Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Yanvar 2020 17:32
Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) nümayəndələri Kiyevdə keçirilmiş Azərbaycan-Ukrayna İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 12-ci iclasında və tədbir çərçivəsində təşkil olunmuş Dəyirmi Masada iştirak edib.
KOBİA-dan Trend-ə verilən məlumata görə, komissiyanın iclasında və Ukrayna-Azərbaycan Dəyirmi Masasındakı çıxışında KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov hər iki ölkənin kiçik və orta sahibkarlıq (KOB) sahəsində böyük potensiala malik olduğunu və KOB-lar arasında əlaqələrin genişləndirilməsi üçün müxtəlif tədbirlərin təşkilinin önəmini vurğulayıb, ölkəmizdə KOB sektorunun inkişafına dövlət dəstəyi, bu sahədə KOBİA-nın fəaliyyəti barədə məlumat verib. KOBİA tərəfindən ölkələrimiz arasında KOB sahəsində əlaqələrin inkişafı məqsədilə əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsinə, sahibkarlar arasında birbaşa və sıx əlaqələrin qurulması üçün Azərbaycan-Ukrayna Biznes Şurasının yaradılmasına, biznes assosiasiyalar arasında aktiv əlaqələrin qurulmasına, dövlət-özəl sektor tərəfdaşlığı sahəsində Ukrayna təcrübəsinin öyrənilməsinə, birgə müsissələrin yaradılmasına dair təkliflər səsləndirilib.
Azərbaycan-Ukrayna İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 12-ci iclası çərçivəsində KOBİA və Ukrayna Ticarət və Sənaye Palatası arasında əməkdaşlığa dair Memorandum imzalanıb. KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Ukrayna Ticarət və Sənaye Palatasının prezidenti Gennadi Çijikov arasında imzalanmış sənəddə KOB-lar arasında əməkdaşlığın genişləndirilməsi məqsədilə məlumat və təcrübə mübadiləsinə, birgə tədbirlərin təşkilinə dair məsələlər öz əksini tapıb.