Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Fevral 2020 11:16
"Bu il Azərbaycanda nar və nardan hazırlanan məhsulların inkişafında dinamik artım qeydə alınıb".
Sonxeber.net xəbər verir ki, bunu Trend-ə Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Fərhad Qaraşov deyib.
O bildirib ki, əgər 2018-ci ildə nar ixracı təqribən 9300 ton (12.2 mln ABŞ dolları) təşkil etmişdisə, 2019-cu ildə bu, təqribən 17.500 tona (19 mln ABŞ dolları) bərabər olub.
Assosiasiya sədri vurğulayıb ki, 2019-cu ildə nar konsentrantı və nar şirəsinin də ixracında artım qeydə alınıb: "2018-ci ildə nar konsentrantı ixracı təqribən 750 ton (1.3 mln ABŞ dolları) olduğu halda, 2019-cu ildə bu rəqəm təqribən 905 ton (1.5 mln ABŞ dolları) olub. 2018-ci ildə nar şirəsi ixracı təqribən 5900 ton (7.4 mln ABŞ dolları) təşkil etmişdisə, 2019-cu ildə ixrac təqribən 6400 ton (7.5 mln ABŞ dolları) olub".
F.Qaraşov qeyd edib ki, Azərbaycanda ümumi nar istehsalında da əhəmiyyətli dərəcədə artım qeydə alınıb. Onun sözlərinə görə, 2018-ci ildə 155 min ton nar istehal olunduğu halda, 2019-cu ildə bu rəqəm 175 min ton olub.
Assosasiya sədri əlavə edib ki, bu artıma ölkəmizdə sahibkarlar üçün yaradılmış münbit şərait, kənd təsərrfüatına göstərilən diqqət və qayğı sayəsində nail olunub: "Ölkədə biznes mühitinin yaxşılaşdırılması üçün böyük işlər görülür. Azərbaycan məhsullarının ixrac coğrafiyası da genişləndirilir, xarici ölkələrdə ticarət evləri açılır ki, bu da sahibkarlığın davamlı inkişafı üçün möhkəm əsas yaradır".
Assosasiyanın gələcək fəaliyyəti haqqında danışan F.Qaraşov bildirib ki, 2020-ci ildə qurumun əsas hədəfi Fransa və Polşaya nar ixracını daha da artırmaq və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) dəstəyi ilə digər Avropa və dünya ölkələrin bazarlarına çıxış tapmaqdır.
Qeyd edək ki, Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası 2016-ci ilin noyabrından fəaliyyətə başlayıb və ilk günlərdən ölkəmizdə narçılıqla məşğul olan fiziki və hüquqi şəxsləri öz ətrafına toplayıb. 2019-cu ildə assosiasiyanın fəaliyyəti məhsuldar keçib. Belə ki, üzvlərinin sayı 2018-ci ilə (34 üzv) nisbətdə 10 dəfədən çox artaraq 345-ə çatıb. Assosiasiya, həmçinin Beynəlxalq təşkilatlarla narçılığın inkişafı istiqamətində sıx əməkdaşlıq edir.