Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Dekabr 2019 23:18
Antibiotikə qarşı davamlılığın güclənməsi qlobal sağlamlığın üzləşdiyi əsas təhlükələrdən biri hesab edilir. Dünyada təxminən hər il 700 min insan çoxsaylı dərmanlara qarşı müqavimət göstərən bakteriyaya yoluxaraq dünyasını dəyişir. Onlardan 33 mini yalnız Avropa Birliyinin payına düşür.
Bu barədə Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatında bildirilir.
Qeyd olunub ki, Azərbaycanda antibiotiklərdən lazımi şəkildə istifadə etməklə onların effektivliyinin qorunub saxlanması və onların qəbulunun yalnız ixtisaslaşmış səhiyyə mütəxəssisi tərəfindən təyin edilməsinə nail olmaq məqsədilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi Ümumdünya Səhiyyə Təşkilatının dəstəyi ilə əhali arasında geniş maarifləndirmə və təbliğat işlərini həyata keçirib.
Maarifləndirmə işləri çərçivəsində avtobus dayanacaqlarında insanlara antibiotiklərdən istifadəyə dair maarifləndirici çap materialları paylanılıb. Sakinlərin diqqətini cəlb etmək məqsədilə beş avtobusun üzərinə maarifləndirici lövhələr (billboardlar) quraşdırılıb. Əhalinin daha geniş şəkildə istifadə etdiyi metro stansiyalarının vaqonlarında da belə lövhələrin yerləşdiriləcəyi planlaşdırılır.
Görülən işlərin davamı olaraq Bakı və Sumqayıt şəhərlərində 2 min nəfər arasında antibiotiklərlə bağlı əhalinin məlumatlılıq səviyyəsini öyrənmək məqsədi ilə sorğu keçirilib. Sorğuda insanların mövzuya dair bilik səviyyəsi müəyyən edildi və eyni zamanda, bu sahədə qabaqcıl təcrübəyə əsaslanan məlumatlar əhalinin nəzərinə çatdırılıb.