Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Yanvar 2020 10:15
Bakı. Trend:
Türkiyənin “TRT World” kanalı tərəfindən hazırlanmış “Qara Bağlar: Azərbaycan və Ermənistan müharibələri” (Black Orchards: Azerbaijan and Armenia’s Wars) sənədli filmi Azərbaycanın Los Anceles şəhərindəki Baş Konsulluğunda nümayiş etdirilib.
Baş Konsulluqdan Trend-ə verilən məlumata görə, ğun təşkilatçılığı ilə keçirilən tədbirdə sənədli filmin ssenari müəllifi Oubai Şahbandar, filmin rejissoru və prodüseri Ataxan Kərküklü, o cümlədən müxtəlif xarici ölkələrin baş konsulları, siyasi xadimlər, tanınmış elm və mədəniyyət xadimləri, jurnalistlər, Azərbaycan icmasının fəalları, həmçinin türk, yəhudi, pakistanlı, koreyalı və latino icmalarının rəhbərləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev 1990-cı ildə Azərbaycan xalqına qarşı törədilmiş Qara Yanvar faciəsinin 30-cu ildönümünün bir neçə gün öncə tamam olduğunu qeyd edərək, faciə haqda məlumat verib. Sonra tədbir iştirakçıları Qara Yanvar qurbanlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Baş konsul Ermənistan-Azərbaycan münaqişəsinin tarixi haqqında danışaraq, Ermənistanın ölkəmizə qarşı işğalçılıq və etnik təmizləmə siyasəti barədə faktları iştirakçıların diqqətinə çatdırıb. O, Ermənistanın təcavüzü nəticəsində 1 milyona yaxın dinc azərbaycanlının öz yurdlarından didərgin salındığını bildirib. N.Ağayev BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş və bu təcavüzü pisləyən müvafiq qətnamələrə Ermənistan tərəfindən hələ də əməl edilmədiyini vurğulayıb. Diplomat bu ədalətsizlik haqda məlumatların dünya ictimaiyyətinə çatdırılması baxımından yüksək peşəkarlıqla hazırlanmış “Qara Bağlar: Azərbaycan və Ermənistan müharibələri” sənədli filminin təqdirəlayiq olduğunu qeyd edib.
Sonra film nümayiş etdirilib. Film tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.
Filmin ssenari müəllifi O.Şahbandar çıxış edərək, filmdə əks olunan hadisələr və çəkiliş prosesi haqqında ətraflı danışıb. O bildirib ki, filmin əsas məqsədi münaqişə haqda həqiqətlərin bu təcavüz və işğalın qurbanlarının dilindən təqdim olunmasıdır.
Daha sonra O.Şahbandar və A.Kərküklü tədbir iştirakçılarının film və münaqişə ilə bağlı çoxsaylı suallarını cavablandırıblar.
Qeyd edək ki, film Los Anceles şəhərində keçirilən Hollivud Beynəlxalq Qısametrajlı Film Festivalında “Ən yaxşı qısa sənədli film” mükafatına layiq görülüb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin