Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Yanvar 2020 13:12
Bakı. Trend:
Yanvarın 14-də Romada Azərbaycan və İtaliya arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 5-ci iclası keçiriləcək.
Bu barədə Trend-ə Azərbaycan Energetika Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
İclasda hökumətlərarası komissiyanın həmsədrləri, Azərbaycanın Energetika naziri Pərviz Şahbazov və İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq nazirinin müavini Manlio Di Stefanonun başçılıq etdikləri nümayəndə heyətləri iştirak edəcək.
Komissiyanın gündəliyinə iki ölkə arasında ticarət-iqtisadi, enerji, logistika və infrastruktur, kənd təsərrüfatı, mədəniyyət və turizm sahələrində əməkdaşlığa dair məsələlər daxil edilib. Həmçinin AZPROMO, Azərbaycan İnvestisiya Şirkəti, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycan Respublikası Dövlət Neft Fondu və İtaliyanın müvafiq qurumlarının iştirakı ilə hər iki ölkədə investisiya imkanları və perspektivlərin müzakirəsinə həsr olunmuş sessiya keçiriləcək.
Gündəlikdəki məsələlərin müzakirəsindən sonra Hökumətlərarası Komissiyasının 5-ci iclasının yekunlarına dair Protokol imzalanacaq.
Hökumətlərarası Komissiyanın iclası çərçivəsində Energetika naziri Pərviz Şahbazovun İtaliyanın İqtisadi İnkişaf naziri Stefano Patuanelli, eləcə də “Ansaldo Energia”, “Maire Tecnimont”, “Technip FMC”, “DBA Group” və “Alstom Italia” şirkətləri ilə görüşləri də nəzərdə tutulub.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin