilərin pozitiv olduğunu bildirib:

"Çünki işğaldan azad olunmuş ərazilərdə yeni aqroparklar salınır. Bu da yeni ətlik və südlük təsərrüfatların inkişaf etdirilməsinə imkan yaradacaq. Əgər biz işğaldan azad olunmuş əraziləri konsolidasiya olunmuş təsərrüfatların yaradılmasına yönəltsək və bu təsərrüfatların qarşısında maldarlığın inkişaf etdirilməsi kimi bir tələb qoyularsa, daxili bazarda məhsul bolluğu yaranacaq. Məhsul bolluğunun yaranması da qiymətlərin formalaşmasına təsir göstərir. Çıxış yolu maldarlıq təsərrüfatlarının inkişaf etdirilməsi üçün dövlət dəstəyini genişləndirməklə fermerləri stimullaşdırmaqdan ibarətdir".

"Marketlər qiyməti qaldırır"

Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov isə keyfiyyətli kərə yağınının qiymətinin yüksək olmalı olduğunu düşünür:

"Normal kərə yağı əldə etmək üçün 20 litr orta yağlılıq dərəcəsi olan süd lazımdır. Əslində kərə yağının qiyməti 19-20 manat olmalıdır. Azərbaycan bazarı dünya bazarından asılıdır. Amma qiymətlərin yüksək olmasında marketlərin də rolu var. Onlar qiyməti istədikləri şəkildə qaldıra bilirlər. Bazarımızda qiymətlər razılaşma əsasında təyin olunur. Yerli kərə yağı istehsalımız mövcuddur, lakin daxili bazarımızın tələbatını ödəyə bilmir. Tələbatın yalnız 30 faizini təmin edə bilir. Bu səbəbdən xarici ölkələrdən kərə yağı gətirilir. Yaxşı olardı ki, yerli istehsal daha da inkişaf etdirilsin".

İdxalı artırmalıyıq

E.Hüseynovun fikrincə, kərə yağı idxal etdiyimiz ölkələrin sayını artırsaq, qiymətləri tənzimləmək mümkün olacaq:

"Yeni Zelandiyada Azərbaycana yağ göndərən zavodda, onlara süd verən təsərrüfatlarda oldum. Məlum oldu ki, orada heyvanlar daim otlaqlarda olurlar. Bu səbəbdən onlarda yağ daha ucuz başa gəlir. Həmçinin, Azərbaycana Almaniyadan da yağ göndərilir. Niderland, Peru kimi kənd təsərrüfatı inkişaf etmiş ölkələr mövcuddur. Azad bazar şəraitinin bütün imkanlarından istifadə etmək lazımdır ki, daha çox xarici ölkələrdən yağ idxal olunsun. Belə olarsa, yağın qiymətində azalma baş verə bilər".

Yerli kərə yağı istehsalında sahibkarlığın inkişafının qayğısına qalmalıyıq

İqtisadçı Pərviz Heydərovun sözlərinə görə, daxili xammalla yerli kərə yağı istehsal edə bilmirik:

"Qiymət fərqliliyini ortaya çıxaran məhz idxal faktorudur. Yerli istehsalda da xammal idxal hesabına təmin olunur. Sırf daxili xammal hesabına kərə yağı istehsalı mümkün deyil. Dünyada xammalın da qiymətində artım müşahidə edilir. Ona görə yerli istehsal məhsullarının da qiyməti qalxıb. Heyvandarlığı inkişaf etdirməliyik. Xüsusən süd və yağ istehsalı istiqamətlərinin inkişafına önəm verməliyik. Ölkədə yerli kərə yağı istehsalı sahəsində sahibkarlığın inkişafının qayğısına qalmalı, bu istiqamətə xüsusi diqqət yetirilməlidir. Əks təqdirdə heyvandarlıq sahəsində təkcə kərə yağında deyil, digər məhsullarda da idxaldan asılı olacağıq".


Etiketlər:  Kərə yağının qiymətində kəskin artım Səbəb nədir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ