Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Yanvar 2020 10:40
ABŞ-ın İranın İnqilab Keşikçiləri Korpusunun xüsusi təyinatlı "Əl-Qüds" qüvvələrinin komandanı, general Qasım Süleymanini öldürməsinin ardınca tərəflər arasında gərginlik hər gün artmaqdadır.
Sonxeber.net virtualaz.org-a istinadən bildirir ki, İran hərbi komandanları və siyasi rəhbərliyi bir-birinin ardınca "amansız qisas" bəyanatları ilə çıxış edir. ABŞ-dan isə bu hədələrə cavab olaraq bildirirlər ki, İran Birləşmiş Ştatların maraqlarına hücum etsə daha sərt cavab alacaq.
Hazırda ən çox müzakirə edilən məsələ İranın qisas addımlarının hansı formada ola biləcəyi haqdadır. İrandan ABŞ-a qarşı növbəti hədə bəyanatı ilə İnqilab Keşikçiləri Korpusunun komandanı, general Hüseyn Salami çıxış edib və İranın Qasım Süleymaninin öldürülməsinə görə qısasının "strateji miqyasda olacağını" deyib.
İran dövlət televiziyasında çıxış edən Salami izah edib ki, bu strateji qisas addımının nəticəsində ABŞ-ın Yaxın Şərqdə iştirakına son qoyulacaq. "Bu addım müəyyən təsirlərlə geniş coğrafiyanı əhatə edəcək", -general bildirib. Onun sözlərinə görə, İran hakimiyyətini bu hədəfə çatmaq üçün heç nə dayandıra bilməyəcək.
Qeyd edək ki, Qasım Süleymaninin öldürülməsindən əvvəl də uzun illər boyu İranın siyasətinin başlıca məqsədi ABŞ-ın Yaxın Şərqdəki iştirakına son qoymaq, öz ideologiyanı bütün region boyu yaymaq və nəhayət İsrailin dövlət kimi varlığını ortadan qaldırmaqdır. Bu baxımdan general Salaminin hədələri əslində yenilik hesab edilməməlidir.
Lakin ABŞ rəhbərliyi də İranın hədələrini cavabsız qoymur. Prezident Donald Tramp yanvarın 5-də bəyan edib ki, əgər Tehran amerikalılara zərbə vursa o zaman bilavasitə İranın 52 obyektini vuracaqlar.
"Qoy bu xəbərdarlıq olsun. Əgər İran amerikalılara və Amerika obyektlərinə zərbə endirərəsə biz artıq 52 İran obyektini hədəfə almışıq (İran uzun illər əvvəl Tehrandakı ABŞ səfirliyində 52 amerikalını girov götürmüşdü). Bu obyektlərdən bir çoxu İran və İran mədəniyyəti üçün çox mühümdür. Həmin obyektlərə zərbə çox sürətlə və çox güclü şəkildə endiriləcək",-Tramp özünün növbəti tvitində bildirib.