Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Mart 2025 17:34
Milli Məclisin 70 saylı Neftçala seçki dairəsindən deputatı Tənzilə Rüstəmxanlı Modern.az-ın redaksiyasında qonaq olub.
Tənzilə söhbət əsnasında ictimai həyatından, qadınların siyasətdəki rolundan, ailə institutundan, eyni zamanda həyat yoldaşı - Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı ilə münasibətindən danışıb.
- Tənzilə xanım, kənardan baxanda çox güclü qadına bənzəyirsiniz. Bu gücü haradan alırsınız?
- Mən həqiqətən də güclü qadınam, çünki çox mübariz, acılar yaşayan ailədən gəlmişəm. Nənəm türkiyəli olub, atamın atasının nənəmə görə çox başı ağrıyıb, həbs ediblər, sürgünə göndəriblər. Nənəm üç uşaqla təkbaşına qalıb. Mən bir az da Şahnisə nənəmə oxşayıram. Nənəm o bölgədə Kommunist partiyasının ilk üzvlərindən olub. Türk qızı o partiyaya üzv olub ki, ailəsini qorusun. İkinci Dünya müharibəsində əlində qamçı, atın belində kəndi idarə edib. Atam da bizi çox güclü böyütdü, mən əsasən ondan tərbiyə almışam. Atamın bizə əsas iki nəsihəti olub. Birincisi oxumaq, həmişə deyirdi ki, qızlarımın diplomu onun cehizidir; ikincisi mübariz olmaq.
Ailəmiz həm də zəhmətkeş olub, atam gedərdi meşəyə odun qırmağa. Yadımdadır, yoğun ağacları daşımağa atama kömək edirdik, hamımız əməyə öyrəşmişdik. Bizdə iş bölgüsü yox idi, hamı iş görürdü. Nənəm Şahnisə sərt qaydaları olan bir qadın idi. Bir dəfə qoymurdu ki, biz şikayət edək. Yadımdadır, ortancıl qardaşım qonşu uşaqlarına döyülüb evə gəlmişdi deyə, nənəm onu qamçı ilə vurdu, dedi ki, ac qalacaqsan bu gecə, sənə yemək yoxdur. Mən də onda öyrəndim ki, güclü olmasam, məni də döyəcəklər.
Sonra oxudum, işlədim. Həmişə istədim ki, birinci olum. Heç vaxt razı olmazdım ki, mənə "sən bu işi bacarmadın" desinlər. Bir də bəlanın üstünə gedənəm. Sabir bəy həmişə deyir ki, sən bəlaya gəl-gəl deyənsən. Çünki özümə söz vermişəm, dünya dağılsa da, şantaja, təhdidə boyun əymərəm. Heç vaxt. Çünki o səni sənlikdən çıxarar. Ona boyun əydinsə, səni qaranlığa sürükləyər. Bir Nazim Quliyev var idi - Azərbaycanın bəlası. Ondan hamı qaçırdı, amma mən onunla uğraşdım. Çünki özümə arxayınam. İnsan başqalarına nələr yaşadırsa, hamısını özü yaşayır. Mən həyatımda iki dəfə haqsızlıq etmişəm, ikisi də vaxt keçəndən sonra öz başıma gəlib. O haqsızlığın üstündə nə qədər yaxşılıq etsəm də, yenə də onu yaşamışam.
Gücümü əsas da Sabir bəydən götürün. Sabir Rüstəmxanlının xanımı olmaq qolay məsələdir? Yer üzünün ən çapkın adamıdır... (gülür) Sabir bəylə evlənəndə atam mənə dedi ki, ay qız, sən hara gedirsən, bunun bütün ətrafı qadınla doludur. Dedim olsun, o qadınların öhdəsindən mən gələcəm.
- Öhdələrindən gələ bildinizmi?
- Görməzdən gəldim. Sabir Rüstəmxanlı ona gələn sevgi məktublarını orada-burada gizlədirdi.
Getdim arxivindən tapdım. Şairdir də, sevəcək, özü də şöhrətinin zirvəsində olan vaxtlar idi. 30-35 il bundan əvvəli danışıram sizə. Bir gün açdım, gördüm, ilahi, necə gözəl sevgi məktubları var. Lənkərandan bir qız yazmışdı, o məktubu oxuyanda ağladım. Dedim ki, ay Allah, bədii təfəkkürünə bax bunun, Sabir bəyi nə gözəl sevir, o məktublara baxanda qıza yazığım gəldi. Gözəl sevmək lazımdır, indiki gənclər elə sevə bilmir. İndiki sevgiləri əxlaqsızlıq ediblər. O məktubları götürdüm, Qənirə Bəyzadəni çağırdım, dedim sən yaxşı jurnalistsən, həm də alimsən. Gəl bu məktubları toplayaq, buna gözəl bədii don ver, məktubu yazanların adın verməmək şərti ilə kitab kimi çap edək. Sabir bəyin qarşıdan 50 illiyi gəlirdi, o kitabı həmin gün ona hədiyyə verdim. Şoka düşmüşdü, rəng alıb - rəng verirdi. Dedim ki, Sabir bəy, nə vaxta qədər gizlədəcəkdin bunu, sənin yaşanmış həyatın var, bu millət səni sevir, sevgisi olan qadın da olacaqdı. Yazıq deyilmi bu məktublara. O qədər gözəl məktublar idi ki, heyfim gəldi. Sonradan 100 dənə sevgi məktublarına aid kitabları çıxdı.
- Sabir müəllim yaradıcı insandır və deyilənə görə belə insanlarla yola getmək çətin olur. Həqiqətən də belədirmi?
- Soruşmazdım heç haradasan. Anam mənə bir dəfə dedi ki, şair, sənət adamları ata, ailə başçısı olanda özünəməxsus olur. Sabir bəy, ağır elin adamıdır, böyük nəsildən gəlir, mütəfəkkirdir, milli məfkurə daşıyıcısıdır. Millətimin dəyəridir. Bu adama heç bir iş gördürmək, heç bir problemi demək olmaz. Bu adam elə otursun yazsın-pozsun. Biz ona ailədə belə baxmışıq. Uşaqlarıma da bunu bir qayda olaraq öyrətmişdim ki, Sabir bəy içəri girəndə ayağa durmaq lazımdır. Hərəniz bir işin görün - biriniz pencəyini, biriniz ayaqqabısını götürün, çantasını alın. Hələ mən bir dəfə Sabir bəyi adı ilə çağırmamışam, utanmışam. O, gözümdə bu qədər dəyərli, qiymətlidir. Türklər yaxşı deyib, kişini qadın rəzil də edər, vəzir də, yaradıcı adamlarda bu ikiqatdır. Sabir bəy bir də görürsən çıxıb gedir, 3-4 gündür yoxdur. Narahat qalıram, ona zəng edirəm, buna zəng edirəm ki, haradadır? Məlum olur ki, yaradıcılıq evinə gedib, mənə deməyə heç ehtiyac duymayıb və yaxud çıxıb gedib rayona. Zəng etmişəm ki, ay Sabir bəy, haradasan, bəs saat 12-dir, gəlmirsən? Deyib ki, mən rayondayam. Deyirəm onu gedəndən sonra demək lazımdır? Niyə əvvəlcədən demirsən, səni bu qədər pis mən öyrətmişəm. Mən ona demişəm, get savaşını ver, arxadan rahat ol, bu evin başında sənin xanımın durub.
Ana kimi isə hökmlüyəm, başqa cür də ola bilməz. Oğlumun 37 yaşı oldu, o içdiyi çayı da mənimlə məsləhətləşir, amma ömründə oğlumun ailəsinə qarışmamışam. Çətindir bu zamanda ailə saxlamaq. Oğlumun ən böyük səhvi anası kimi qadın axtarmaq oldu. Mən həmişə düşünmüşəm ki, qadın nə qədər güclü olursa, ailədə güclü övlad böyüdəcək. Bir də qadının savadı çox önəmlidir, amma bunun yanında əmək olmasa, o bilgi, savad heç nəyə yaramaz.
- Sabir müəllim son seçkilərdə qeyd etmişdi ki, ailədə kimin namizədliyini verməyi müzakirə edəcəyik. Maraqlıdır, bundan əvvəlki seçkilərdə də hansınızın namizəd olması ilə bağlı müzakirələriniz olubmu?
- Danışırdıq, 2005-ci ildə mən Nəsimi rayonundan namizədliyimi irəli sürdüm, yaxşı kampaniya da aparırdıq. Sabir bəy də həmin il Yardımlıdan namizəd idi, dedilər olmaz. Mən namizədliyimi geri çəkdim. Sonrakı vaxtlarda mən namizədliyimi vermədim, Sabir bəy iştirak etdi. Sonuncu növbədənkənar çağırışda mənim namizəd olmağımı Sabir bəy istədi, təklifi o verdi. Dedi ki, mən bu il seçkiyə getməyəcəm, partiyadan sənin namizədliyini verəcəm. Sabir bəy çox böyük adamdır, onun gözündə məqam-mövqe boş şeydir. Bir adam ki, nazirliyindən istefa verib getsin. Cavanlıqdan şöhrəti görən adamdır. Onun cəsarəti məndə yoxdur. "Gəncə qapısı", "Cavad xan", "Sağ ol ana dilim", "Ömür kitabı"nı yazmaq nə qədər cəsarət tələb edirdi. Bu baxımdan çox rahat adamdır, heç vaxt özünü düşünməyib. Mənim ona o qədər ürəyim ağrıyıb ki... Ən çox onu cahil sürüsü, qaragüruh ilə üz-üzə qalanda, tanımadan-bilmədən dəyər-qiymət verən insanları görmək üzüb məni. Bunlar Sabir bəyin üzündə qırışlar, içində çatlar yaradıb. Bir şeiri var Sabir bəyin:
Şərə meydan açan bir söz üstündə,
Könlü şüşələnmiş bir qız üstündə,
Heysiyət üstündə, namus üstündə,
Bu millət ölməyi bacarır hələ.
Nə olsun arada nadanı artıb,
Kişi geyimində qadını artıb,
Südünün mayası çürüyüb bir az,
Düşmən torpağına yeriyib bir az,
Özgə zurnasını çalanı çoxdur,
Sözünün yaltağı yalanı çoxdur,
Nəfsini çaşdırıb əyri tərəzi,
Ruhunu kiçildib tayfa mərəzi
Nə olsun zəmi də alaksız olmur,
Çinar da yarasız,calaqsız olmur
Alıb kölgəsinə tikanlıqları,
Vüqar heykəli tək ucalır hələ,
Elə daşa dönüb öz kökü üstə,
Bu millət ölməyi bacarır hələ.
Bir bənddə görün nə böyük şeylər var.
- Tənzilə xanım, Sabir müəllimə qarşı da hökmünüzdən istifadə edirsiniz?
- Sabir bəyə hökm işləməz axı. O, bir dəfə dedi ki, əgər bir də məndən "haradasan?" soruşsan, ayağımın tozunu da bu qapıda görməyəcəksən. Mən də o gündən sonra dərsimi almışam. Sabir bəyi gözümdə başqa yerə qoymuşam. Başqası olsa, cavabın vermək olar, amma Sabir bəyə yox.
- Siz deputat seçildikdən sonra Vətəndaş Həmrəyliyi Partiyasının da rəhbərliyinə keçəcəyiniz müzakirə olunan mövzulardan idi. Bu fikir sizin üçün də gündəmdədir? Biz sizi qadın partiya sədri kimi görə biləcəyik?
- Yox. Bizim aramızda belə müzakirə olmayıb. Mən tamamilə bunun əleyhinəyəm. Allah ona uzun ömür versin, elə partiyanın başında özü dursun. YAP-dan sonra Azərbaycanda ən yaxşı təşkilatlanmış siyasi qurum Vətəndaş Həmrəyliyi Partiyasıdır ki, onun da öhdəsindən Sabir bəy gəlir. Sabir bəy həmişə orada olsun, biz də partiyanın üç millət vəkili kimi fəaliyyət göstərək.
- Sabir müəllim bizə müsahibəsində bu suala zarafatla belə cavab verib demişdi: "Tənzilə mənim katibəm olsun, bəsidir".
- Mən onun katibəliyini də etmişəm, bəzən görmüşəm şeirlərini səhv deyir, tez yerimdən qalxıb kömək etmişəm. O mənim üçün ən böyük şərəfdir. Seçkidə mən onun təcrübəsini gördüm - elə siyasi gedişlər etdi ki, bunu bacarmazdım. O, çox təcrübəli və səbirli adamdır. Adamları necə idarə edir, necə yola verir... Mən bu konularda bir az radikalam. Sabir bəy deyir ki, niyə sən insanları görmək istədiyin kimi görürsən, onlar elə deyil axı. Allah ona çox uzun ömür versin, mənim hələ ona çox ehtiyacım var.
- Parlamentdə təmsil olunan 26 qadın deputatdan birisiniz. Qadınların siyasətdə fəaliyyətini necə qiymətləndirirsiniz? Yetəri qədər aktivdirlərmi, burada mövzu tək deputatlardan getmir, ölkənin bütün siyasi qurum, təşkilatında qadınların sayı azdır, bunun səbəbini nədə görürsünüz?
- Qadınlar siyasətə girməyə ehtiyat edir, qorxurlar. O qədər böyük əngəllərlə qarşılaşırlar ki. Bizdə qadının qadınlığı yaşına baxmadan ona silah olur.
Mənim millətimdə qadın çox müqəddəsdir, həyat yoldaşı qədər hökmlüdür, kişi qadının namusuna söz atmaz. İllərdir Avropa öz dəyərlərini bura gətirmək üçün işlədiyi projelərin nəticəsində doğulan nəsil var ki, mən onları tanımaq istəmirəm. Hansı ki, onlar siyasətə girmək istəyən qadınları təhqir edirlər. Bunlar hamısı fars əxlaqdır, türklərdə belə şeylər olmayıb. İndi də qadınlar siyasətə buna görə girməkdən qorxur. O çirkabı, iftiranı götürə bilən var, bilməyən var. Zərrə qədər həqiqət payı olsa deyərsən ki, düz deyir, amma elə deyil və Azərbaycandakı qədər çirkab heç yerdə yoxdur. Bu gün sosial mediada nələrə rast gəlmirsən, adam o sözləri heç təklikdə olanda deyə bilmir.
- Qadınlarla bağlı son illərdə çox müzakirə olunan məsələlərdən biri də boşanmalardır. Çoxları boşanmağın əsas səbəbi kimi qadınları görür. Müşahidələr də onu deməyə əsas verir ki, məhkəməyə müraciət edən şikayətçilərin də əksəriyyəti qadınlardır. Siz bu mövzuda qadınları günahlandırısınızmı?
- Çoxu qadınlardır, çünki cana doyurlar. Hərə öz missiyasını yerinə yetirməlidir. Əvvəlki dövr getdi - indi heç kimi görücü üsulu ilə evləndirmək mümkün deyil. Elə olsaydı oğluma da, qızıma da 100 namizəd tapmışdım. Valideyn kimi bizim işimiz övladımızın seçiminə sayğı duymaqdır. Bir az da günah bizdədir, onları o qədər rahatlığa öyrəşdirmişik ki, çətinliyə dözə bilmirlər, hər şeyin hazırını istəyirlər. İlk çətinlikdə də boşanmağa gedirlər. Mən hər adi şeyə görə boşanmağın əleyhinəyəm. Qadın gərək yerini bilsin, kişi də gərək ailənin başında dura bilsin. Nə yazıq ki, 21-ci əsrdə olsaq da, hələ də qadına zorakılıq üst səviyyədədir, ata-ana övladlarının həyatına çox qarışır. Bəzən də boş şey üstündə ailə dağılır. Analıq duyğusu çox şeyi həll etməlidir. Qızlarımız bir az dözümlü, səbrli olmalıdır. Boşanma o zaman olmalıdır ki, səhvlər bağışlanmaz olsun. Məsələn, narkotikdən istifadə, pis yolun yolçusu olmaq və yaxud da şiddət. Səbəbi nə olursa olsun, qadına şiddət olmamalıdır. O həddə gəlmisənsə, boşan. Bəzən boşanmadıqca, ölümlə nəticələnən hadisələr baş verir.
- Boşanmaların bir səbəbi də ailə institutunun, dəyərlərin zəifləməsində görülür. Sizcə, yüz illərdir gələn bu ənənələr özünü hələ də doğrulda bilirmi?
- Bu Avropadan Azərbaycana ailə ənənəsini dağıtmaq üçün gətirilən fikirlərdir. Türkiyəyə baxın, nə günə qaldılar. Mən bu fikrin qətiyyən əleyhinəyəm. O dəyərlər moda oldu ki, kəbinsiz, nikahsız ailələr qurulsun. Bəlkə də ən yaxşısı odur, amma bu millət ona hazır deyil. Çünki sabah nəsə olsa, o qadının da, o evlilikdən doğulan uşağın da qarantı, hüququ olmur. Xəbərlərdə də oxuyuram ki, insanlar alimentə görə boşanır. Namusu olan kişi ailəsini namərdə möhtac etməz. Əgər edirsə, demək o da bir çox şeylərini itirib.
- Görünən odur ki, Sabir müəllimlə sizin aranızdakı bağ güclüdür. Sabir müəllim bu yaşda nişan üzüyü taxır, maşının nömrəsi ikinizin baş hərfidir. Bu qədər güclü bağ yaratmağın sirlərini digər qadınlarla da bölüşə bilərsiniz?
- Sabir bəyin boşanmaq təcrübəsi var. (gülür). Sabir bəy mənim gözümdə başqadır, o mənim yol başçım, müəllimim, ömür-gün yoldaşım, uşaqlarımın atasıdır. Sabir Rüstəmxanlı əsas da müəllimim və yol başçımdır, dünyamı işıqlandıran adamdır. Nişan üzüyünü indiyədək Sabir bəy bir dəfə - əməliyyata gedəndə çıxarıb mənə verdi, dedi ki, səndə qalsın, əməliyyatdan çıxandan sonra özümə qaytararsan. Çıxan kimi taxdım təzədən onun barmağına. Heç vaxt - yatanda da o üzüyü çıxarmır. Maşının nömrəsi bəlkə də təsadüfdür, bəlkə də özü elə edib bilmirəm. Mənim 100 illik imzamda da onun nişanəsi var. Sabir bəy qadınına bağlı, bağlayıcı adamdır. Bəzən unudur ki, xanımı ictimai-siyasi xadimdir. Bir də görürsən kimsə mənim adımı çəkir, o dəqiqə telefonunu axtarır ki, ona hücum etsin. Maşın nömrəsi Sabir bəyin sevgisini göstərdiyi şeylər arasında ən xırdasıdır. O mənim üçün o qədər gözəl şeirlər yazıb ki... Məsələn, ad günümdə yazdığı "Yaşını demə" şeiri. O qədər şeylər olur ki... Bu yaxınlarda Türkiyəyə getmişdim, qayıdanda qar yağan vaxtlar idi. Bizim də həyət sürüşkən olur. Sürücü məni qarşılayanda dedi ki, həyəti təmziləmişəm, bilmirəm yenidən buz bağlayar, ya yox. Mən də dedim ki, niyə təmziləyirdin, onsuz da qar yağır. Dedi ki, Sabir müəllim tapşırıb ki, o cığırı təmizlə, Tənzilə xanım yıxılar. Saat 2-də gəlmişdim Bakıya, gördüm ki, qapının ağzında məni gözləyir. Elə kövrəldim ki... Bir də gördüm gəlib qoluma girib evə aparır. Bax bunun adıdır sevgi, qayğı, kişilik. Bizim indi gözəl sözlərə ehtiyacımız yoxdur, belə şeylərə ehtiyacımız var. Sabir bəy əməliyyata girəndə öldüm-dirildim. Niyyət etmişdim əməliyyatdan çıxana qədər otağında namaz qılacam. Elə də etdim. Mənim ailə, dost anlayışım tamam başqadır. 10 il əvvəl də Sabir bəyə bir kəlmə söz demişdim - ayrılsaq da yenə arxanda dağ bil məni; sənə atılan hər daşın önündə duracam. Bu gün də eyni fikirdəyəm. Hər şey ayrılandan sonra bitə bilməz axı.
- Belə başa düşdük ki, aranızda ayrılıq mövzusu olub...
- Yox. Sadəcə bəzi məsələlər var ki, onu ailədə danışmaq lazımdır ki, qarşındakı rahat olsun. O, siyasi mübarizənin içində idi. Ən nifrət etdiyim şey bir qadını həyat yoldaşına silah etməkdir. O cür qadınlara da sayğı duymamışam. Ayrılandan sonra yoldaşını hamının yanında pisləmək nə deməkdir axı? Sabir bəyə demişəm ki, həyatında rahat ol, bir gün sevginin bitdiyi vaxtı gəlib desə ki, mənim sevgim burada bitdi, başqasın istəyirəm, sənin toyunu özüm edəcəm. Çətin tapa mənim kimi xanımı (gülür).
- Nə sizə, nə də Sabir bəyə öz yaşınızı vermək olmur. Sirriniz tək sevgidir, ya başqa sirləriniz də var?
- Sabir bəyi mən belə saxlamışam. Mən ümumiyyətlə baxımlı qadınları sevirəm. Qızım Aydan həmişə deyir ki, anamın bir gözü ağlayanda, digər gözünü bəzəyib evdən çıxır. Qadın evdə oldu, dışarı çıxdı fərqi yoxdur - həmişə baxımlı olmalıdır. Yoxsa ay dərdim var, heç nə etmirəm, olmaz. Qadın gərək birinci özünü sevsin. İkincisi, mənim bütün diqqətim Sabir bəydədir. Bizim evdə dava hər səhər köynək üstə olur, elə olub qapının ağzında onun paltarını dəyişdirtmişəm. Sabir bəyin səliqə-sahmanına, bir də dincəlməyinə, yeməyinə diqqət edirəm. Şərait yaradıram ki, getsin rayonlarda dincəlsin.
- İlk vaxtlardan beləsiniz, ya sonradan oldu?
- İlk vaxtlar quyruğu ələ gəlirdi ki? (gülür) Onu soruşurdular, deyirdim ki, mən də 15 gündür görmürəm. Amma heç elə şeyləri dərd etməmişik. Şairi zəncirə vurdunsa, necə yazacaq, yaradacaq? Mən bəzən inanmaq istədiyimə inanmışam. Demişəm həyatda Sabir bəy belə şey etməz, dediyimə də inanmışam. Ona görə mənə heç nə problem olmayıb. Bir dəfə dostum gəlib dedi ki, sənə sübut edərəm ki, kim Sabir bəyin adamıdır. Dedim lazım deyil, mənə heç nəyi sübut etməyin.
- Kənardan elə görünmürsünüz amma...
- Sabir bəy deyir də, deyir ki, kənardan baxanda elə bil dünyanı dağıdarsan. Mənim özümə hörmətim çoxdur. Elə şeylər heç ağlıma da gəlməyib. Kiminsə sübutunun arxasınca getsəm, özümü nə vəziyyətə qoyaram? Onların hamısına gəlib-gedən həvəs kimi baxmışam. Sabir bəyin 60 yaşlarının sonu idi, birdən telefonu gözümə sataşdı, baxdım ki, nəsə normal mesajlaşma deyil bu. Oğlum Cəmil gördü ki, kefsizəm. Dedim ki, bu kişi kimləsə yazışır, bu mesajlar normal mesajlar deyil. Mesaja baxıb dedi ki, ana boş ver, son çırpınışlarıdır. Hara getsə, bura gələcək. (gülür)
- Türk dilində xeyli sözdən istifadə edirsiniz. Görünən odur ki, son illərdə dilimizə Anadolu türkçəsindən xeyli sözlər keçib. Kinorejissor Ayaz Salayev bununla bağlı narahatlığını ifadə edib və türk dilini Azərbaycan üçün ən böyük təhlükə hesab etdiyini deyib, eyni zamanda da rusdilli məktəblərin önəmindən danışıb. Türk dilinin Azərbaycan dilinə təsirini necə qiymətləndirirsiniz?
- İfadəsi çox yanlış idi. Rus dilini də müdafiə edir, o, təhlükə deyil deyir. Sabir müəllimin də dediyi bu idi. Rus, ingilis, fransız dilini öyrənsinlər. Biz də uşaqlarımıza bu təhsili veririk, amma təhsil Azərbaycan təhsili, bu dildə olsun. Baxın ,Ayaz Salayev rus dilində təhsil aldığı üçün o dilin, mədəniyyətin təbliğatçısı, rus xalqının potensial kadrıdır. Ona görə müdafiə edir, çünki o ruhda təhsil alır. Sabir Rüstəmxanlının da dediyi bu idi, deyir ki, biz kimin üçün bu ölkədə kadr hazırlayırıq? İnsan ilk növbədə gərək öz dilinə hörmət eləsin. İnsanlar aralarında rus dilində danışıb Azərbaycan dilini ən aşağı dil kimi göstərirlər. Mən rus dilini qrammatik səviyyədə bilirəm, amma bütün ömrümdə öz dilimi baş tacı etmişəm. Azərbaycan türkçəm çox yaxşıdır, qəsdən türkçə sözlər istifadə edirəm. Nənəmin dilidir, bizə o sözlərin heç biri yad deyil, niyə təhlükə görülür bu dil, niyə qıcıq olurlar? Azərbaycan dilində normal danışa bilməyən insanlar mənim türkçə sözlər istifadə etməyimə pis baxırlar. Demək problem türk sözləri deyil, türkə nifrətdir.
- Sizin bioqrafiyanıza baxdıqda gördük ki, hələ də "Azərittifaq"ın üzvü və müavin kimi çalışırsınız. Bəziləri düşünür ki, bu ittifaq keçmiş SSRİ dövründən miras qalıb və fəaliyyətinə heç bir əsas yoxdur. Siz necə düşünürsünüz, adıçəkilən ittifaqın fəaliyyətinə əsas varmı?
- Mən 21 yaşımdan bu ittifaqda işləyirəm. Başqa iş yerim olmayıb. Fəaliyyətsiz olsa belə, ora mənim doğma evimdir. Kooperasiya Universitetimiz var, kollecimiz, rayonlarda təşkilatlarımız var. Əvvəlki kimi fəal işləməsə də, amma varlığını qoruyub saxlayıb. Universiteti bitirəndən orada işləyirəm, bütün həyatım ora ilə bağlıdır. Ən balaca işdən başlayıb, sədr müavinliyinə qədər gəlib çıxmışam. İttifaq SSRİ-dən də əvvəl yaranıb, çox böyük qurum idi, zəngin təşkilat idi. Hər şeyi də özünə aiddir, dövlətin bir quruşu yoxdur orada. Bina da özümüzündür, universiteti də, kolleci də özümüz tikmişik.
- Siz həm də parlamentdə Mədəniyyət komitəsinin üzvüsünüz. Azərbaycan mədəniyyətin bütün sahələri baxımından nə qədər zəngin olsa da, görünən odur ki, potensialımızdan tam istifadə edə bilmirik. Ölkə daxilində muzeylərin sayı azdır, teatrların strukturu onillikləridir eynidir, fərqli festivallar keçirilmir, musiqi məktəbləri, mədəniyyət mərkəzlərinin sanki əvvəlki canlılığı yoxdur. Bu sahədə ən böyük problemi nədə və kimdə görürsünüz?
- Siz dediyiniz bütün problemlərə qatılıram. Dövlətin gəlir gətirməyən sahələrindən biri də mədəniyyətdir. Mədəniyyətə dövlət dotasiya ayırmalıdır, yardım etməlidir. Onun gəlir gətirib-gətirməyəcəyini düşünməməlidir. Mənim dövlətimin mədəniyyət sahəsindəki politikası belə olmalıdır. Çünki bir milləti millət edən onun mədəniyyətidir, onu qoruyub saxlamaq lazımdır. Məsələn, elə seçildiyim Neftçala rayonunda sovet dövründə böyük mədəniyyət evləri tikilib, o qədər böyük, genişdir ki, amma təmirsiz, pərişan durumdadır. Kitabxanalar var, onları yeniləmək lazımdır ki, gənclər ora yığılsın. Parkın içində mədəniyyət evi var, amma gənclər gedəcək yer tapmırlar. O parka əl gəzdirmək, mədəniyyət evini təmir etmək lazımdır ki, gənclər asudə vaxtını yaxşı keçirsin. Bunlar hamısı mədəniyyətə xidmətdir. Dövlət bunun xərcindən qorxmamalıdır.
Bir millət dilini və mədəniyyətini qoruyub saxlayaraq yaşayır. Bəzən milli kimlikləri bu cür unutdururlar. Bəyənmədiyimiz Rusiyanın 4 mədəniyyət kanalı var. Orada Puşkin, Dostoyevski, Lermontov haqqında hər gün maraqlı verilişlər gedir. Bizdə isə televiziyaya ən çox baxılan vaxtlara 2-3 arvadın boğuşmasını salırlar. Bu mənim mədəniyyətim deyil axı. Bakının özündə də mədəniyyət mərkəzləri, kitabxanalar azdır.
- Yəqin ki, deputat olandan sonra ailəyə daha az vaxt ayırırsınız. Buna görə şikayətlər olurmu?
- Mənə desəniz ki, ailədə ən çox aza qane olan kimdir, deyərdim ki, Sabir bəy. Evdə bəzən olur ki, həmişə çatdırıb yemək hazırlaya bilmirəm. Göyərti, pendir, çörək verirsən Sabir bəyə, onu dünyanın ən qəşəng yeməyi kimi yeyir. Heç vaxt problem yaratmaz ki, bu evdə niyə yemək bişməyib və ya mən filan yeməyi çox sevirəm, onu bişir.
- Övladlarınızın yolunu davam etdirməyini istərdinizmi? Ümumiyyətlə, indi Cəmil bəy və Aydan xanım nə işlə məşğul olurlar, maraq dairələri nələrdir?
- İkisinin də siyasətə marağı yoxdur, amma ailə ruhumuzda çox şey var ikisində də. Aydana çox ümid edirəm, şeir də yazır, o, atasının yolunu gedəcək. Cəmil də mənə bir az bənzəyir. İqtisadiyyata marağı çoxdur, amma siyasətlə işi yoxdur. O, iş dünyası, bizneslə məşğuldur. Xaricdə oxuyub, üç universitet bitirib. Oxumağa həvəslidir, ədəbiyyatı, tarixi yaxşı bilir. Xaricdə oxuduğu tələbə yoldaşlarına Azərbaycan haqqında ətraflı məlumat verir. Millətçidir, türkçüdür. Mənə də bu qədər yetər.