Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Sentyabr 2024 23:00
Bir müddət əvvəl Qarabağdan erməni sakinlərin guya "məcburi çıxarılması"nı bəyan edən Niderland parlamentinin ardınca bu dəfə ölkə hökuməti Azərbaycana qarşı birmənalı ədalətsiz mövqe nümayiş etdirib.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, Niderland hökumətinin saytında dərc edilmiş xarici siyasət proqramında Qarabağ ələ keçirilmiş region kimi təqdim edilib və "Dağlıq Qarabağ" kimi qeyd edilib.
1988-ci ildə Ermənistandan 300 minə yaxın qərbi azərbaycanlı zorla qovulmasına heç vaxt münasibət bildirməyən Niderlandın dövlət və hökumət rəsmiləri Fransanın ardınca "ermənilərdən daha çox erməni" kimi çıxış edir.
Niyə Azərbaycan əleyhinə belə qərəzli, ədalətsiz bəyanatlar verilir?
Aydındır ki, Niderland hökuməti seçkidə qalib gələn partiyalar tərəfindən formalaşdırılır. Proqramı parlament tərəfindən təsdiq edilən hökumət ona hesabat verməlidir. Bu səbəbdən bu ölkənin hökuməti və Xarici İşlər Nazirliyi Azərbaycanla bağlı məsələlərdə parlamentə nadir hallarda etiraz edir. Onlar deputatların tapşırıqlarını bu və ya digər dərəcədə itaətkar şəkildə yerinə yetirirlər, əksər hallarda öz cavablarında Ermənistan tərəfinin narrativlərinə və iddialarına əsaslanırlar. Maraqlıdır ki, Niderland hökumətinin 13 sentyabrda açıqlanan xarici siyasət proqramında Ermənistanla əlaqələrin gücləndirilməsinə yer ayrılıb. Qeyd olunub ki, iqtisadi cəhətdən inkişaf etmək və regional (nəqliyyat) şəbəkələrinə daha yaxşı qoşulmaq üçün Ermənistan "Global Gateway", Dünya Bankı çərçivəsində olan proqramlar kimi Avropa fondlarından da optimal şəkildə faydalana bilməlidir.
Qəribəsi isə odur ki, sənəddə terrorizmə qarşı mübarizə, beynəlxalq hüququn aliliyindən ağızdolusu bəhs edilir, Rusiya təcavüzkar, İran insan haqlarını pozan, Çin beynəlxalq nizamı ələ almağa çalışan kimi ölkələr kimi təqdim edilir. Görünür, Niderland Boneyra adasında əsrlərlə apardığı müstəmləkəçilik siyasətini unudur. Karib dənizində, Venesuela sahilindən 90 kilometr şimalda yerləşən adanı 400 ilə yaxındır işğalda saxlayan, əhalisinin hüquqlarını pozan Amsterdam qanunun aliliyindən necə danışa bilər?
Bu gün boneyralıların heç bir haqlarını tanımayan Niderlanddan fərqli olaraq Rəsmi Bakı Qarabağdakı erməni əhalinin Azərbaycana inteqrasiyası ilə bağlı dəfələrlə çağırış edib. Lakin Qarabağ erməniləri bu çağırışa qarşılıq verməyərək Ermənistana köçməyi üstün tutublar.
Azərbaycan Fransa və Niderland kimi ölkələrdən fərqli olaraq, həmişə işğalçılığa, müstəmləkəçiliyə qarşı mübarizə aparıb. Bu, rəsmi Bakının bugünkü xarici siyasət kursunun əsas istiqamətlərindəndir. Avropanın sözügedən ölkələri isə reallıqla heç cür barışmaq, Azərbaycanın öz ərazi bütövlüyünü artıq bərpa etdiyini anlamaq istəmir.