Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Aprel 2020 13:24
Böyük Britaniyanın Liverpul, Birmingem və Mersisayd şəhərlərinin sakinləri ötən həftə "5G" stansiyalarının koronavirus pandemiyasına səbəb olması iddiası ilə onları yandırıblar.
"Vodafone UK" şirkətinin nümayəndəsi "The Verge" nəşrinə müsahibədə dörd stansiyanın yandırıldığını bildirib.
Sonxeber.net azerbaycan24.com-a istinadla bildirir ki, Birmingemdə "EE" telekommunikasiya şirkətinə məxsus yandırılmış stansiyalardan biri isə beşinci nəsil mobil rabitə xidmətləri göstərmir.
"Bizim mühəndislər Birmingemdə stansiyalardan birində yanğının səbəbinin müəyyənləşdirilməsi ilə məşğuldurlar. Bunun qəsdən yandırılma olduğu müəyyənləşsə - hazırda hər şey məhz belə görünür, biz Uest-Midlends polisinə təqsirkar şəxsin tutulmasına kömək etmək niyyətindəyik. Stansiya Birmingem ətrafında minlərlə abunəçiyə xidmət göstərməklə uzun illər həyati əhəmiyyətli "2G", "3G" və "4G" rabitəsini təmin edir. Biz rabitəni mümkün qədər tez bərpa etməyə çalışacağıq, lakin yanğın böyük ziyan vurub", - şirkət nümayəndəsi qeyd edib.
Yanğınlardan sonra Böyük Britaniyanın Rəqəmsal Texnologiyalar, Mədəniyyət, KİV və İdman Nazirliyi "5G" stansiyalarının guya "COVID-19" ilə əlaqəsi olması nəzəriyyəsini təkzib edən bəyanatla çıxış edib.
Qeyd edək ki, "5G" texnologiyasının qurulması və "COVID-19" pandemiyası arasında əlaqənin olması barədə şayiələr əsasən sosial şəbəkələr vasitəsilə yayılır. "Facebook" və "Nextdoor" şəbəkələrində "5G" texnologiyasının koronavirusun yayılmasına səbəb olması ilə bağlı dezinformasiya dərc edən bir neçə qrup fəaliyyət göstərir. Nəzəriyyəyə görə, Çinin Uhan şəhərində xəstəliyin yayılması orada "5G" stansiyası quraşdırıldıqdan sonra baş verib. Nəzəriyyə tərəfdarlarının sözlərinə görə, məhz stansiya yoluxma mənbəyi olub və virus "5G" şəbəkələri vasitəsilə ötürülür.