Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İki milyon verib kimisə milliyə gətirməyin yeri yoxdur və ya bizə baş məqşçi lazımdırmı?

İki milyon verib kimisə milliyə gətirməyin yeri yoxdur və ya bizə baş məqşçi lazımdırmı?

Tarix: 17 Dekabr 2019 22:28

Ötən həftə AFFA-nın İcraiyyə Komitəsinin qərarı ilə Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçlə müqavilə dayandırılıb. AFFA eyni zamanda milli komandaya yeni baş məşqçi axtarışına başlamaq haqda da qərar verib. Futbol ictimaiyyətinin ən çox müzakirə etdiyi mövzu ilə bağlı Sputnik Azərbaycan olaraq futbol mütəxəssislərinin fikrini öyrəndik. Yığma komandaya yerli və ya xarici kadr gətirilməlidirmi sualı ilə onlara müraciət etdik.

Sonxeber.net Sputnik Azərbaycan-a istinadən bildirir ki, "İdman" kanalının şərhçisi Orxan Sübhanın fikrincə, indiyə kimi yığmamıza həm əcnəbi, həm də yerli mütəxəssislər rəhbərlik etsələr də, Robert Prosineçkidən başqa heç biri elə də ciddi uğurla yadda qalmayıblar: "Xorvatiyalı mütəxəssis həqiqətən ölkəmizdə çalışdığı müddətdə futbol ictimaiyyətinin sevgisini qazanıb. Bu gün "milli komandamızın sükanı arxasına kim keçsin" adlı sorğu keçirilsə, səs verənlərin böyük əksəriyyəti şübhəsiz Prosineçki deyər. Sirr deyil ki, məhz onun dövründə futbolçularımız həm baxımlı futbol nümayiş etdirirdilər, həm də seçmə qrup mərhələsində ən çox xal toplamışdılar. Məhz bu məqamlar xorvatiyalının milli komandamıza rəhbərlik etmək şanslarını artırır. Düşünürəm ki, əgər milliyə əcnəbi mütəxəssis dəvət olunacaqsa, bu Prosineçki olsa, daha yaxşı olar. Çünki o, futbolçularımıza bələddir. Bundan sonra nabələd adamın iş başına keçməsi ancaq və ancaq zaman alacaq. Yox əgər o, olmayacaqsa, o zaman yığmamız yerli mütəxəssisə tapşırılsa yaxşıdır. Bundan sonra itirməyə vaxtımız heç yoxdur. Uğur qazanmağın vaxtı çoxdan çatıb. Ümid edirəm ki, federasiya sonda daha doğru qərar qəbul edəcək və qazanan futbolumuz olacaq".

ATV-nin idman aparıcısı və redaktoru İlkin Xəlilov isə fərqli fikirdədir. Ona görə 2 milyon dollar verib Prosineçkini milliyə gətirməyin yeri yoxdur: "Hazırda Azərbaycan futbolu elə durumdadır ki, dünyanın ən yaxşı məşqçisi gəlsə belə, bizim komandada ciddi irəliləyişə nail ola bilməyəcək. Düzdür, Yurçeviç dövründəki biabırçılıq da təkrarlanmayacaq. Amma fərq olacaq 4-5 xal. Maksimum qrupda sonuncu olmayıb, axırdan əvvəlki yeri tutacağıq. Ona görə 2 milyon dollar verib Prosineçkini milliyə gətirməyin yeri yoxdur.
Və yaxud da AFFA o qədər pul verirsə, istər Prosineçki olsun, istər qeyri xarici məşqçi, müqavilədə qarşısına konkret şərt qoyulmalıdır ki, biz sənə bu qədər illik məvacib ödəyirik, bəs, sən qarşılığında bizə nə verəcəksən? Konkret qrupda 3-cü yermi, final mərhələsinə yüksəlməkmi, Millətlər Liqasının qalibi olmaqmı? Bunu yeni məşqçidən konkret şəkildə tələb etmək lazımdır. Yox, AFFA rəsmilərində xarici məşqçiylə bu cür şərtlə danışmağa cəsarət yoxdursa, onda boş-boşuna milyonları dağıtmağa dəyməz. Gəlib yenə işi yola verib, pullarını qazanıb gedəcəklər. Ondansa, yerli futbol mühitinə bələd, oyunçuları tanımağa vaxt istəməyəcək, həm də xarakterli məşqçi olmasını istərdim. Samir Abbasov və ya Tərlan Əhmədov kimi. Qurban Qurbanovun adını özüm çəkmədim. Əminəm ki, o, Elxan Məmmədov baş katib postunda qaldığı müddətdə milli komanda haqda düşünməyəcək. Gördüyünü bir dəfə görüb, daha özünü yandırmaz".

İdman jurnalisti Anar Xanlarov millinin baş məşqçi postuna Samir Abbasov, Samir Əliyev və ya Mirbağır İsayevin gətirilməsinin tərəfdarıdır: "İndiki halda Azərbaycan millisi üçün ən uyğun variant yerli məşqçidir. Əcnəbi məşqçinin gəlməsi üçün ciddi heç bir səbəb yoxdur. Gəlib işləyənləri də gördük. Bizim futbolumuz hazırda elə gündədir ki əcnəbiyə verilən pul çölə atılmış kimidir. Çünki nə güclü çempionatımız var, nə də futbolçu bazamız. Əgər ölkədə 11 nəfər normal futbolçu yoxdursa, əcnəbi məşqçini bura gətirməyin nə mənası? Əcnəbi məşqçi o zaman gələr ki, bizim ölkə xaricində kifayət sayda futbolçumuz olsun. Hazırda bizim üçün ən uyğun olan yerli məşqçidir. Az-çox yerli futbolu bilir və futbolçuların potensialına bələddir. Hazırda yerlini çalışdırmaq üçün Samir Abbasov, Samir Əliyev, Mirbağır İsayev kimi məşqçilərin namizədliyini irəli sürərdim. Bu məşqçilər futbolu ən azı Yurçeviçdən pis bilmir".

İdman jurnalisti Natiq Muxtarlının fikirləri isə daha sərt oldu. Onun fikrincə, Azərbaycan yığma komandasına baş məşqçi təyin etməyin heç bir əhəmiyyəti yoxdur: "Baş məşqçinin əcnəbi və ya yerli olmasından asılı olmayaraq, yığma komandanın nəticəsi dəyişməyəcək. Deyək ki, Berti Foqtsun qazandığı nəticəni elə baş məşqçisiz də qazanmaq olardı. Və yaxud Yurçeviçin qazandığı 1 xalı əldə etmək üçün baş məşqçiyə ehtiyac yoxdur, axı.
Azərbaycan yığmasında baş məşqçi məsələsi ən sonda həll olunası məsələdir. Buna qədər bizim həllini gözləyən xeyli problemlərimiz var. Biz öncə məhsul - futbolçu yetişdirməliyik. Futbolçu yetişdirmək üçün də uşaq futbolunda infrastruktur yaratmalıyıq. Yəni əvvəlcə infrastrukturu qurmalı, futbolçunu yetişdirəcək mütəxəssisləri - kadrları əldə etməliyik. Futbolçularımız hazır olandan sonra isə baş məşqçi axtarışına çıxmalıyıq. Hazırda bizim əlimizdə məhsul yoxdur, amma xaricdən məşqçi gətiririk ki, gəl, nəticə qazan.

Biz isə deyirik ki, xarici mütəxəssislərə verilən vəsaiti uşaq futbolunda infrastrukturun qurulmasına, uşaq futbolunda çalışacaq kadrların yetişdirilməsinə sərf edin. Hanı Berti Foqtsa xərclənən vəsait? Hanı Prosineçkiyə verilən pul? Hanı Yurçeviçin bir xala görə Azərbaycandan apardığı 1 milyon dollar? Axı bu vəsaitlə Azərbaycanın hər bölgəsində uşaq futbol məktəbləri qurmaq, uşaq məşqçilərini təcrübə üçün xaricə göndərmək olardı.


Etiketlər:  İki milyon verib kimisə milliyə gətirməyin yeri yoxdur bizə baş məqşçi lazımdırmı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ