Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 May 2019 16:06
Bakı. Trend:
31 mart 2019-cu il tarixinə Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 29,846.9 mln. manat, cəmi öhdəlikləri isə 25,533.2 mln. manat təşkil edib.
Bu barədə Trend Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir.
Sektorun balans kapitalı 4,313.7 mln. manat olub.
Mart ayına sektorun aktivlərinin 42.6%-ni kredit portfeli təşkil edir. Ay ərzində kredit portfeli 0.7% (84.5 mln. manat) artaraq 12,714.4 mln. manat təşkil edib. Kredit portfeli cari ilin ilk rübündə 0.7% (86.1 mln. manat) artıb. Artım milli valyutada kreditlər üzrə olub. Belə ki, ay ərzində milli valyutada kreditlər 1.2% (93.2 mln. manat), rüb ərzində isə 2.7% (211.2 mln. manat) artaraq 7,983 mln. manata çatıb.
2019-cu ilin mart ayında fiziki şəxslərin əmanətləri 8,253.5 mln. manat təşkil edib. Mart ayında əmanətlər 1.7% (135 mln. manat) artıb. Ay ərzində fiziki şəxslərin depozit portfelinin artımı müddətli əmanətlər hesabına olub. Mart ayı ərzində fiziki şəxslərin müddətli əmanətləri 2.5% (135.8 mln. manat) artaraq 5,465.8 mln. manat təşkil edib.
Hüquqi şəxslərin depoziti cari ilin ilk rübündə 0.1% (7 mln. manat) artaraq 10,318.5 mln. manata çatıb. Artım müddətli depozitlər hesabınadır. Belə ki, dövr ərzində hüquqi şəxslərin müddətli depozitləri 19.2% (278.1 mln. manat) artıb.
Sektorun balans kapitalı mart ayı ərzində 1.7% (70.9 mln. manat) artaraq 4,313.7 mln. manata çatıb. Bu göstərici cari ilin ilk rübündə 5.9% (241.9 mln. manat) artıb.
Mart ayında bankların əməliyyat mənfəəti 179.1 mln. manat, xalis mənfəəti isə 123.9 mln. manat təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə faiz gəlirləri 12.9%, kreditlər üzrə faiz gəlirləri isə 19.5% artıb.
Fəaliyyət göstərən 30 bankın filiallarının sayı 512, şöbələrinin sayı 129, ATM-lərin sayı 2,535 olub. Bank sektorunun işçi heyətinin sayında artım mart ayında da davam etmişdir. Belə ki, 2019-cu ilin mart ayında işçi sayı 0.4% (66 nəfər) artaraq 17,749 nəfər təşkil edib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin