Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Fevral 2020 21:48
Biz Azərbaycanın uğurları ilə fəxr edirik.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan fevralın 25-də Azərbaycan-Türkiyə sənədlərinin imzalanması mərasimindən sonra Prezident İlham Əliyevlə mətbuata bəyanatlarla çıxışında deyib.
Rəcəb Tayyib Ərdoğan qeyd edib: "Həqiqətən bu gün istər ikitərəfli, istərsə də nümayəndə heyətlərinin iştirakı ilə keçirdiyimiz görüşlərdə gələcəklə bağlı çox önəmli addımlar atdıq. Həqiqətən də bu gün Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şuramızın VIII toplantısını keçirmək üçün irəliyə doğru bir addım da atmanın xoşbəxtliyini, məmnunluğunu yaşadıq.
Nazirlərimiz öz aralarında görüşlər keçirdilər. Biz isə təkbətək görüşümüzdə ətraflı müzakirə apardıq. Onsuz da Türkiyə ilə Azərbaycan arasında siyasi, hərbi, iqtisadi, ticari, mədəni - bütün bu sahələrdə həmişə həmrəylik nümayiş etdirmişik və etdiririk. Aramızda bu istiqamətlərdə hər hansı bir sıxıntı müzakirə mövzusu ola bilməz. Amma bunları bu yüksək əməkdaşlıq şurasında bir daha müzakirə edərək harada çatışmazlığımız var, gələcəkdə necə hərəkət edəcəyik, - bunları müzakirə etmək imkanımız oldu.
Siyasi sahədə həmrəylik ən yüksək səviyyədə davam edir. Nazirlərimiz bu məsələdə həmrəy olduqlarını bu günə qədər davamlı surətdə göstəriblər, beynəlxalq qurumlarda və təşkilatlarda bu həmrəyliyi davam etdirirlər. Bununla əlaqədar aidiyyəti nazirlərimizi təbrik edirəm. Bundan başqa, digər sahələrdə də nazirlərimiz bir-biriləri ilə həmrəylik nümayiş etdirirlər. Bu həmrəyliyi daha da inkişaf etdirəcəyik.
Həqiqətən də Prezident İlham Əliyevin uzaqgörən liderliyi ilə xüsusilə Azərbaycanın, bölgəmizin rifahı və sabitliyi göz önündədir. Bu, özünü çox aydın şəkildə göstərməkdədir. Bundan sonra da bunun davamını görəcəyimizə inanıram. Fevralın 9-da Milli Məclisə keçirilən seçkilərin qardaş Azərbaycan üçün xeyirli olmasını Allahdan diləyirəm.
Biz Azərbaycanın uğurları ilə fəxr edirik. Bundan sonra bu uğurlara yeni nailiyyətlərin əlavə olunacağına da heç bir şübhəmiz yoxdur. Düşünürəm ki, 20 il əvvəlki Azərbaycan ilə bugünkü Azərbaycanı müqayisə etmək mümkün deyil. Bu gün tamamilə başqa bir Azərbaycan göz önündədir. İnfrastrukturu, quruculuğu ilə daim inkişaf edən, dəyişən bir Azərbaycan var. Təbii ki, burada Azərbaycan iqtisadiyyatının keçən il əldə etdiyi inkişaf islahatlar prosesinin nə qədər doğru olduğunu da ortaya qoymaqdadır. Bu inkişaf bundan sonra da artmaqda davam edəcəkdir. Bunu da görəcəyik.
Qeyri-neft sektorunun 3 faiz, bu sahədə ixracın 14 faiz artması təsadüfi deyildir. Bunu da görməyə şadıq. Bu da təqdirəlayiqdir. Azərbaycanın bu sürətli inkişafı davam etdirəcəyinə inanıram.
Şuranın iclasında əlaqələrimizi hər bir sahədə daha necə inkişaf etdirə biləcəyimizi də müzakirə etmək imkanımız oldu. Bir az əvvəl 14 sənəd - memorandum, saziş və protokol imzaladıq. Bu, təbii ki, çox önəmlidir. Aidiyyəti nazirlərimiz bu sahədə işi davam etdirəcəklər. Amma bunların arasında ən önəmlisi, əlbəttə, preferensial ticarət sazişidir ki, bu da işin iqtisadi tərəfini təşkil edir. Amma bundan başqa siyasi sahədə xüsusilə önəmli bir addım Naxçıvan və Türkiyə arasındakı dəmir yolu məsələsidir. Bu, Naxçıvanın inkişafı baxımından çox önəmlidir.
Digər bir önəmli addım isə Naxçıvanda sərhədə qədər, eyni qaydada, İğdırdan da sərhədə qədər təbii qaz kəmərinin çəkilməsidir. Beləliklə, təxminən 160 kilometrlik kəmərin çəkilməsi ilə Naxçıvan təbii qazla bağlı daha əlverişli imkan əldə edəcək. Yəni, həm İrandan, həm də Türkiyədən dəstək almaqla daha güclü bir vəziyyətə gələcək. Mən bu baxımdan bunu da enerji sahəsində həqiqətən çox önəmli hesab edirəm. Bunun da xeyirli olmasını diləyirik. Biz bu gün nazirlərimizə tapşırıqlar verdik. Sabahdan etibarən infrastruktur işlərinə başlayacaqlar və İnşallah, bunu sürətlə başa çatdıraraq qısa müddətdə burada təbii qaz nəqlinə başlanacaq. Bu, çox önəmlidir.
Nəqliyyat sahəsində də eyni şəkildə. Dəmir yolu ilə bağlı da infrastruktur işlərinə başlanacaq və təbii ki, qısa müddətdə tamamlanacaqdır. Bu sahədə daha bir önəmli addım qardaşım İlham Əliyev ilə TANAP-ın Avropaya birləşən hissəsinin açılışını etməyimiz oldu. 2019-cu ildə ticarət dövriyyəmiz təxminən 4,5 milyard dollar oldu. Bu rəqəmi 2023-cü ildə, İnşallah, 15 milyard dollara çatdıracağıq. Hədəfimiz budur. Buna da nail olmalıyıq. Bu gün imzalanan preferensial ticarət sazişimiz bu sahədə bizim üçün böyük önəm kəsb edir. Gömrükdən kənd təsərrüfatına, enerjidən nəqliyyata, texnologiyadan turizmə qədər hər sahədə əməkdaşlığımızı dərinləşdirəcəyik. Bundan başqa, rəqəmsal dövlət xidmətləri sahəsində, sərmayə bazarında, maliyyə sektorunda da yeni əməkdaşlıq imkanlarını araşdıracağıq".