Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Dekabr 2019 18:36
Bakı. Elçin Mehdiyev – Trend:
Azərbaycan Milli Məclisi buraxıldıqdan və növbədənbkənar parlament seçkiləri təyin edildikdən sonra yeni parlamentin tərkibi formalaşana qədər Milli Məclis dövlət üçün mühüm əhəmiyyət kəsb edən bir sıra səlahiyyətlərin icrasını davam etdirir.
Milli Məclis buraxıldıqdan sonra hansı səlahiyyətləri özündə saxlaması Azərbaycan Respublikasının Konstitusiyası ilə tənzimlənir.
Konstitusiyanın 111-ci maddəsinə (Hərbi vəziyyət elan edilməsi) əsasən, Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikası ərazisinin müəyyən hissəsi faktik işğal olunduqda, xarici dövlət və ya dövlətlər Azərbaycan Respublikasına müharibə elan etdikdə, Azərbaycan Respublikasına qarşı real silahlı hücum təhlükəsi yarandıqda, Azərbaycan Respublikasının ərazisi blokadaya alındıqda, habelə blokada üçün real təhlükə olduqda Azərbaycan Respublikasının bütün ərazisində və ayrı-ayrı yerlərində hərbi vəziyyət elan edir və bu barədə qəbul etdiyi fərmanı 24 saat müddətində Azərbaycan Respublikası Milli Məclisinin təsdiqinə verir.
Bundan əlavə, Konstitusiyanın 112-ci (Fövqəladə vəziyyət tətbiq edilməsi) maddəsinə əsasən, Azərbaycan Respublikasının Prezidenti təbii fəlakətlər, epidemiyalar, epizootiyalar, böyük ekoloji və başqa qəzalar baş verdikdə, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyünün pozulmasına, dövlətə qarşı qiyama və ya dövlət çevrilişinə yönəldilən hərəkətlər edildikdə, zorakılıqla müşayiət olunan kütləvi iğtişaşlar yarandıqda, vətəndaşların həyatı və təhlükəsizliyi yaxud dövlət təsisatlarının normal fəaliyyəti üçün qorxu törədən digər münaqişələr meydana gəldikdə Azərbaycan Respublikasının ayrı-ayrı yerlərində fövqəladə vəziyyət tətbiq edir və bu barədə qəbul etdiyi fərmanı 24 saat müddətində Azərbaycan Respublikası Milli Məclisinin təsdiqinə verir.
Həmçinin, Konstİtusiyanın 95-ci maddəsinin (Azərbaycan Respublikası Milli Məclisinin həll etdiyi məsələlər) I hissəsinin 16-cı bəndinə əsasən, Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin təyinatı ilə bağlı olmayan vəzifələrin icrasına cəlb edilməsinə Milli Məclis razılıq verir, həmin maddənin I hissəsinin 17-ci bəndinə əsasən isə Azərbaycan Respublikası Prezidentinin müraciətinə əsasən, müharibə elan edilməsinə və sülh bağlanmasına Milli Məclis razılıq verir.
Göründüyü kimi, Milli Məclis buraxıldıqdan sonra qanunvericilik fəaliyyəti ilə əlaqədar olmayan və dövlətin fəaliyyəti üçün həyati əhəmiyyət kəsb edən bəzi səlahiyyətləri özündə saxlayır.
Milli Məclis buraxıldığı zaman hansı səlahiyyətləri özündə saxlaması “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə” Azərbaycan Respublikası Milli Məclisinin 2019-cu il 2 dekabr tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2019-cu il 4 dekabr tarixli qərarında da öz əksini tapıb.
Qərarda qeyd olunur ki, parlament buraxıldıqda qanunvericilik hakimiyyətinin fasiləsiz fəaliyyətinin təmin edilməsi, növbədənkənar parlament seçkilərinin keçirilməsi zamanı parlamentin səlahiyyətlərinin müəyyən dərəcədə saxlanılması zəruridir:
“Azərbaycan Respublikası Milli Məclisinin fəaliyyəti dövlətin, cəmiyyətin və insanların qorunması üçün Azərbaycan Respublikası Prezidentinin hərbi və fövqəladə vəziyyətin elan edilməsi barədə Fərmanlarının təsdiq olunması və s. bu kimi həyati əhəmiyyətli funksiyaların həyata keçirilməsi ilə də bağlıdır. Buna görə həmin funksiyaların icrası ilə bağlı Azərbaycan Respublikası Milli Məclisinin səlahiyyətlərinin parlamentin yeni tərkibi formalaşanadək saxlanılması zəruri hesab edilməlidir.
Eyni zamanda, Azərbaycan Respublikası Milli Məclisinin deputatları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərlə, habelə bir sıra beynəlxalq təşəbbüslərlə bağlı müxtəlif beynəlxalq parlamentlərarası əməkdaşlıq qurumlarının fəaliyyətində iştirak edirlər. Bu səbəbdən parlament buraxıldıqdan sonra da həmin səlahiyyətlərin müvəqqəti saxlanılması zəruri hesab edilir.
Qeyd olunanları nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Azərbaycan Respublikası Milli Məclisinin yeni çağırışı fəaliyyətə başlayanadək müstəsna olaraq Azərbaycan Respublikası Konstitusiyasının 111-ci və 112-ci maddələrində, 95-ci maddəsinin I hissəsinin 16-cı və 17-ci bəndlərində nəzərdə tutulmuş səlahiyyətlərin, habelə beynəlxalq təşkilatlarda təmsilçilik funksiyalarının həyata keçirilməsi üçün V çağırış Azərbaycan Respublikası Milli Məclisinin müvafiq səlahiyyətlərinin saxlanılması zəruridir”.
Qeyd edək ki, noyabrın 28-də parlamentdə çoxluq təşkil edən Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurası Milli Məclisə parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi haqqında müraciət ünvanlayıb və bu məsələ ilə əlaqədar iclasın çağırılmasını xahiş edib.
Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin III hissəsinə görə, Milli Məclisin bu cür məsələləri müzakirə edib qərar qəbul etmək səlahiyyəti var.
Dekabrın 2-də Milli Məclis müraciəti müzakirəyə çıxarıb və “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinə müraciət edilməsi barədə” Qərar qəbul edib. Azərbaycan Respublikasının Prezidenti Milli Məclisin müraciətində göstərilmiş parlamentin buraxılması məsələsinin Konstitusiyaya uyğunluğu ilə bağlı Konstitusiya Məhkəməsinə sorğu göndərib.
Dekabrın 2-də, həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Palatasının növbəti iclasında Milli Məclisin buraxılmasının Konstitusiyaya uyğunluğu barəsində Azərbaycan Prezidentinin sorğusuna baxılaraq, Plenumun icraatına qəbul edilməsi haqqında qərardad çıxarılıb.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun dekabrın 4-də çıxardığı qərara əsasən, “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə” Azərbaycan Respublikası Milli Məclisinin 2019-cu il 2 dekabr tarixli Qərarı Azərbaycan Respublikası Konstitusiyasının 981-ci maddəsinin I hissəsinə uyğun hesab olunub.
“Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə” Azərbaycan Respublikası Milli Məclisinin 2019-cu il 2 dekabr tarixli Qərarı əsasında Azərbaycan Respublikası Milli Məclisinin Azərbaycan Respublikasının Prezidenti tərəfindən buraxılması Azərbaycan Respublikası Konstitusiyasının 981-ci maddəsinə uyğun hesab edilib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin