Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Mart 2020 13:20
Koronavirus infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə tədris müəssisələrində təhsilin müvəqqəti olaraq dayandırılmasından sonra "WhatsApp" ani mesajlaşma şəbəkəsində naməlum şəxs səs yazısı yayaraq repititor müəllimləri ehtiyatlı olmağa çağırır. Səs yazısında iddia olunur ki, guya polis əməkdaşları repititor yanına gedən şagirdləri saxlayıb sorğu-sual etdikdən sonra müəllimin evinə gedir və onu bu fəaliyyətinə görə 2800 manat məbləğində cərimələyirlər.
Sonxeber.net xəbər verir ki, bunu Trend-ə açıqlamasında Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov deyib:
"Bununla əlaqədar bildirirəm ki, tamamilə əsassız və uydurma bir iddiadır. Bildiyiniz kimi Nazirlər Kabinetinin sərəncamına əsasən, koronavirus infeksiyasına yoluxma hallarının qarşısının alınması və ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tibbi-profilaktik və digər qabaqlayıcı tədbirlərin davam etdirilməsi məqsədilə martın 10-dan 27-dək bütün təhsil müəssisələrində tədris prosesi dayandırılıb. Bunun müəllimlərin repititorluq fəaliyyətinin məhdudlaşdırılması ilə heç bir əlaqəsi yoxdur. Odur ki, polisin bu sahə ilə məşğul olan müəllimlərə qarşı cərimələr tətbiq etməsi həqiqəti əks etdirmir və şayiədən başqa bir şey deyil.
Həmin səs yazısını yayan şəxsin və ya şəxslərin müəyyən edilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilir".