Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Mart 2020 21:05
Bakı. İlhamə İsabalayeva - Trend:
Naxçıvan Muxtar Respublikasının maddi-mədəni əhəmiyyət kəsb edən bəzi arxeoloji tapıntıları daimi mühafizə olunması üçün AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinə veriləcək.
Akademiyadan Trend-ə verilən məlumata görə, AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyi bu il 100 illik yubileyini təntənəli şəkildə qeyd etməyə hazırlaşır. Artıq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə yubileyə hazırlıq işlərinə başlanılıb.
Hazırlıq işləri çərçivəsində muzey ekspozisiyasının yenilənməsi və fondların yeni materiallarla zənginləşdirilməsi işləri həyata keçirilir. Bu məqsədlə muzeyin direktoru, akademik Nailə Vəlixanlının Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbova müraciətindən sonra maddi-mədəni əhəmiyyət kəsb edən bəzi arxeoloji tapıntıların daimi mühafizə olunması üçün muzeyə verilməsi qərara alınıb.
Bu günlərdə Naxçıvanın I Kültəpə, Ovçulartəpəsi, Duzdağ, Naxçıvantəpə və Oğlanqala abidələrindən tapılmış saxsı qablar və onların fraqmentləri, eləcə də bir ədəd mixi yazılı qab fraqmentindən ibarət arxeoloji materiallar muzeyin Arxeologiya fonduna təhvil verilib. Tapıntılar e.ə. VI-I minilliklərə aiddir.
Qeyd edək ki, bu tapıntılar bölgənin, o cümlədən Azərbaycanın qədim tarixinə və zəngin mədəniyyətinə aid qiymətli əşyavi mənbələrdir.