Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Mart 2020 12:48
Prezident İlham Əliyevin hazırkı məqamda bölgələrə səfəri göstərdi ki, nə dünyanı qorxudan virus, təbii fəlakətlər, nə də başqa proseslər xalqla Liderinin arasına girə bilməz.
Sonxeber.net xəbər verir ki, bunu Trend-ə açıqlamasında "Səs" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib.
Ölkə başçısının ən çətin və təhlükəli məqamlarda hər zaman xalqının yanında olduğunu deyən ekspert bildirib ki, koronavirus infeksiyasına yoluxmaq təhlükəsi olduğu məqamda digər ölkələrin rəhbərləri səfərlərini, müxtəlif görüşlərini təxirə salsalar da, cənab Prezidentin Goranboy, Qazax və Şəmkir rayonlarına səfəri onun xalqına olan etimadını, inamını ortaya qoydu:
"Azərbaycanı təhdidlərdən qoruyan, böyük uğurlar əldə etməsinə imkan yaradan əsas səbəblərdən biri məhz Liderlə xalq arasında olan bağlılıqdır".
B.Quliyev qeyd edib ki, səfər çərçivəsində müxtəlif müəssisələrin açılışında iştirak etmək, vəziyyətlə birbaşa tanışlıq, keçirilən görüşlər dövlət başçısının regionlarda baş verən proseslərə, eləcə də əhalinin rahat yaşamasına həssas yanaşdığının göstəricisidir:
"Bildiyiniz kimi son 16 ildə Azərbaycanın bölgələrində 22 yeni xəstəxana, 15 diaqnostika müalicə mərkəzi inşa edilib, 28 mərkəzi rayon xəstəxanası əsaslı təmir olunub, 5 xəstəxananın tikintisi isə davam edir. Bununla yanaşı, bölgələrdə 70 müasir tibb ocağı istifadəyə verilib. Ümumilikdə isə son 16 ildə Azərbaycanda 700-dən çox tibb müəssisəsi tikilib və əsaslı təmir olunub. Azərbaycan Prezidentinin Goranboy rayon Mərkəzi Xəstəxanasının açılışında iştirakı bir daha göstərir ki, Azərbaycanda müasir səhiyyə infrastrukturu formalaşdırılıb. Azərbaycanda səhiyyənin maddi-texniki bazası ən yüksək səviyyədə qurulur, paytaxt Bakı və bölgələrdə tibb müəssisələri müasir standartlara cavab verir, tibbi avadanlıq dünyanın aparıcı xəstəxanalarında olan avadanlıqlardan fərqlənmir. Bu da o deməkdir ki, əhalinin sağlamlığının qorunması istiqamətində atılan addımlar Azərbaycanda həyata keçirilən sosial siyasətin əsasını təşkil edir".
Baş redaktor vurğulayıb ki, dünyanı təşvişə salan koronavirusla mübarizə məsələsində də Azərbaycanda vəziyyət ciddi nəzarətdə saxlanılır:
"Dünyada koronavirusla bağlı profilaktik tədbirlər həyata keçirə bilməyən, xəstəliyi lokallaşdırmağa gücü çatmayan ölkələr də var. Lakin Azərbaycanda bu istiqamətdə işlər tam nəzarətdə saxlanılmaqla yanaşı, xəstəliyin yayılmaması üçün bütün məsələlər xırdalığına qədər düşünülür, müvafiq tədbirlər görülür. Ölkəmizdə ictimai nəqliyyat, əhalinin sıx olduğu ərazilər, tədris müəssisələrində dezinfeksiya işləri həyata keçirilir, xəstələrin sağalması üçün müəyyən tədbirlər görülür. Bütün bunlar bir daha təsdiq edir ki, Azərbaycan dövləti daim öz vətəndaşına diqqət və qayğı ilə yanaşır".