Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Fevral 2025 16:58
Praqada "Azərbaycan Mədəniyyət Evi"ndə Incomplete Weave (Yarımçıq qalmış naxış) adlı musiqili-instalasiya tamaşası təqdim olundu.
Tamaşanın mərkəzində - yarımçıq qalmış Qarabağ xalçası toxunan dəzgah dururdu. Onun ətrafına səpələnmiş məişət əşyaları, yandırılmış gündəlik, uşaq oyuncaqları... Bütün bunlar bir anlıq donub qalmış kimi idi, sanki buradan tələsik çıxıb getməyə məcbur olmuş bir azərbaycanlı ailəsinin izləri idi.
Praqa Filarmoniyasının alt ifaçısı Elnarə Tağızadə və bəstəkar-pianoçu Ramin Kuliyev alt və piano ilə dərdli bir ağı kimi səslənərkən, ekranda Xocalı faciəsinin nəticələrini əks etdirən sənədli kadrlar dəyişirdi.
Fərqli dövrlərin və mədəniyyətlərin musiqisindən toxunmuş proqram bu tamaşanı kollektiv yaddaşın bir aktına çevirirdi. Səslənən əsərlər: Adagio sostenuto - Ay sonatası, L. van Bethoven, Adagio T. Albinoni, Elegiya F. Əmirov, Şindlerin siyahısı filmindən tema, C. Uilyams, Ballada Ramin Quliyev.
Avropa klassik musiqisi ilə Azərbaycan melodiyalarının vəhdəti, kədər və ümid dolu minor səslənmələr insanlığa qarşı törədilmiş bütün cinayətləri yaddaşlarda canlandırırdı.
Tamaşanın son akkordu olan Ramin Quliyevin Balladası nəsillərin kədərini birləşdirən ahəngə çevrildi. Bu musiqidə təkcə hüzn yox, həm də heç vaxt sönməyəcək bir yaddaş var idi - elə bir yaddaş ki, faciələrin təkrarlanmasına imkan vermir.
Son notlar səssizliyə qarışdıqda, sanki zaman dayanmışdı. Bu, sadəcə bir səhnə əsəri deyildi - bu, tarixlə fərdi təmas anı idi.
Tədbirin qonaqları arasında Azərbaycan diasporasının nümayəndələri, eləcə də Praqada yaşayan müxtəlif millətlərin təmsilçiləri - çexlər, türklər, qazaxlar, ukraynalılar və moldovanlar var idi. Tamaşadan sonra Azərbaycan Respublikasının Çexiyadakı Fövqəladə və Səlahiyyətli Səfiri Yaşar Əliyev çıxış edərək tədbirin əhəmiyyətini vurğuladı.
Qeyd etmək lazımdır ki, tamaşada istifadə olunan xalçalar və Qarabağ xalçası toxunan dəzgah "İki gözəlliyin harmoniyası: Azərbaycan xalçası və Çex kristalı" adlı sərginin eksponatlarıdır. Bu sərgi "Azerkhalcha" və Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə təşkil olunub.
Bu instalyasiya ideyasının müəllifi Leyla Bəgim vurğulayıb ki, məhz həmin toxucu dəzgah onun ilham mənbəyi olub - çünki o, təkcə yarımçıq qalmış taleləri deyil, həm də heç vaxt qırılmamalı olan yaddaş ipini simvolizə edir.
Sizə bu tamaşadan Ramin Quliyevin final kompozisiyasının səsləndiyi bir parçanı təqdim edirik.