Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Mart 2020 17:44
Koronavirus sınağından az itkilərlə çıxmaq üçün cəmiyyət həmrəylik, birlik nümayiş etdirməlidir.
Sonxeber.net bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Ramil Həsən deyib.
Millət vəkili ölkəmizdə yeni növ koronavirus infeksiyasına qarşı mübarizə çərçivəsində həyata keçirilən operativ və mübarizə xarakterli tədbirlərin dövlətin öz vətəndaşlarına verdiyi dəyərin ifadəsi olduğunu deyib:
"Ölkəmizdə əhalinin bütün təbəqələrinin dövlətin yüksək diqqət və qayğısı ilə əhatə olunması həyata keçirilən sosial siyasətin mühüm tərkib hissəsidir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, dövlət siyasətinin mərkəzində vətəndaşların rifahı və mənafeyi dayanır. Hazırda Azərbaycanda laboratoriyaların sayı artırılıb. Azərbaycanın müxtəlif bölgələrində yerləşən bir sıra xəstəxanalar xüsusi rejimdə işləyir. Xəstəliyə qarşı mübarizəni daha da gücləndirmək və koronavirus xəstələrinə qulluq edən həkimlərin maddi təminatını daha da yüksəltmək məqsədilə Prezidentin Ehtiyat Fondundan əlavə 20 milyon manat ayrılıb. Əsas məqsəd bu xəstəliyin Azərbaycanda yayılmasına imkan verməməkdir.
Ümumiyyətlə, dövlət tərəfindən görülən bütün tədbirlər, şübhəsiz ki, xalqın sağlamlığını, ölkəmizin təhlükəsizliyini təmin etmək məqsədi daşıyır. Təsadüfi deyil ki, Ümumdünya Səhiyyə Təşkilatının nümayəndələri Azərbaycan rəhbərliyinin koronavirusun yayılmaması üçün çox önəmli və təsirli tədbirlər gördüyünü diqqətə çatdırıb, həyata keçirilən işləri müsbət qiymətləndirib".
R.Həsən qeyd edib ki, dövət tərəfindən məqsədyönlü tədbirlərin reallaşdırılması bir daha onu ifadə edir ki, əhalinin sağlamlığı, təhlükəsizliyi, rifahına nail olmaq üçün istənilən addım atılacaq:
"Təbii ki, vətəndaşlar da dövlətə öz dəstəyini göstərməli, sosial məsuliyyət prinsipi əsas götürülməlidir. Koronavirus sınağından az itkilərlə çıxmaq üçün bütün cəmiyyət həmrəylik, birlik nümayiş etdirməlidir".
Deputat vurğulayıb ki, dövlət başçısı yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində bütün lazımi tədbirlərin görüldüyünü diqqətə çatdırıb:
"Hazırda müvafiq strukturlar bu məqsəd üçün səfərbər olunublar. Vətəndaşlarımız görülən işlərə dəstək olmalı, verilən tövsiyələrə ciddi şəkildə əməl etməlidirlər".
Millət vəkili bütün vətəndaşları, xüsusilə də ahıl yaşlı insanları Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və qərarlarına, karantin rejiminin tələblərinə əməl etməyə çağırıb.