Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Yanvar 2020 09:00
"Sony" korporasiyası "CES 2020" istehlak elektronikası sərgisində çoxsaylı televizorlar, o cümlədən "8К" formatlı (ZH8 seriyalı) ən yeni modellər nümayiş etdirib.
Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, "ZH8" seriyasına 7680 × 4320 piksel təsvir ölçülü 75 və 85 düym diaqonallı iki televizor daxildir. "X1 Ultimate" prosessorundan istifadə sayəsində maksimal reallıq üçün aydın və dəqiq görüntü təmin edilir.
Yeni televizorlarda "Frame Tweeter" texnologiyası tətbiq edilib. Xüsusi "akustik tvitter" səs vibrasiyalarını televizorun çərçivəsinə ötürərək onu səs mənbəyinə çevirir. Bu halda tamaşaçılarda səsin bilavasitə ekrandan çıxması təəssüratı yaranır.
Həmçinin otağın işıqlandırma səviyyəsindən asılı olaraq görüntü və səsin keyfiyyətini istənilən şəraitə uyğunlaşdırmağa imkan verən "Ambient Optimization" funksiyası tətbiq olunub. Texnologiya görüntünün parlaqlığını işıqlandırma səviyyəsinə uyğun olaraq optimal baxış üçün avtomatik dəyişdirərək işıqlı otaqlarda təsvirin parlaqlığını artırır, qaranlıq otaqlarda isə azaldır.
Yeni "8К" televizorlarında "Full Array LED" (birbaşa tam işıq diod işıqlandırması) işıqlandırmasından istifadə edilib. "Sony Full-Array Local Dimming and Boosting" texnologiyası kontentdən asılı olaraq ekranın ayrı-ayrı hissələrində işıqlandırma səviyyəsini dinamik şəkildə dəyişdirir ki, bu da kontrastlıq və parlaqlığı xeyli artırır. İşıqlandırmanın dəqiq bölünməsi sayəsində bütün ekran hissələrində qaranlıq səhnələr daha dolğun, işıqlı səhnələr isə daha parlaq olur.
"CES 2020" çərçivəsində "Sony", həmçinin "4К" formatlı televizorlar nümayiş etdirib. Bu, 55 və 65 düym diaqonallı "А8" seriyalı, eləcə də 85, 75, 65, 55 və 49 düym diaqonallı "XH95" və "XH90" seriyalı modellərdir.
Bütün qurğular "Android TV" platformasından istifadə edir: televizorlar "Google Assistant", "Google Play Store" və "Chromecast" alətləri ilə təchiz ediləcək.