Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ailələri telefon dağıdır? - VİDEO

Ailələri telefon dağıdır? - VİDEO

Tarix: 25 Dekabr 2019 15:58

Azərbaycanda boşanmaların sayı heç vaxt olmadığı həddə çatıb. Bu ilin 10 ayında 14 281 ailə dağılıb.

Sonxeber.net bildirir ki, məsələnin aktuallığı nəzərə alınaraq mövzu ilə bağlı ARB TV-nin "Günə Doğru" proqramında geniş süjet yayımlanıb.

Son illər boşanmaların artması müxtəlif səbəblərlə əlaqələndirilsə də, yaşlı sakinlərin özünəməxsus arqumentləri var. Onların fikrincə, bunun əsas günahkarı məhz smartfonlardır.

Sakin: "Fikrikmcə, bunların səbəbi sosial şəbəkələrdir. Nə üçün belə olduğunu bilmirəm?"

Gənclər isə daha da dəqiqləşdirərək, sosial şəbəkələrin boşanmaların artmasında katalizator rolu oynadığı fikrindədir. Maraqlıdır ki, özləri də sosial şəbəkə istifadəçisi olan cavanların çoxu belə düşünür.

Sakin: "Ailə qurarkən bir-birini başa düşməməkdir. Səhərdən axşama kimi mənasız yerə girib internetdə vaxt keçirməyi xoşlamıram".

Sosioloqlar isə ailəni dağıdan səbəblərin daha çox olduğunu, bunun təkcə smartfon və sosial şəbəkələrlə yekunlaşmadığını bildirirlər. Maddi problemlər, sonsuzluq və kənar şəxslərin müdaxiləsi ən çox boşanmalara gətirib çıxaran səbəblər olaraq göstərilir.

Rəşad Əsgərov - Sosioloq: "Sovet dövründə boşanmaların az olması ictimai qınağın daha çox olması ilə əlaqədar idi. Müasir zamanda isə gənclər bu məsələlərə səbrlə yanaşmırlar, dözümsüzdürlər. Nikaha girdikdən dərhal sonra hər şey əldə etmək istəyirlər. Bunun nəticədir ki, boşanmaların artım dinamikası ildən ilə davam edir".

Bundan çıxış yolu, yəni boşanmaları azaldacaq amillər isə gənclərin bir-birini tanıdıqdan sonra evlənmək barədə qərar verməsidir. Evlilikdən sonra isə yeni qurulan ailəyə yaxınları tərəfindən müdaxilələr edilməməlidir ki, söz-söhbət artmasın.

Vüsalə Mənsimova - Psixoloq: "Böyüklər öz dünya görüşlərindən istifadə etməlidirlər. Gənc ailələrə şiddət, təsir əvəzinə onlara öz təcrübələri ilə kömək etməlidirlər ki, gənc ailə özü-özünə qərarlar qəbul etsin. Onlara özlərini sərbəst idarə etmək üçün şərait yaratsınlar".

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu ilin yanvar-oktyabr ayları ərzində Ədliyyə Nazirliyinin rayon qeydiyyat şöbələri tərəfindən 51 735 nikah və 14 281 boşanma qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə düşən nikahların sayı 6,3-ə, boşanmaların sayı isə 1,7-ə qədər artıb.


Etiketlər:  Ailələri telefon dağıdır VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ