Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Yanvar 2020 16:33
Bakı. Trend:
Qarşıdan 20 Yanvar-Ümumxalq Hüzn Günü gəlir. Azərbaycan Respublkasının Prezidenti İlham Əliyev 2019-cu il dekabr ayının 13-də 20 Yanvar faciəsinin otuzuncu ildönümü haqqında Sərəncam imzalayıb.
Böyük tarixi-siyasi əhəmiyyət kəsb edən həmin Sərəncamda 20 Yanvar faciəsinə geniş, hərtərəfli və obyektiv siyasi-hüquqi qiymət verilib, faciənin səbəb və nəticələri, xalqımızın milli azadlıq və müstəqil dövlət qurmaq uğrunda apardığı fədakar, qətiyyətli və prinsipial mübarizə öz dolğun əksini tapıb.
Adıçəkilən Sərəncamda Azərbaycan Respublikasının ərazisində və ölkəmizin hüdudlarından kənarda 20 Yanvar faciəsinin otuzuncu ildönümünə həsr olunmuş anım mərasimlərinin keçirilməsi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının 20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə bağlı tədbirlər planını hazırlaması və onun həyata keçirilməsini təmin etməsi öz əksini tapıb. Dövlət başçısının bu Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyevin sərəncamı ilə "20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə bağlı tədbirlər planı" təsdiq edilib. Yuxarıda qeyd etdiyimiz sənədlərə əsasən Təhsil Nazirliyinin müvafiq əmri ilə 20 Yanvar faciəsi ilə bağlı təhsil müəssisələrində keçiriləcək tədbirlər planı təsdiq olunub.
Bakı Slavyan Universitetindən (BSU) Trend-ə verilən məlumata görə, rektor, professor Nurlana Əliyevanın əmri ilə universitetdə 20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə bağlı xüsusi tədbirlər planı müəyyənləşdirilib, faciəsinin otuzuncu ildönümünə həsr olunmuş tədbirlərin icrası ilə əlaqədar 16 nəfərdən ibarət Təşkilat Komitəsi yaradılıb.
Yanvarın 15-də BSU-nun Əcnəbi tələbələrlə iş üzrə dekanlığının, Beynəlxalq əlaqələr şöbəsinin, Mədəni-kütləvi tədbirlərin təşkili şöbəsinin, Beynəlxalq münasibətlər, regionşünaslıq və jurnalistika fakültəsinin birgə təşkilatçılığı ilə universitetin Heydər Əliyev Mərkəzində əcnəbi tələbələr üçün “Azərbaycan həqiqətləri” mövzusunda tədbir keçirilib. Tədbirin əvvəlində Azərbaycanın müstəqilliyi uğrunda canından keçmiş soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə BSU-nun Tərbiyə işləri üzrə prorektoru Xanım Sultanova “20 Yanvar faciəsi müstəqillik yolumuzdur” mövzusunda çıxış edib. Xanım Sultanovanın çıxışında 20 Yanvar faciəsinin mahiyyət və məzmunu konkret tarixi faktlar əsasında öz əksini tapıb.
Əcnəbi tələbələrlə iş üzrə dekan Ülviyyə Məmmədova çıxış edərək bu tədbirin əcnəbi tələbələrin 20 Yanvar faciəsi haqqında məlumatlandırılması baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb və dekanlığın bu sahədə həyata keçirdiyi tədbirlər barədə ətraflı məlumat verib.
Tədbirdə Azərbaycan tarixi və ictimai elmlər kafedrasının dosent əvəzi Sevda Əhmədova rus dilində əcnəbi tələbələr qarşısında 20 Yanvar faciəsi barədə mühazirə ilə çıxış edərək, faciənin baş verdiyi dövrün tarixi-siyasi şəraitini geniş təhlil edib, bu hadisənin xalqımızın milli-azadlıq hərəkatına böyük təkan verdiyini vurğulayıb.
Sonra tədbirdə 20 Yanvar faciəsini əks etdirən “20 Yanvar – qanlı tariximiz” adlı sənədli film nümayiş etdirilib.
Diskussiya formasında davam edən tədbirdə əcnəbi tələbələrin sualları ətraflı cavablandırılıb, maraqlı fikir mübadiləsi aparılıb.
Tədbirdən sonra əcnəbi tələbələrə BSU-nun foyesində təşkil edilmiş 20 Yanvar faciəsi ilə bağlı kitab sərgisi barədə məlumat verilib, həmçinin Azərbaycanın Milli Qəhrəmanlarının və universitetin şəhid məzunlarının stendinə baxış keçirilib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin