Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Yanvar 2020 22:33
Azərbaycan artıq özünün elektrik enerjisi ehtiyaclarını təmin edir və həm də elektrik enerjisi ixrac edir.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev Səudiyyə Ərəbistanı Krallığının "ACWA Power" şirkətinin idarə heyətinin sədri Mohammad Abunayyanı və Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkətinin icraçı direktoru Mohammed Jameel Al Ramahini qəbul edərkən deyib.
Dövlət başçısı bildirib: "Azərbaycana xoş gəlmisiniz. Sizi görməyə çox şadam. Sizi enerji sektorunda, xüsusilə bərpa olunan enerji resursları sektorunda aparıcı şirkətlər olan "ACWA Power" şirkəti və "Masdar" şirkəti ilə bu gün imzalanmış çox mühüm İcra Müqaviləsi münasibətilə təbrik etmək istərdim. Bu müqavilə Azərbaycanda enerji layihələrinin inkişafında yeni səhifə açacaq. Çünki bərpa olunan enerji bu gün bizim üçün enerji sektorunda prioritetlərdən biridir. Azərbaycan artıq özünün elektrik enerjisi ehtiyaclarını təmin edir və həm də elektrik enerjisi ixrac edir. Lakin bizim hədəfimiz bərpa olunan enerji sektoruna investorlar cəlb etməkdir və bu İcra Müqaviləsinin əhəmiyyəti ondan ibarətdir ki, külək və Günəş elektrik stansiyaları investorların vəsaiti hesabına tikiləcək. Beləliklə, siz Azərbaycanda işləməyə maraq göstərirsiniz. Biz bunu ölkəmizə, gələcəyimizə olan etimad hesab edirik. Çünki bu, çox böyük investisiyadir. Mənə məlumat verildi ki, bu gün İcra Müqaviləsinin imzalanmasından sonra digər müqavilələrin hazirlanması üçün bir qədər vaxt var və ümidvarıq ki, bu il biz Günəş və külək elektrik stansiyalarının təməlqoyma mərasimində iştirak edəcəyik. Bu, bizim üçün çox mühüm layihədir.
Qeyd etdiyim kimi, Azərbaycan elektrik enerjisi sektoruna çoxlu investisiya yatırıb və elektrik xətləri bizi qonşularımızla birləşdirir. Biz elektrik enerjisinin istehsalına çoxlu investisiya yatırmışıq. Bu gün bizim 1000 meqavat əlavə elektrik enerji gücümüz var və biz bunu ixrac edirik, bizim ixrac bazarlarımız var. Həmçinin sizə bildirmək istərdim ki, bizim bu sektordakı investisiyalarımız aparıcı beynəlxalq institutlar tərəfindən, xüsusilə Davos Dünya İqtisadi Forumu tərəfindən qeydə alınır. Onlar elektrik enerjisinin əlçatanlıq indeksinə görə Azərbaycanı dünyada ikinci yerə layiq görüblər. Bütün ölkəmiz elektrik xətləri ilə təmin olunub və qeyd etdiyim kimi, bu gün Azərbaycan ixracatçıya çevrilib. Həmçinin bu yaxınlarda, bir aydan bir qədər çox bundan əvvəl biz tərəfdaşlarımızla birlikdə mühüm qaz kəməri layihəsi olan və artıq Avropa İttifaqının sərhədlərinə çatan TANAP-ı tamamladıq. Biz Günəş və küləkdən nə qədər çox enerji əldə etsək öz ehtiyaclarımıza və ixrac üçün təbii qaza bir o qədər qənaət edəcəyik. Ona görə də mən bugünkü mərasimə çox böyük əhəmiyyət verirəm. Bu, bizim doğru yolda olduğumuzu göstərir. Bu, həmçinin onu göstərir ki, Azərbaycan investorlar üçün çox yaxşı şərait yaradıb.
Sizin investisiyalarınız yüz milyonlarla dollar məbləğində olacaq. Elektrik enerjisinin ümumi həcmi 440 meqavat olacaq. Bu, həqiqətən Azərbaycanda bərpa olunan enerji baxımından böyük dəyişiklik olacaq. Həmçinin şadam ki, bu layihələrdə sizin şirkətləriniz tərəfdaş olaraq seçiliblər. Hesab edirəm ki, bu, gözlənilməz deyil. Çünki mənə məlumat verilib ki, "ACWA Power"in ümumilikdə 30 min meqavatdan çox elektrik enerjisi var və bərpa olunan enerji sahəsində də 8 min meqavat elektrik enerjisi hasil edir. "Masdar" 4 min meqavat bərpa olunan elektrik enerjisi istehsal edir. Beləliklə, siz bu sahədə çox təcrübəli və aparici şirkətlərsiniz. Buna görə də sizi görməkdən çox məmnunam. Əminəm ki, bizim əməkdaşlığımız uzunmüddətli olacaq, bütün layihələr və texniki məsələlər vaxtında həll ediləcək. Biz bu iki iri layihəni başlayacağıq və bu layihələr Azərbaycana gələcəkdə digər investisiyaları, digər investorları da cəlb etmək imkanı verəcək. Çünki bizim ölkə küləklə və Günəşlə zəngindir. Bəzən külək hansısa narahatlıq yaradır, lakin, eyni zamanda, havanı təmizləyir. Ancaq indi külək və Günəş bizim enerji istehsalımıza xidmət edəcək və bunun sayəsində daxili istifadə və ixrac üçün çoxlu təbii qaza qənaət olunacaq. Bir daha xoş gəlmisiniz və bir daha Azərbaycanda investor olmaq qərarınıza görə sizə təşəkkürümü bildirmək istəyirəm".