Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Aprel 2020 21:16
Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən növbəti əfv sərəncamının imzalanması dövlətimizin humanizm siyasətinin parlaq nümunəsidir. Humanizm prinsipləri Ümummilli liderimiz Heydər Əliyev tərəfindən Azərbaycanda dövlət siyasəti kimi müəyyənləşdirilib. Bu gün dövlət başçısı bu siyasəti layiqincə davam etdirir.
Sonxeber.net bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Ramil Həsən deyib.
Deputat bildirib ki, Prezident İlham Əliyevin "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" 2020-ci il 6 aprel tarixli Sərəncamına əsasən 176 məhkum cəzasının çəkilməmiş hissəsindən azad edilib:
"Əfv sərəncamı koronavirus (COVİD-19) infeksiyasının yayılması ilə əlaqədar yaşına və səhhətinə görə xüsusi qayğıya ehtiyacı olan, yaşı 65-dən yuxarı bir sıra məhkumlara şamil olunub. Bu humanist addım xalqımızın əsrlərdən ötüb gələn mənəvi dəyərlərini özündə təcəssüm etdirir. İnanırıq ki, əfv olunan şəxslər də dövlət başçısının bu humanist addımından düzgün nəticə çıxaracaqlar.
Növbəti əfv sərəncamı Azərbaycan Prezidentinin insanpərvər siyasətinin növbəti təzahürüdür. Dövlət başçısının imzaladığı sərəncamlara əsasən, indiyə kimi 4871 şəxs əfv edilib. Amnistiya aktları bütövlükdə 40 412 şəxsi əhatə edib, onlardan 8580 nəfəri azadlıqdan məhrum etmə cəzasından azad olunub".
Deputat vurğulayıb ki, bu gün bütün dünyada, o cümlədən ölkəmizdə koronavirus bəlasına qarşı ciddi mübarizə aparılır:
"Xüsusilə, Azərbaycanda dövlət başçısı tərəfindən bu istiqamətdə atılan addımlar, verilən qərarlar beynəlxalq müstəvidə çox yüksək qiymətləndirilir. Pandemiyanın vura biləcəyi zərərin qarşısının alınması üçün hökumət tərəfindən dəstək proqramlarının qəbul edilməsi, bu məqsədlə 2.5 milyard manat vəsaitin ayrılması, bu proqramların yüz minlərlə insanı əhatə etməsi onu göstərir ki, dövlətimiz hər zaman öz vətəndaşının yanındadır. Üstəlik, dövlət başçısı tərəfindən növbəti əfv sərəncamının imzalanması da cəmiyyətdə boyük rəğbətlə qarşılanır. Belə olan halda, radikal müxalifətin, "5-ci kolon"un dövlətimizin həyata keçirdiyi uğurlu siyasətə kölgə salmaq cəhdləri tam iflasa məhkumdur. Azərbaycanda xalqın öz Prezidentinə inamı sarsılmazdır və bu inamı heç kim poza bilməz".