Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Matəm günlərini siyasiləşdirmək radikal müxalifətin ənənəvi siyasi davranış üsuludur - Aydın Quliyev

Matəm günlərini siyasiləşdirmək radikal müxalifətin ənənəvi siyasi davranış üsuludur -  Aydın Quliyev

Tarix: 21 Yanvar 2020 16:48

"Ümummilli matəm və bayram günlərini siyasiləşdirmək Azərbaycanın radikal müxalifəti üçün ənənəvi siyasi davranış üsuluna çevrilməkdədir. Əli Kərimli və bir qrup tərəfdarının 20 Yanvar hadisələrinin ildönümü ilə bağlı Şəhidlər Xiyabanındakı davranışları buna sübutdur".

Milli.Az xəbər verir ki, bunu Trend-ə açıqlamasında "Bakı xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.

O bildirib ki, böyük insan axını şəraitində ziyarətin insidentsiz və təhlükəsiz ötüşməsi üçün müvafiq rəsmi orqanlar tərəfindən tənzimləyici tədbirlərin görülməsinin zəruri olduğunu bütün qərəzsiz və obyektiv insanlar qəbul edir: "Heç bir sübuta ehtiyac yoxdur ki, kütləvi matəm və bayram tədbirləri rəsmi qaydada idarə edilmədiyi halda hər cür xoşagəlməzliklərin baş verməsi qaçılmaz ola bilər. Polisin insanların izdihamlı ziyarətinin təhlükəsizliyini təmin etməsini guya hansısa siyasi təşkilat nümayəndələrinə qarşı məhdudlaşdırıcı tədbir kimi qələmə vermək yolverilməzdir.

Artıq neçənci dəfədir ki, "Milli Şura" təmsilçiləri ümumxalq hüzn günü izdihamlarından siyasi məqsədlə istifadə etməyə səy göstərir. Görünür ki, radikallar bir il əvvəl - 2019-cu ilin əvvəlində Şəhidlər Xiyabanında insanların kövrək hisləri üzərində siyasət qurmaq oyunlarına elin açıq qınaq reaksiyalarından nəticə çıxarmayıblar. Cəmiyyətimiz kimliyindən asılı olmayaraq hüzn və bayram tədbirlərinin siyasiləşdirilməsinə qarşı hər zaman barışmaz mövqe tutub".

Ekspert vurğulayıb ki, ümumxalq hüzn tədbirlərinin siyasiləşdirilməsi Milli Şura partiyalarının ölkədə ictimai rəyə sayqısız yanaşdıqlarını bir daha sübut edir: "Bu qüvvələr üçün xalqın nə düşündüyü yox, özlərinin və pərdəarxası qüvvələrin yazdığı plan əsasında hərəkətlər etmək daha vacibdir. Ümumxalq hüzn günlərini siyasiləşdirmək cəhdləri radikallarla Azərbaycan xalqı arasında dərin mövqe fərqləri və uçurum olduğunu göstərir.

Heç şübhə yoxdur ki, şəhərin onsuz da gur insan axını olan yerlərində aksiyalar keçirməklə sosial bazasızlığı ört-basdır etmək taktikası süquta uğradığına görə radikallar yeni üsula əl atır. Bu dəfə də izdihamlı matəm yürüşü içində guya geniş sosial bazalarının olduğunu nümayiş etdirmək istəyirlər. Lakin bütün hallarda cəmiyyət dəyişməyən oyunçuların kimliyini yaxşı bildiyi üçün fitnələrə uymur. Xalq bilir ki, hüzn mərasimlərini siyasiləşdirmək istəyənlər vaxtilə hakimiyyəti yarıtmaz idarə etdikləri üçün xalq tərəfindən devrilən və 27 ildə bir siyasi qələbə qazana bilməyən uğursuz təşkilat rəhbərləridir".

Milli.Az


Etiketlər:  Matəm günlərini siyasiləşdirmək radikal müxalifətin ənənəvi siyasi davranış üsuludur Aydın Quliyev


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ