Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Dekabr 2019 10:40
Nazirlər Kabinetinin idxal rüsumlarına dəyişikliklə bağlı 17 dekabr 2019-cu il tarixli Qərarı iki hissədən ibarətdir.
Sonxeber.net xəbər verir ki, Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, birinci hissəyə əsasən, daxili istehsalda istifadə olunan xammal və materialların idxal rüsumu 15%-dən 0%-ə endirilib.
Ölkədə fəaliyyət göstərən 500 müəssisənin istifadə etdiyi xammalın siyahısı təhlil edildikdən sonra Azərbaycanda istehsal olunmayan və yaxın gələcəkdə də istehsal olunacağı gözlənməyən xammalların siyahısı müəyyənləşdirlib. Müəyyən edilib ki, ölkəyə xammal olaraq əsasən metallurgiya, kimya, rezin plastmas və qida sənayesinə aid olan məhsullar idxal edilir.
Bundan əlavə, bu sadalanan xammalın istifadə olunduğu hazır məhsulların da ölkəyə idxalı getdikcə artmaqdadır. Odur ki, 1) idxalın əvəzlənməsi, 2) daxildə istehsalı dəstəkləmək, 3) ixracı stimullaşdırmaq, 4) istehsalı genişləndirmək, nəhayət, 5) yeni iş yerləri açılmasına şərait yaratmaq məqsədilə bu xammalların idxal rüsumu 0%-ə endirilib.
Yerli istehsalçı ucuz xammalla təmin edildikdə istehsal edilən son məhsul da 15% ucuz başa gələcək ki, nəticədə məhsulun maya dəyərini aşağı düşəcək. Bu da, öz növbəsində, həmin məhsulların daxili bazarda ucuzlaşmasına, xarici bazarda isə rəqabətqabiliyyətliliyinin artmasına səbəb olacaq. Nəticədə, bu iki göstərici həm daxildə, həm də xarici bazarda satışın artmasını stimullaşdıraraq istehsalın genişləndirilməsinə imkan yaradacaq. İstehsalın genişlənməsi isə yeni iş yerləri, məşğulluğun artması, bu sahədə çalışan vətəndaşların rifahının yüksəlməsi deməkdir.