Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bolqarıstanlı ekspert: ''Ovçular ova qənimət kimi deyil, istirahət kimi baxmalıdır''

Bolqarıstanlı ekspert: ''Ovçular ova qənimət kimi deyil, istirahət kimi baxmalıdır''

Tarix: 27 Fevral 2020 14:56

Fevralı 27-də Ümumdünya Vəhşi Təbiəti Mühafizə Fondunun Azərbaycan Nümayəndəliyinin təşkilatçılığı ilə "Azərbaycanda dayanıqlı ov: risklər və imkanlar" adlı Forum keçirilib.

Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, forumda çıxış edən bolqarıstanlı beynəlxalq ekspert Peter Yanakev bildirib ki, ətraf mühit və Azərbaycanda ovçuluq haqqında müzakirələr forumunda ilk dəfə iştirak edir: "Təbiət öz-özünə tənzimləmə mexanizminə malikdir. Əgər populyasiyanın sıxlığı imkan verirsə, həmin ərazidə davamlı və dayanıqlı ov fəaliyyəti ilə məşğul olmaq mümkündür. Bu zaman vəhşi təbiətə minimum ziyan vurmamaq və yaşama yerlərini dağıtmamaq əsas şərtdir".

Ov sahəsinin aktual mövzu olduğunu deyən ekspert bildirib ki, ovçular bu məsələdə məsuliyyətli olmalıdırlar: "Ovçular ilk öncə düşünüb sonra atəş açmalıdır. Ov qanunvericiliyinin tələblərinə ciddi riayət etmək əsas şərtdir. Bolqarıstanda ov fəaliyyəti ilə məşğul olmaq üçün uzunmüddətli təlim və treninqlər aparılır. Azərbaycanlı ovçulara məsləhət görürəm ki, ova qənimət kimi deyil, istirahət kimi baxsınlar. Ov bir elmdir, məsuliyyət və istirahətdir".

Forumda çıxış edən almaniyalı mutəxəssis Hartmurd Müller qeyd edib ki, 12 ildən çoxdur Azərbaycanda işləyir: "Azərbaycan təbiəti zəngin və rəngarəngdir. Burada işlədiyim dövrdə ovla bağlı müşahidə etdiyim ən böyük fakt odur ki, Azərbaycanda ov kortəbii aparılır. Bugünkü forumun da keçirilməsi bir daha sübut edir ki, bu kortəbiilik tez bir zamanda aradan qaldırılacaq və Azərbaycanda davamlı və dayanıqlı ov mədəniyyəti formalaşacaq. Azərbaycan insanını yaxından tanıdığıma görə bilirəm ki, azərbaycanlılar təbiəti çox sevir və ona hörmət edirlər. Ümid edirəm ki, Azərbaycan ovçuları da bu prizmadan yanaşaraq qısa müddətdə ov mədəniyyətinin inkişafı ilə bağlı özlərində dönüş yaradacaqlar".

Azərbaycan Ornitoloji Cəmiyyətinin sədri Elçin Sultanov "Azərbaycanda ovçuluğun biomüxtəlifliyı təsiri" mövzusuda təqdimatla çıxış edib, ov qaydalarına əməl olunmamasının bioloji müxtəlifliyə vurduğu zərərlərdən danışıb.

İDEA İctimai Birliyinin nümayəndəsi Surxay Şükürov, Dünya Vəhşi Təbiəti Mühafizə Fondunun Azərbaycan nümayəndəliyinin əməkdaşı Elşad Əsgərov, Azərbaycan Milli Elmlər Akademiyası Zoologiya İnstitutunun nümayəndəsi Səbinə Bünyadova ölkəmizdəki ov fəaliyyətindən, məsuliyyətli ovun faydalarından danışıb, ovçuları təbiətə laqeyd mübasibət bəsləməməyə, qaydalara əməl etməyə səsləyiblər.

Qeyd edək ki, forumda 3 sessiya olmaqla "Azərbaycanda ov fəaliyyəti", "Dünyada qabaqcıl ovçuluq təcrübəsi" və "Məsuliyyətli ov" istiqamətləri üzrə panel müzakirələr aparılıb.


Etiketlər:  Bolqarıstanlı ekspert Ovçular qənimət kimi deyil istirahət kimi baxmalıdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ