Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Mart 2020 14:32
Ölkəmizdə erkən nikahların rekord həddə çatdığı tarixlər açıqlanıb. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən verilən məlumata əsasən, erkən nikahların statistik göstəricisi ən çox 2011-ci ildə alınıb ki, bu da 5138 olub.
Sonxeber.net bildirir ki, ARB TV-nin efirində yayımlanan "Günə doğru" verilişində məsələ ilə bağlı süjet yayımlanıb.
Aynur Veysəlova - AQUPDK-nin əməkdaşı: "Bu edilmiş dəyişiklik, aparılan maarifləndirmə məlumatlandırma işlərinin nəticəsi olaraq bu rəqəm 2018-ci ilə nisbətən kifayət qədər aşağı düşüb".
Təhsil eksperti Kamran Əsədov iddia edir ki, xüsusən Bakının ətraf kəndlərində və bölgələrdə bu hallara çox rast gəlinir.
Kamran Əsədov - Təhsil eksperti: "Eyni zamanda, şimal və cənub bölgəsində azyaşlı xanımların böyük əksəriyyətinin erkən nikahlara cəlb olunması ilə bağlı statistik məlumatlar var biz bunu konkret olaraq təhsil müəssisələrində təhsil alanların sayında da görürük. Əgər 1-ci sinifdə təhsil alan şagirdlərin sayı 165 mindirsə, 9-cu sinifdə bu rəqəm 110 minə, 11-ci sinifdə isə 82 minə düşür".
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2018-ci ildə nikah yaşı olmayan 15-17 yaşlı məktəbli qızlar arasında abortların sayı 40 nəfər təşkil edib.
Aynur Veysəlova - AQUPDK-nin əməkdaşı: "2011-ci ildə əgər 15-17 yaşlı qadınlar tərəfindən 4392 uşaq doğulurdusa, 2018-ci ilin son rəqəmi 2129-dur. Bu da onu göstərir ki, belə halların sayı 2 dəfədən çox azalıbdır".
Ölkəmizdə nikah yaşı 18 olaraq qeyd edilir. İstisna hallarda isə bu yaş həddi 17-yə endirilə bilər. Lakin 18 yaşdan aşağı yeniyetmələri evliliyə məcbur etmək və ya cinsi istismar etmək cinayət əməli sayılır.
Siracəddin Kərimov - Hüquqşünas: "272 PRE 1-ci maddəsinin 2-ci hissəsinə görə yetkinlik yaşına çatmayan şəxsi məcbur etmə artıq 4 ilə qədər azadlıqdan məhrum etmə və yaxud da ki, 3 mindən 4 minə qədər cərimə cəzasının tətbiqinə səbəb ola bilər".
Təhsil eksperti çıxış yollarından biri kimi məktəblərdə cinsi inkişaf və cinsi tərbiyə dərsinin tədris olunmasını görür.
Kamran Əsədov - Təhsil eksperti: "Əgər hər hansı bir dərslikdə biz bununla bağlı mövzu salsaq, bu, o demək deyil ki, şagirdləri oyatmış olarıq, xeyr, orta ümumtəhsil məktəblərində mütəxəssislər tərəfindən cinsi tərbiyə dərsləri verilməlidir. Yəni siz hər hansı bir problemlə qarşılaşanda ondan az zərərli necə çıxa bilərsiz və yaxud da ki, bunda digər yoluxucu xəsətəliklər yarana bilərmi və s.".
Ölkəmizin təhsil haqqında qanunlarında da göstərilir ki, 6 yaşdan 17 yaşa qədər bütün şagirdlər icbari təhsil almalıdırlar. Şagirdlərin bu cür hallarla təhsildən yayındırılması isə istənilən halda yol verilməzdir.