Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Yanvar 2020 20:21
Bakı. Trend:
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və Dövlət Gömrük Komitəsinin bigə elan etdiyi "Gömrük sistemində aparılan islahatlar: nəticələr, perspektivlər" mövzusunda müsabiqənin nəticələri açıqlanıb və qaliblər mükafatlandırılıblar.
Trend-in məlumatına görə, tədbirdə Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev, Fondun icraçı direktoru Vüqar Səfərli, komitənin rəhbər vəzifəli şəxsləri, habelə müsabiqənin qalibi olmuş jurnalistlər iştirak ediblər.
Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev media nümayəndələrini salamlayaraq bildirib ki, son zamanlar Dövlət Gömrük Komitəsinin rəhbərliyi və KİV nümayəndələri arasında intensiv görüşlər keçirilir. Səfər Mehdiyev 2019-cu ilin bu baxımdan Azərbaycan gömrüyü üçün daha əlamətdar olduğunu vurğulayıb: "Müstəqil Azərbaycanın qurucusu, ümummilli lider Heydər Əliyev və onun ideyalarının sadiq daşıyıcısı Prezident İlham Əliyev daim mediaya qarşı həssaslıq göstərib, kütləvi informasiya vasitələrinin inkişafı üçün xüsusi proqram və layihələr həyata keçirib, jurnalistlərin ən yaxın dostu olublar. Bugünkü həyatımızı medianın iştirakı olmadan təsəvvür etmək mümkün deyil. Bütün sahələrdə baş verən hadisələrin, xüsusilə neqativ halların araşdırılaraq ictimaiyyətə çatdırılması, əsaslı və haqlı tənqid cəmiyyətin formalaşması və inkişafında mühüm rol oynayır".
Səfər Mehdiyev bildirib ki, Dövlət Gömrük Komitəsi fəaliyyətində ictimaiyyətlə əlaqələrə xüsusi diqqət yetirir və iş prinsipini media ilə açıq və şəffaf əməkdaşlıq üzərində qurur. Komitə sədri, həmçinin vurğulayıb ki, bu məqsədlə son iki ildə gömrük sahəsində ixtisaslaşan jurnalistlərin bilik və bacarıqlarının artırılması üçün xüsusi seminar və təlimlər keçirilib, gömrük işinin təşkilinin daha aydın mənimsənilməsi üçün müxtəlif gömrük idarələrinə və gömrük postlarına jurnalistlərin səfərləri təşkil olunub: "Qeyd etməliyəm ki, media-gömrük münasibətlərinin inkişafı istiqamətində görülən tədbirlərin nəticəsidir ki, son illərdə kütləvi informasiya vasitələri və jurnalistlər gömrük sisteminə daha həssaslıqla yanaşır, bu sahəyə həsr olunan reportaj və məlumatlar daha da peşəkarlıqla hazırlanır".
Gömrük orqanlarının ötənilki fəaliyyətindən danışan Səfər Mehdiyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən islahatlar hesabına 2019-cu ildə də uğurlu nəticələrin əldə olunduğunu diqqətə çatdırıb. Bildirilib ki, maliyyə nəzarətinin gücləndirilməsi, uçot sisteminin düzgün qurulması, şəffaflığın təmin olunması hesabına 706 milyon manatdan artıq vəsait toplanaraq dövlət büdcəsinə köçürülüb. Ötən il 4 milyondan artıq elektron xidmət həyata keçirilib və sərhədkeçmə prosesləri zamanı 17 milyon insana xidmət göstərilib".
Səfər Mehdiyev bildirib ki, gömrük orqanlarının fəaliyyətinin ictimaiyyətə dolğun və obyektiv şəkildə çatdırılması baxımından Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu ilə birgə təşkil olunmuş müsabiqə mühüm əhəmiyyətə malikdir: "Bu gün Dövlət Gömrük Komitəsinin və Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu ilə birgə təşkil etdiyi "Gömrük sistemində aparılan islahatlar: nəticələr, perspektivlər" mövzusunda yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimindəyik. Müsabiqə 30 yanvar - gömrük əməkdaşlarının peşə bayramına həsr olunub. Müsabiqəyə təqdim olunan yazı və videoreportajlardan da aydın görmək olar ki, gömrük-media münasibətlərində səmərəli əməkdaşlıq öz nəticəsini verir. Ötən ilki müsabiqə ilə müqayisə apardıqda, aşkar görünür ki, təqdim olunan yazılar daha peşəkarlıqla hazırlanıb. Jurnalistlərimizin gömrük sahəsində daha çox məlumatlı olduğu müşahidə edilir".
Komitə sədri Səfər Mehdiyev sonda bütün müsabiqə iştirakçılarına təşəkkürünü bildirib və onlara yaradıcılıq uğurları arzulayıb: "İnanıram ki, peşəkar fəaliyyətinizlə gömrük orqanları və media arasında qarşılıqlı səmərəli işgüzar münasibətlərin qurulması və inkişaf etdirilməsi üçün səylərinizi bundan sonra da əsirgəməyəcəksiniz".
Sonra Səfər Mehdiyev müsabiqənin nəticələri barədə danışmaq üçün sözü Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərliyə verilib. Vüqar Səfərli tədbir iştirakçılarını salamlayaraq birgə tədbirin gömrük işçilərinin peşə bayramı ərəfəsinə təsadüf etdiyini vurğulayıb. Bu münasibətlə komitənin rəhbərliyini və çoxsaylı kollektivini təbrik edən icraçı direktor onlara məsuliyyətli işlərində uğurlar arzulayıb.
Son illər Dövlət Gömrük Komitəsində vətəndaş məmnunluğuna xidmət edən əsaslı islahatların aparıldığını bildirən Vüqar Səfərli uğurlu nəticələrin ölkə rəhbərliyi səviyyəsində də təqdir edildiyini xüsusi vurğulayıb. İcraçı direktor gömrük orqanlarının fəaliyyətində tətbiq olunan çevik, müasir və şəffaf idarəçilik metodlarının sahibkarlar və sadə vətəndaşlar tərəfindən də razılıqla qarşılandığını bildirib.
Vüqar Səfərli, həmçinin bildirib ki, Fondun fəaliyyətində başlıca istiqamətlərdən biri də mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə qarşılıqlı faydalı əməkdaşlığı gücləndirməkdir. O qeyd edib ki, bu məqsədlə müxtəlif dövlət qurumları ilə mütəmadi olaraq konfranslar keçirilir, fərdi jurnalist yazıları təşkil olunur. İcraçı direktor Fondla Komitənin birgə təşkil etdiyi "Gömrük sistemində aparılan islahatlar: nəticələr, perspektivlər" mövzusunda yazı və telesüjet müsabiqəsinin gömrük sistemində aparılan islahatların mahiyyətinin ictimaiyyətə obyektiv və dolğun şəkildə çatdırılması baxımından əhəmiyyətini qeyd edib.
İcraçı direktor birgə müsabiqənin 2019-cu il noyabrın 22-dən 2020-ci il yanvarın 17-dək davam etdiyini vurğulayıb. Vüqar Səfərli bildirib ki, müsabiqədə qəzet, agentlik və saytlarla yanaşı, televiziyalarda çalışan jurnalistlər də iştirak ediblər. O əlavə edib ki, müsabiqədə məqsəd gömrük orqanlarının fəaliyyətində şəffaf idarəçilik metodlarının tətbiqi sahəsində həyata keçirilən tədbirlərin ictimaiyyətə çatdırılmasında peşəkar jurnalist əməyinin stimullaşdırılmasıdır: "Müsabiqəyə 27 KİV-dən 38 yazı, o cümlədən 3 televiziyadan 4 süjet təqdim edilib. Müsabiqənin şərtlərinə əsasən, qəzet, agentlik və onlayn mediada çalışan jurnalistlər üçün 6 əsas, 10 həvəsləndirici, eləcə də televiziyalarda çalışan jurnalistlər üçün 3 əsas, 3 həvəsləndirici mükafat nəzərdə tutulub. Müsabiqənin şərtlərinə əsasən, I yerin qaliblərinə 1500, II yerlərin qaliblərinə 1000, III yerlərin qaliblərinə 600 manat veriləcək. Bundan əlavə, həvəsləndirici yerlərə layiq görülənlərin hər biri üçün 200 manat mükafat nəzərə tutulur".
Vüqar Səfərli, həmçinin Komitə rəhbərliyinin media ilə qarşılıqlı faydalı əməkdaşlığa açıq olmasını təqdir edərək bunun bəzi nöqsanların operativ şəkildə aşkarlanması və aradan qaldırılması baxımından əhəmiyyətini diqqətə çəkib. İcraçı direktor, həmçinin diqqətə çatdırıb ki, Fond media ilə mərkəzi icra hakimiyyəti orqanları arasında əməkdaşlığın inkişafında fəal roluna görə Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyevin xüsusi diplomla təltif olunmasına qərar verib. İcraçı direktor Fondun diplomunu komitə sədri Səfər Mehdiyevə təqdim edib.
Sonra müsabiqənin qalibləri mükafatlandırılıb.
Tədbiri yekunlaşdıran komitə sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev KİV-lərlə əməkdaşlığın genişləndirilməsində xidmətlərinə görə Fondun rəhbərliyinə minnətdarlığını bildirərək belə müştərək layihələrin gələcəkdə də davam etdiriləcəyini vurğulayıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin