Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rauf Əliyev: "İçimizdə qorxu var" - MÜSAHİBƏ

Rauf Əliyev:

Tarix: 28 Mart 2020 20:12

Milli.Az "Səbail"in hücumçusu Rauf Əliyevin apasport.az saytına müsahibəsini təqdim edir

- Koronavirus pandemiyası səbəbindən Premyer Liqanın oyunları kimi, məşqlər də dayandırılıb. Günləriniz necə keçir, fərdi məşq edə bilirsiniz?
- Demək olar ki, hər gün evdəyəm. Məşqçilər korpusu hamımıza proqram atıb, hər gün evdə fərdi məşq edirik. Əlbəttə ki, əvvəlki məşqlərimizlə eyni deyil. Hər halda, indiki vəziyyətdə ancaq bunu edə bilərik.

- Koronavirus pandemiyası ilə bütün dünya mübarizə aparır. Siz bundan necə qorunursuz?
- Dövlət qurumları nə deyirsə, hansı qaydalara riayət olunmağı məsləhət görürsə, onu etməyə çalışıram. Mən də daha çox evdə oluram. Əlbəttə ki, içimizdə qorxu var. Bütün dünya bu virusla mübarizə aparır. Məncə, bu virusun da sonu olacaq. Hardasa 2 ay çəkəcək, amma sonda bitəcək. Əsas odur ki, mübarizəmizi aparaq, deyilənlərə qulaq asaq və riayət edək.

- Ölkədə karantin elan olunsa da, insanların çoxu buna riayət etmirlər. Üstəlik, günü-gündən bu virusa yoluxanların sayı artır. İnsanların "evdə qal" çağırışına əməl etməsi üçün hansı addımlar atılmalıdır?
- Hər kəs bu məsələyə ciddi yanaşmalıdır. Mətbuatda da, telekanallarda da qeyd olunur ki, İspaniya və İtaliya kimi ölkələr bu məsələyə səhlənkar yanaşdıqlarından, indi çox əziyyət çəkirlər. Çin çox böyük tədbirlər gördü və virus təhlükəsini aşağı sala bildi. Burada isə hər şey özümüzdən asılıdır. Deyilənlərə əməl etmək lazımdır, evdə daha çox olmalıyıq, ünsiyyətlər azaldılmalıdır. Yayılıb-yayılmaması özümüzdən asılıdır.

- FİFA futbolçuların maaşlarının 50 faizindən vaz keçməsini xahiş edir. Klubların da bir aylıq maaşı gecikdirmək icazəsi var. "Səbail" bir aylıq maaşınızı verməsə və ya gecikdirsə, reaksiyanız necə olacaq?
- Hazırda komandamızda belə söhbət olmayıb. Amma rəhbərlik hansı qərarı versə, hörmətlə yanaşaram.

- Evdə olduğunuz vaxtda film izləyirsiniz, yoxsa kitab oxuyursunuz?
- Film izləməyi sevən deyiləm. Daha çox həyət işlərilə məşğulam. Uşaqlarla vaxt keçirirəm. Çox kitab oxuyan da deyiləm. Telefonda oyunlarla vaxt keçirirəm.

- İspaniya La Liqasında yer alan klubların futbolçuları arasında "playstation" yarışı keçirildi. Hər klubu bir oyunçu təmsil edirdi. Azərbaycanda 8 klub arasında belə yarış keçirilsə, "Səbail"i təmsil edə bilərsiniz, yoxsa oynaya bilmirsiniz?
- Düzü, əvvəllər "playstation"u daha çox oynayırdım. Uşaq vaxtı həvəsim var idi. Amma indi hərdən oynayıram. Əvvəlki marağım qalmayıb. Üstəlik, səbrim də yoxdur ki, oturum saatlarla "playstation" oynayım. Ona görə də bizdə klublar arasında "playstation" çempionatı keçirilsə, "Səbail"i təmsil edə bilmərəm (gülür). Amma inanıram ki, klubumuzda yaxşı oynayan futbolçular var.

- Azərbaycan çempionatı aprelin 14-nə kimi təxirə salınıb. Necə düşünürsünüz, liqanın bərpası mümkün olacaqmı?
- Apreldə çempionatın bərpa olunacağına inanmıram. Çünki bərpadan əvvəl müəyyən qədər məşq də etmək lazımdır. Bu qədər fasilədən sonra heç kim birbaşa meydana çıxa bilməz. Müəyyən qədər məşq etmək lazımdır. Gedişat onu göstərir ki, apreldə çempionat bərpa olunmayacaq.

Milli.Az


Etiketlər:  Rauf Əliyev İçimizdə qorxu var MÜSAHİBƏ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ