Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Pulsuz top “Qarabağ”a yox, kasıb uşaqlara lazımdır

Pulsuz top “Qarabağ”a yox, kasıb uşaqlara lazımdır

Tarix: 13 Yanvar 2020 13:36

Bu günlərdə UEFA rəsmi saytı vasitəsi ilə Avropanın 50 ən perspektivli gənc futbolçusunun siyahısını açıqladı. Əlbəttə, gözlənildiyi kimi, o siyahıda bir azərbaycanlının da adı yox idi. Gürcü vardı, kosovolu vardı, amma azərbaycanlı yox idi. Və bizim müxbir Ağasəlim Mircavadova sual ünvanlayanda ki, bizdə niyə yaxşı gənc oyunçular yoxdur, səbəb, problem nədir, cavab verib ki, mən hardan bilim, məndən niyə soruşursunuz?

Bu da mütəxəssis cavabı... Vaxtı ilə niyə 0:10 uduzmuşuq, indi aydın olur sizə?

Kök salmış problemlərin düzəlməməsində bizim bir çox futbol adamının bu cür köntöy, laqeyd və vecsiz cavabların az rolu yoxdur. Fikir verin, axır illər futbolumuzdan fəal yazan 1-2 faiz jurnalisti, bir neçə mütəxəssisi çıxmaqla real mənzərəni dilə gətirənlərin, nöqsanları göstərənlərin sayı kəskin şəkildə azalmağa doğru gedir. Və ona görə də hazırkı AFFA rəhbərliyinin dövründə bu qurumun hesabat və seçki konfranslarının heç birində kimsə sual verməyib ki, niyə biz 25 il əvvəlki ac vaxtımızdakı kimi indi də bircə xal toplamışıq, niyə bir oyunçumuz belə yetişməyib? Ona görə verməyiblər ki, hamısı “problemi mən niyə deməliyəm, qoş, başqası desin” qaydası ilə yaşayırlar. Elxan Məmmədovun rəhbərliyi ilə hazırlanan və guya futbolumuzda hər şeyin əla olduğunu əks etdirən bütün hesabatların qəbul edilməsinə konfrans iştirakçılarının hər biri əl qaldırmaqla razılıqlarını veriblər. AFFA-nın klubu olan “Sumqayıt” da, müstəqil klublardan 

“Qarabağ”, “Qəbələ” və “Zirə” də lehinə səslərlə federasiyanın fəaliyyətinə yüksək qiymət verib, sənədlərdə uğurlu, həqiqətdə uğursuz olan bu fəaliyyətə ortaq olublar.

***

Biz qayıdaq yenidən UEFA-nın o siyahısına. Daha doğrusu, ona ki niyə bizdə istedadlı uşaqları tapıb üzə çıxara bilmirlər? Bu sualın cavabı daha çox 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramının hansı səviyyədə icrası, yaxud icrasızlığında gizlənib. Proqramda əsas diqqət paytaxt və bölgələrdə məhz uşaq futbolunun inkişafına yönəlib. 10 il müddətində bütün ölkə boyu uşaq-gənclər futbol məktəbləri, yəni akademiyalar yaradılmalı idi.

Bəs, hardadı indiyədək o akademiyalar? Bəli, yoxdur, yaradılmayıb. Və buna görə bir tək məsuliyyət AFFA-nın üzərinə də düşmür. Assosiasiya ilə yanaşı Dövlət Proqramının ikinci bir icraçısı da olub - Gənclər və İdman Nazirliyi. Bu qurum işləri necə icra edib? AFFA-nın fəaliyyətinə hansı formada nəzarət edib? Ümumiyyətlə, nəzarət edibmi? Nəhayət, dövlətin büdcəsindən proqramın inkişafına verilən milyonlarla dollar həcmində maddi dəstəyin qarşılığında niyə bir nəfərdə də olsun milliyə düşən futbolçu yetişməyib?

Pulu olmayan gürcü yetişdirir, 2-3 il əvvəl UEFA-ya üzv olan Kosovo da yetişdirir, amma biz yox. Ona görə ki, bizim federasiyaya 24 milyon büdcə ayrılsa da, Azərbaycanın uşaqları Masallıda, Gəncədə oynamağa 5-10 manatlıq top, forma tapa bilmirlər. Amma AFFA topu bu kasıb uşaqlara yox, illik büdcəsi 10 milyonu keçən “Qarabağ”la “Neftçi”yə bağışlayır. Hərəsinə düz 50 dənə. Məgər, “Qarabağ”la “Neftçi”nin top almağa pulu yoxdur?

Bəli, 2005-ci ildən bəri futbolumuza sırf ayrılan milyonlar belə mənasız, axmaq, dekorativ layihələrə sərf olunub. O boyda Gəncədə uşaqlar bərbad meydançada məşq edir, 50-60 manat tapmırlar ki, futbol qapısının köhnəlmiş torunu dəyişsinlər. Qazaxda Möhsünün azyaşlı oğlu İlyasın istedadı məhv olub gedir, AFFA isə Ukraynanın Nikolayev şəhərində milliyə gətirmək üçün hansısa Vanya Borisoviçi axtarır.

Və bütün bunlardan sonra Ramin Musayev deyir ki, AFFA-lıq heç nə yoxdur, günah ancaq klublardadır. Deməli, fakta Ramin Musayev kimi qiymət verəndə, işi Elxan Məmmədov kimi görəndə, problemə isə Ağasəlim Mircavadov kimi yanaşanda futbolun dibində, qrupun sonunda olmağımız təbiidir. Gələcəkdə elə orada ilişib qalacağımız da.

Aydin BAĞIROV
[email protected]

 


Etiketlər:  Pulsuz Qarabağa kasıb uşaqlara lazımdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ