Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Dekabr 2019 21:12
Dinamik daxili inkişaf templərini və dünyadakı mövqeyinin möhkəmlənməsi prosesini qoruyub saxlamaq Azərbaycanın 2019-cu ildə ən böyük ümumi siyasi nailiyyəti kimi nəzərdən keçirilə bilər.
Sonxeber.net bildirir ki, bunu Trend-ə açıqlamasında "Bakı xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.
Onun sözlərinə görə, başa vurmaqda olduğumuz ildə də ölkəmizin dinamik inkişaf meyllərini ləngitmək və beynəlxalq mövqelərini zəiflətmək cəhdləri davam edib: "Bütün bunların qarşısında Azərbaycanın öz tarazlığını məharətlə qoruya bilməsi həqiqətən böyük siyasi uğur kimi göz önünə gəlir. Bu il ölkənin siyasi uğurları daxili və xarici siyasəti əhatə etməklə iki istiqamətdə nəzərdən keçirilə bilər. Struktur islahatlarını tamamlayan geniş kadr islahatlarının uğurla davam etdirilməsi və dövlət idarəçiliyi elitasında nəsillərin həmrəyliyi prinsipinin qorunub saxlanılması həqiqətən mühüm siyasi nəticədir və ölkəmizdə idarəçiliyin praktik sınaqdan çıxmış normalara, elmi prinsiplərə, aydın məntiqə və milli dəyərlərə söykəndiyini bir daha sübut etdi. Ali idarəçiliyin və dövlət başçısının cəmiyyətlə ünsiyyətlərinin yeni formalarının uğurla sınaqdan keçirildiyinin şahidi olduq. Xüsusilə, bölgə sakinləri ilə Prezidentin protokoldan kənar və rəsmi idarə olunmayan görüşləri özünü tam doğruldan açıq idarəçilik metodu kimi diqqəti cəlb edir. Eyni fikirləri yeni vəzifələrə təyin edilmiş icra məmurları ilə aparılan söhbətin ümumxalq müzakirəsinə verilməsi barədə də demək olar. Bunlar sübut etdi ki, Prezident vaxtaşırı öz işi barədə xalqa hesabat verməyi vacib sayır və bu cür açıq fəaliyyəti məmurlardan da gözləyir".
Baş redaktor bildirib ki, Bakıda bu il bir sıra mötəbər beynəlxalq tədbirlərin uğurla keçirilməsi dövlətimizin mühüm nailiyyətləri sırasındadır: "Türk dövlətlərinin zirvəsi, Qoşulmama Hərəkatı ölkələrinin və Dünya dini liderlərinin Bakıda keçirilmiş toplantıları mühüm qərarların qəbulu ilə xarakterik olmaqla bərabər, həm də ölkəmizin siyasətinə dünyada nə qədər etimadla yanaşıldığının bariz nümunəsidir.
Dünyanın böyük hərbi blokları bəşəriyyətin taleyi üçün tarixi qərarları Bakıda qəbul etmək kimi 2017-ci ildən başladıqları ənənəni bu il də davam etdirdilər. NATO və Rusiya arasında keçirilmiş görüşlərin birində az qala real hərbi toqquşmaların qarşısının alınmasını təmin edən razılaşmanın əldə edildiyini nəzərə alsaq, Bakının dünya siyasəti üçün nə qədər əhəmiyyətli məkana çevrildiyini bir daha yəqin etmək olar. Azərbaycanı belə önəmli mövqeyə çıxaran isə sözsüz ki, aparılan ağıllı və məntiqli siyasət kursudur.
Qarabağ probleminin həlli sahəsində real bir irəliləyiş olmasa da, bu nəticəsizliyin məhz Ermənistanın və onun havadarlarının tək məsuliyyəti olduğunu bütün dünyaya göstərə bildik və əslində, bunun özü təmiz siyasi uğur kimi qiymıtləndirilə bilər. Prezidentin ölkə televiziyalarına müsahibəsində bu məsələyə verdiyi izah dəqiqliyi ilə diqqət çəkdi. Prezident hazırkı vəziyyəti Ermənistanın təcavüzkar siyasətini davam etdirməsi və beynəlxalq dairələrin təcavüzkara təzyiqinin yetərli olmadığı ilə izah etdi və bu izahda mübahisə doğuran hər hansı məqam yoxdur. 2019-cu ilin Azərbaycan üçün ən uğurlu yekunlarından biri odur ki, regionumuzu müharibəyə sürükləyən tərəfin yalnız Ermənistan olduğu bütün dünyaya nümayiş etdirildi".
Ekspert əlavə edib ki, TANAP-ın ikinci fazasının istifadəyə verilməsi ölkəmizin beynəlxalq enerji təhlükəsizliyi layihələrinin icrasında nə qədər təşəbbüskar və qətiyyətli olduğunu bir daha ortaya qoydu: "Ermınistanın dünyadakı ənənəvi çoxmüttəfiqli mövqeyini sürətlə itirərək regionda və dünyada demək olar ki, təkləndiyi bir vaxtda Azərbaycanın öz strateji əməkdaşlıq və müttəfiqlər çevrəsini inamla genişləndirməsi aydın görünən faktdır. Bu kontekstdə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Fransaya və Rusiyaya ilk rəsmi səfərlərindən sonra hər iki ölkə ilə münasibətlərdə başlanan yeni keyfiyyət göstəriciləri dediklərimizə sübutdur. Erməni lobbisinin güclü olduğu Fransa mühitində Ermənistanın dalbadal məğlubiyyətlərini göstərən faktlar və Rusiya ilə münasibətlərdə Azərbaycanın strateji müttəfiqliyə doğru böyük dönüş götürməsi bu səfərlərdən sonra özünü daha parlaq göstərməyə başladı.
2019-cu il Azərbaycan üçün dövlətçiliyimizin daha da möhkəmləndiyi illərdən biri kimi xarakterikdir. Təkcə BDU-nun yubileyində Prezidentin daxilə və xaricə ünvanladığı bir sıra mesajlar Azərbaycanın hansı dərəcədə qürur doğuran güclü dövlətə çevrildiyini nümayiş etdirdi. 2019-cu ildə əldə edilmiş uğurların 2020-ci ildə müəyyən tarixi hadisələrin möhkəm fundamenti olacağına şübhə yoxdur. Bu cəhətdən növbədənkənar parlament seçkilərinin keçirilməsi qərarı həm böyük cəsarət nümunəsidir, həm də növbəti illərdə yeni tarixi hadisələrə yol açmaq gücünə malikdir".
Sonxeber.net