Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Iyul 2025 22:08
İqtisadiyyat Nazirliyində "İqtisadi artım" və "Dayanıqlı məskunlaşma üçün ərazilərin iqtisadiyyatının yerli və xarici dəyər zəncirinə inteqrasiyası" üzrə alt işçi qrupların ilk iclası keçirilib.
Nazirlikdən Sonxeber.net-a verilən məlumata görə, tədbirdə İqtisadiyyat Nazirliyi və əlaqədar dövlət qurumlarının rəhbər vəzifəli şəxsləri iştirak ediblər.
İqtisadiyyat naziri, alt işçi qrupların rəhbəri Mikayıl Cabbarov iclasda Milli Prioritetlərə əsasən həyata keçirilən 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası və işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası barədə məlumat verib.
Qeyd olunub ki, 2024-cü ilin sonuna strategiya üzrə nəzərdə tutulan tədbirlərin icra səviyyəsi 78 faizə çatıb. Strategiyanın icrası nəticəsində 2022-2024-cü illərdə qeyri-neft-qaz sektoru üzrə ÜDM hər il orta hesabla 6,6 faiz, ümumilikdə isə 1,2 dəfə artıb. Qeyri-neft-qaz sektorunun ÜDM-də payı 2021-ci ildə 61,6 faiz olduğu halda, 2024-cü ildə 67,8 faizə yüksəlib.
2024-cü il üzrə Böyük Qayıdışa dair I Dövlət Proqramının icra səviyyəsi isə 74 faizdir. Ümumilikdə işğaldan azad olunmuş ərazilərin bərpası və quruculuğu işlərinə 21 milyard manatdan artıq vəsait ayrılıb. Azad edilmiş ərazilərdə 55 müəssisənin olduğu iki sənaye parkı yaradılıb. Biznes üçün güzəşt və azadolmalar tətbiq edilir. Bölgədə fəaliyyət göstərən müəssisələrin istehsal etdiyi məhsulların ixracına başlanılıb.
Tədbirdə 2027-2030-cu illər üzrə hazırlanacaq sosial-iqtisadi inkişaf Strategiyasında nəzərdə tutulan prioritetlər, Böyük Qayıdışa dair II Dövlət Proqramı üzrə əsas fəaliyyət istiqamətləri haqqında məlumat verilib. İqtisadi şaxələndirmə, investisiyaların fəal təşviqi, özəl sektorun inkişafı, işğaldan azad edilmiş ərazilərdə biznesin fəallığının artırılması, ixracyönümlü artım modelinin təkmilləşdirilməsi üçün səmərəli mexanizmlərin hazırlanmasının əhəmiyyəti qeyd edilib.
Alt işçi qrupların fəaliyyəti ilə bağlı təqdimatlar olub, müzakirələr aparılıb.
"İqtisadi artım" üzrə alt işçi qrup yeni strategiyanın "Davamlı və yüksək iqtisadi artım", "Paytaxt və regionların tarazlı inkişafı" məqsədləri, "Dayanıqlı məskunlaşma üçün ərazilərin iqtisadiyyatının yerli və xarici dəyər zəncirinə inteqrasiyası" üzrə alt işçi qrup isə işğaldan azad edilmiş ərazilərdə iqtisadi fəallığın artırılması istiqamətində fəaliyyətlərin həyata keçirilməsi üzrə sənədin hazırlanmasını təmin edəcək.