Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Dekabr 2025 13:06
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Bakı şəhərində mikromobillik infrastrukturunun inkişaf etdirilməsi məqsədilə həyata keçirilən layihə çərçivəsində 43 küçə və prospektdə 47 km-ə yaxın mikromobillik zolağı təşkil edilib.
Sonxeber.net xəbər verir ki, bu barədə AYNA məlumat yayıb.
Bildirilib ki, son olaraq mikromobillik zolaqları Əbdürrəhim bəy Haqverdiyev küçəsi və İnşaatçılar prospektində yaradılıb. Növbəti mərhələdə zolaqların davamlılığının təmin edilməsi və şəhərin mərkəzi küçələrində mövcud olan zolaqlarla əlaqələndirməsi nəzərdə tutulur.
Görülən işlər nəticəsində müvafiq nişanlanma işləri aparılıb, təhlükəsizlik məqsədilə yol nişanları quraşdırılıb, əlçatanlığın təmin edilməsi üçün panduslar inşa olunub.
Avtomobillərlə yarana biləcək münaqişəli nöqtələrin aradan qaldırılması üçün təhlükəsizlik sədləri təşkil edilib. Şəhərdə mövcud olan işıqfor dirəklərində velosiped bölmələri quraşdırılıb. Qeyd olunan istiqamətlərdə işlər davam etdirilir.
Həmçinin paytaxtda skuterlər üçün 650 parklanma məntəqəsi təşkil edilib. Velosipedlər üçün yaradılan 500 parklanma məntəqəsində isə 900-dən artıq velosiped dayanacağı quraşdırlıb.
Əhali arasında velosipeddən və skuterlərdən istifadəyə artan marağı, eləcə də bu nəqliyyat növünün geniş istifadəsinin mikromobillik, nəqliyyat sıxlığının azaldılması, ətraf mühitin qorunması, fiziki fəallığın artırılması və sağlam həyat tərzi baxımından əhəmiyyətini nəzərə alaraq, sakinlər üçün şəhər konsepsiyası çərçivəsində mikromobillik zolaqları şəbəkəsinin genişləndirilməsi davam etdiriləcək