Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 May 2019 13:08
Bakı. Cani Babayeva - Trend:
Bakıda Avropa çempionatının iştirakçıları üçün bütün şərait yaradılıb.
Bunu Trend-ə bədii gimnastika üzrə İtaliya milli komandasının məşqçisi Culyetta Kantaluppi deyib.
O, ilk günün nəticələrindən razı qaldığını deyib:
“Əlbəttə komanda qrup hərəkətlərdə daha yaxşı çıxış edə bilərdi. Mən istəyirəm ki, onlar lentlə hərəkətlərdə diqqətlərini cəmləsinlər və səhvsiz çıxış etsinlər”.
Məşqşi əlavə edib ki, Milli Gimnastika Arenasında çox gözəl şərait yaradılıb.
Qeyd edək ki, 16-19 may tarixlərində Bakıda bədii gimnastika üzrə 35-ci Avropa çempionatı keçirilir.
Çempionatda fərdi proqramda böyük gimnastlar, qrup hərəkətləri proqramında isə gənc komandalar çıxış edir.
Yarışların ilk günü gənclərdən ibarət qrup hərəkətləri komandalarının çıxışları ilə başlayıb. 17 may tarixində isə yalnız böyük gimnastlar xalça üzərində öz güclərini sınayacaqlar. Çempionatın 3-cü günü artıq komanda hesabında (böyük gimnastlar və gənc komandaların ortaq xalları əsasında) və qrup komandalarının çoxnövçülük yarışlarında qaliblərin adları açıqlanacaq. Və turnirin son günü ayrı-ayrı alətlər üzrə Avropanın ən yaxşı gimnastlarının adları məlum olacaq.
Çempionatda 35 ölkədən gimnastlar iştirak edir.
Azərbaycanı Avropa çempionatında yeniyetmələr arasında Nəzrin Cəfərzadə, Eleonora Yusifova, Ləman Əlimuradova, Fəridə Səfiyarzadə, Mədinə Əsədova, Selcan Hacızadə, Milana Əkbərovadan ibarət komanda təmsil edir.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin