Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Dekabr 2019 11:33
Bakı. Trend:
Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində əməliyyat-qoşun tədbirləri davam edir.
Dövlət Sərhəd Xidmətindən Trend-ə verilən məlumata görə, cari ilin 20 dekabr tarixində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində Biləsuvar rayonunun Ağalı kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına doğru hərəkət edən 2 nəfər naməlum şəxsin hərəkəti sərhəd naryadı tərəfindən müşahidə edilib.
Sərhəd naryadının “dayan” əmrinə tabe olmayan sərhəd pozucularına qarşı silahdan havaya xəbərdarlıq məqsədilə atəş açılmış, lakin sərhəd pozucuları əllərindəki çantanı əraziyə ataraq havanın qaranlıq və ərazinin kolluq olmasından istifadə edərək geriyə qaçmışlar. Həmin ərazi dərhal qapadılaraq axtarış tədbirləri keçirilmiş, nəticədə 2 ədəd çanta içərisində ümumi çəkisi 13 kq narkotik vasitə (1 kq 355 q “marixuana”,6 kq “heroin”, 4 kq 265 q “metamfetamin”, 1 kq 340 q “tiryək” və 990 ədəd “Preqabalin - 150”, 300 ədəd “Tramadol FM-40” markalı həbb) aşkar olunaraq götürülmüşdür.
Narkotik vasitələrin sifarişçisinin müəyyənləşdirilməsi və cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 4 nəfər Biləsuvar rayonunun Zəhmətabad kənd sakini şübhəli şəxs qismində saxlanılmışlar.
23 dekabr tarixində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində Astara rayonunun Züngüləş kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində qaçaqmalçılar tərəfindən dövlət sərhədindən narkotik vasitələrin keçirilməsinin qarşısı alınmışdır. Nəticədə hadisə yerində 24 kq 765 q narkotik vasitə (4 kq 065 q “heroin”, 20 kq 700 q “tiryək”) aşkar olunaraq götürülmüşdür.
Qeyd olunan faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin