Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ Konqresi Xocalı faciəsinin 28-ci ildönümünü yad edib - FOTO

ABŞ Konqresi Xocalı faciəsinin 28-ci ildönümünü yad edib - FOTO

Tarix: 27 Fevral 2020 11:24

26 fevral 2020-ci il tarixində ABŞ Konqresində Nümayəndələr Palatasının Xarici Məsələlər Komitəsinin dinləmə zalında Xocalı faciəsinin 28-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib.

Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, tədbirə ABŞ Konqresinin Təxsisatlar Komitəsinin və Helsinki Komissiyasının üzvü Alabamanı təmsil edən konqresmen Robert Aderholt (Robert Aderholt), Konqresdəki Azərbaycan üzrə İşçi Qrupunun Respublikaçı həmsədri, Xarici Məsələlər və Hüquq Komitələrinin üzvü, konqresmen Stiv Şəbot (Steve Chabot), Nümayəndələr Palatasının Təxsisatlar Komitəsinin üzvü Texas ştatını təmsil edən demokrat Henri Kueyar (Henry Cuellar), Arizona ştatını təmsil edən və Nümayəndələr Palatasının Nəzarət və İslahatlar, Təbii Sərvətlər Komitələrinin üzvü olan respublikaçı Pol Qosar (Paul Gosar), habelə Konqresin çoxsaylı peşəkar heyət üzvləri, Türkiyə Respublikasının ABŞ-dakı Səfirliyinin diplomatik və hərbi nümayəndəliyinin heyəti, ABŞ-dakı Azərbaycan icmasının çox sayda üzvü və xüsusi qonaq qismində Azərbaycan əsilli ABŞ vətəndaşı Cəbrayıldan köçkün düşmüş və müharibə vaxtı gözdən əlil olmuş Nicat Əşrəfzadə də qatılmışdır.

Tədbirdə Xocalı faciəsi ilə bağlı həqiqətlər geniş auditoriyanın diqqətinə çatdırılmış, həmin faciədə qətlə yetirilmiş yüzlərlə insanın xatirəsi anılmış və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tezliklə sülh yolu ilə həllinin vacibliyi vurğulanmışdır.

Tədbiri giriş sözü ilə açan "Hyuston - Bakı Qardaşlaşmış Şəhərlər Asossasiyası"nın və "Azərbaycan evi"nin rəhbəri İradə Axundova iştirakçıları salamlamış, Xocalı qətliamı barədə məlumat verərək, bu faciənin Konqresdə geniş şəkildə anılmasının və dünya ictimaiyyətinin bu qırğından xəbərdar olmasının əhəmiyyətini diqqətə çatdırmışdır.

Daha sonra, çıxış edən Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Elin Süleymanov tədbir iştirakçılarını və Konqres üzvlərini salamlamışdır. Tərbirə qatılan qardaş Türkiyənin nümayəndələrinə təşəkkürünü ifadə etmiş, Azərbaycan-Türkiyə bir millət-iki dövlət şüarını diqqətə çatdıraraq, bu sıx əməkdaşlığın yalnız iki ölkə üçün deyil, bölgəmiz üçün sabitlik, inkişaf və sülh gətirəcəyini vurğulamışdır. Səfir, Xocalı faciəsinin tarixi barədə tədbir iştirakçılarına ətraflı məlumat vermiş, Xocalı qurbanlarının xatirəsini yad etmiş və bunun Azərbaycanlılara qarşı törədilmiş insanlıq əleyhinə cinayət olduğunu, münaqişənin həlli istiqamətində Ermənistan hökumətinin ciddi addımlar atmasının vacibliyini vurğulamışdır.

Səfir, həmçinin Xocalıdakı soyqırımın birbaşa iştirakçıları olan və onun törədilməsini etiraf edən Ermənistan Respublikasının keçmiş dövlət rəhbəri Serj Sarksyanın bir gün Xocalıda törətdiyi amansız cinayətlərə görə də məsuliyyətə cəlb ediləcəyinə ümidini ifadə etmişdir. O, Xocalı faciəsinin nəinki Azərbaycan üçün Ermənistan üçün də faciə olduğunu bildirmişdir.

Səfir, Münxen Təhlükəsizlik Konfransı zamanı Ermənistanın yeni rəhbəri Baş nazir Nikol Paşinyanın Xocalı qətliamını danmasının təəssüf doğurduğunu, onun yeni Ermənistan rəhbəri kimi, keçmiş Prezidentlərin və Ermənistan rəhbərlərinin səhvlərini təkrarlamasının acınacaqlı olduğunu diqqətə çatdırmışdır. Nikol Paşinyanın yeni səhifədən başlaması üçün ilk olaraq yaranmış ümidlərə baxmayaraq, onun faciəni danmasına görə təəssüfünü bildirmişdir. Ermənistanın müstəqil dövlət olması üçün səy göstərməsinin, Azərbaycan və Türkiyə ilə sülhə cəhd etməsinin vacib olduğunu diqqətə çatdırmışdır. Bunun əksinə, bugün Ermənistanın status quo-nu qorumaqda maraqlı olduğunu, lakin, zamanın Ermənistan əleyhinə işlədiyini və Azərbaycanın 1992-ci ildən fərqli olaraq regional güc olduğunu, qüvvətli orduya malik olduğunu və inkişaf etdiyini vurğulamışdır. Azərbaycanın status-quo-da maraqlı olmadığını, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasının, torpaqlarımızın işğaldan azad olunmasının, köçkünlərin geri qayıtmasının vacib olduğunu bildirmişdir. Sülhün bizim bölgəmizdə bərqərar olacağına ümidini ifadə etmiş, Ermənistan üçün müstəqil və qonşuları ilə sülh şəraitində yaşamağın və regional layihələrə qoşulmasının daha əlverişli olacağını diqqətə çatdırmışdır. Səfir xatırlatmışdır ki, Azərbaycanda mülki vətəndaşların xüsusi amansızlıqla qətlini törətmiş cinayətkarlar, o cümlədən keçmiş Prezident Serj Sarkisyan, hətta Yerevanda dinc etirazçılara qarşı da atəş açmaqdan çəkinməmişlər. Səfir, Azərbaycanlılara qarşı qətliam törətmiş hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsinin vacib olduğunu qeyd etmişdir.

Səfir həmçinin, münaqişənin həlli istiqamətində danışıqlar prosesində ABŞ-ın həmsədr ölkə qismində əhəmiyyətli roluna görə minnətdarlığını bildirmişdir.

Tədbirdə daha sonra çıxış edən Konqresin Azərbaycan üzrə İşçi Qrupunun yeni həmsədri Robert Aderholt Xocalı faciəsinin və qətlə yetirilmiş yüzlərlə insanın xatirəsinin yad edilməsinin belə faciənin bir daha baş verməməsi üçün əhəmiyyətli olduğunu vurğulamışdır. Konqresdə belə tədbirin təşkilinə görə minnətdarlığını bildirmişdir. R.Aderholt Azərbaycana iki dəfə həyata keçirdiyi səfərlərini və Azərbaycan Prezidenti ilə keçirdiyi görüşləri xatırlamış, ölkəmizin ABŞ üçün böyük müttəfiq olduğunu vurğulamışdır. O, ABŞ-Azərbaycan münasibətlərinin inkişafı üçün səylərini daha da artıracağını diqqətə çatdırmışdır.

Tədbirə qatılan digər Konqres üzvü Pol Qosar da çıxışı zamanı illər öncə Xocalı şəhərində baş vermiş faciədə həyatını itirmiş insanların unudulmadığını və onların əziz xatirəsinin hər zaman anıldığını qeyd etmişdir. O, bu faciənin bir daha təkrarlanmaması üçün onun unudulmamasının vacib olduğunu xüsusilə qeyd etmişdir. Konqres üzvü münaqişə bölgəsində sülhün bərqərar olmasının zəruri olduğunu bildirmişdir.

Demokrat Konqres üzvü Henri Kueyar Xocalı faciəsində həyatını itirmiş insanların əziz xatirəsini anaraq Azərbaycanlıların kədərinə şərik olduğunu bildirmişdir. Faciənin anılması üçün Azərbaycan və Amerikanların bir araya gəlməsinin faciənin unudulmaması üçün zəruri olduğunu diqqətə çatdırmışdır. Konqres üzvü, Azərbaycanın ABŞ-ın müttəfiqlərindən biri olduğunu vurğulamışdır.

Daha sonra çıxış edən Konqres üzvü Stiv Şəbot 28 il öncə Sovet qoşunlarının köməyilə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Dağlıq Qarabağ regionunda yerləşən Xocalı şəhərində qətliam törətdiyi, qadın, uşaq və yaşlılar daxil olmaqla 600-dən çox günahsız və silahsız Xocalı sakininin qətlə yetirildiyini vurğulamışdır. S.Şəbot bu acı faciənin ildönümündə Azəbaycanla birgə olduğunu və qətlə yetirilmiş insanlarının xatirəsinin unudulmadığını diqqətə çatdırmışdır.

Bundan əlavə, ABŞ və Azərbaycan arasındakı əməkdaşlığı və tərəfdaşlığı yüksək dəyərləndirən S.Şəbot Azərbaycanın xüsusilə Əfqanıstanda ABŞ-a göstərdiyi dəstəyə görə dərin minnətdarlığını ifadə etmişdir. İki ölkə arasında əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyini bildirmişdir.

Tədbirə xüsusi qonaq qismində qatılan, hazırda ABŞ vətəndaşı olan Cəbrayıldan köçkün düşmüş 4 yaşında ikən Ermənistanın Cəbrayılın işğalı zamanı gözdən əlil olmuş Nicat Əşrəfzadə yaddaşındakı acı xatirələrini auditoriya ilə bölüşmüş, işğal zamanı yaşadığı ağrılı-acılı, çətin günlərindən bəhs etmişdir. Başına gələn müsibətləri çox çətinliklə və gərginliklə dilə gətirən Nicat Əşrəfzadənin nitqi qonaqlara emosional təsir bağışlamış, onları kədərləndirmiş və geniş diqqətə səbəb olmuşdur. Nicat Əşrəfzadə münaqişənin sülh yolu həlli istiqamətində səylərin artırılmasının vacib olduğunu və ABŞ-ın bu istiqamətdə xüsusi rola malik olduğunu bildirmişdir. Zamanın Ermənistanın əleyhinə işlədiyini, Azərbaycanın daim gücləndiyini diqqətə çatdırmış və bölgədə sülhün bərqərar olmasına ümidini ifadə etmişdir.

Tədbirin sonunda Xocalı qurbanlarının xatirəsinə ehsan verilmişdir.


Etiketlər:  ABŞ Konqresi Xocalı faciəsinin ildönümünü edib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ