Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yeni Azərbaycan Partiyasının üzvləri arasında siyasi birlik və həmrəylik hökm sürür - İlyas Hüseynov

Yeni Azərbaycan Partiyasının üzvləri arasında siyasi birlik və həmrəylik hökm sürür - İlyas Hüseynov

Tarix: 14 Mart 2020 22:18

Bütün demokratik dövlətlərdə siyasi partiyaların əhəmiyyəti və xüsusi çəkisi var. Siyasi partiyanın ideyaları arxasında milyonlarla insan dayanır. Təbii ki, Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi partiyası olmaqla yanaşı, Milli Məclisdə sözü kifayət qədər qiymətli və təsirlidir. Yeni Azərbaycan Partiyasının üzvləri arasında siyasi birlik və həmrəylik hökm sürür. Təəssüflər olsun ki, eyni sözləri digər partiyalar haqqında deyə bilmirik.

Sonxeber.net bildirir ki, bunu Trend-ə Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov deyib.

Onun sözlərinə görə, son dövrlər radikal müxalifətin nümayiş etdirdiyi mövqe də anlaşılan deyil. Özünü müxalifət adlandıran marginal qruplaşma seçkilərdə iştirak etməkdən imtina etməklə yanaşı, seçkinin nəticəsinə kölgə salmağa yönəlmiş hərəkətləri ilə diqqət çəkməyə çalışıb: "Lakin 27 ildir ki, cəmiyyət qeyd olunan marginal qruplaşmanı boykot edir. Müasir dövrdə informasiya və kommunikasiya texnologiyalarının sürətli inkişafı vətəndaş cəmiyyəti institutlarının məlumat əldə etmək və yaymaq imkanlarını əsaslı şəkildə genişləndirib. Ayrı-ayrı ölkələrin təcrübəsinə baxanda görürük ki, siyasi partiyalar ənənəvi medianın imkanlarından yararlanmaqla yanaşı, dövrün və zamanın çağırışlarına adekvat olaraq, artıq sosial şəbəkələrin təqdim etdiyi xidmətləri informasiya-təbliğat və əks-təbliğat fəaliyyətinin həyata keçirilməsində əsas istiqamət kimi müəyyənləşdirirlər".

İ.Hüseynov əlavə edib ki, Azərbaycan Respublikasında 55 siyasi partiya dövlət qeydiyyatına alınsa da, onların böyük qismi fəaliyyətsizdir və ya çox məhdud şəkildə fəaliyyət göstərir. Bu da həmin təşkilatların informasiya resurslarına çıxışında bilavasitə özünü büruzə verir:

"Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar və siyasi qüvvələr ilə bağlı qısa araşdırmaya nəzər salaq. Monitorinq nəticəsində müəyyən olunub ki, siyasi partiyalardan yalnız üçü - YAP, ADP və BAXCP mətbuat orqanına malikdirlər. 11 siyasi partiyanın internet saytı, 21-nin "Facebook səhifəsi, 10-nun "Youtube" kanalı var.

AXCP işini əsasən "Facebook" sosial şəbəkəsində qursa da, partiya funksionerlərinin hər birinin öz səhifəsi var. Partiyanın sədri "Facebook"da mütəmadi şəkildə statuslar yazır, paylaşımlar edir, bir neçə üzdə olan "Youtube" kanalı ilə işləyir, çıxışlar edir və müsahibələr verir. Partiyanın regionlarda olan təşkilatları da cəlb olunmaqla yaradılmış "trol" şəbəkəsi aktiv şəkildə fəaliyyət göstərir. Bu şəbəkə partiya sədri Əli Kərimlinin statuslarının paylaşılması, opponentlərə və hakimiyyətə qarşı "qara piar" kampaniyası aparılması üçün fəal şəkildə istifadə olunur.

Digər siyasi partiyalara gəlincə qeyd edə bilərik ki, Musavat partiyası da sosial şəbəkələrdə müvafiq iş qurub, lakin təsirlik dərəcəsinə görə AXCP ilə müqayisədə çox zəif təsir bağışlayır.

ADP daha çox təsir dairəsində olan saytların xidmətindən istifadə etməklə gündəmdə qalmağa cəhd edir. Qeyd olunmalıdır ki, bu saytlar əsasən ayrı-ayrı məmurlar haqqında neqativ materiallar yaymaqla məşğul olur və üslublarına görə "reket-media" təəssüratı bağışlayır".

Politoloq hesab edir ki, dövlət qeydiyyatı olmayan REAL hərəkatı sosial şəbəkələrdə kifayət qədər fəallıq nümayiş etdirir, partiya sədri İlqar Məmmədovun və funksionerlərinin çoxsaylı izləyiciləri olan "Facebook" səhifələri ilə diqqət çəkirlər. BAXCP və VHP-nin öz media şəbəkəsi var, aparıcı resurslara çıxış imkanlarına malikdirlər:

"Ümid" partiyasına gəlincə qeyd edə bilərik ki, adıçəkilən partiya bir sıra az nüfuzlu saytlarla əməkdaşlıq əlaqələri qura bilib. Nisbətən az populyarlığa malik, Razi Nurullayevin rəhbərlik etdiyi, dövlət qeydiyyatı olmayan AXCP də həm mətbuat orqanına malikdir, həm də sosial şəbəkələrdə aktiv iş aparır. AMİP, DİP, KXCP, AVP, MDHP informasiya sahəsində nisbi fəallıq göstərirlər. Digər siyasi partiyalar informasiya-təbliğat və əks-təbliğat fəaliyyəti zəif qurublar və ya ümumiyyətlə, bu heç bir iş görmürlər".

İ.Hüseynov bu fikirdədir ki, ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatlar fonunda yenilənən Parlamentdə hakim Yeni Azərbaycan Partiyası ilə yanaşı müxtəlif siyasi partiyalar, eyni zamanda bitərəflər Milli Məclisdə həm sədrlikdə, həm də komitələrdə təmsil olunacaqlar. Bu da onu göstərir ki, radikal müxalifətin nümayiş etdirdiyi mövqenin və bu zəmində olan çıxışların heç bir əsası yoxdur.


Etiketlər:  Yeni Azərbaycan Partiyasının üzvləri arasında siyasi birlik həmrəylik hökm sürür İlyas Hüseynov


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ