Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Aprel 2020 12:33
Bakı. İlhamə İsabalayeva -Trend:
Təhsil Nazirliyi 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən “Gələcək naminə birlikdə!” adlı onlayn respublika videoçarx müsabiqəsinə start verilib.
Nazirlikdən Trend-ə verilən məlumata görə, müsabiqə Bakı şəhəri və digər regionlarda fəaliyyət göstərən uşaq-gənclər inkişaf mərkəzlərinin dərnək üzvləri arasında keçirilir.
İki mərhələdən ibarət olan müsabiqə iki yaş qrupu üzrə (7-12, 13-17) təşkil olunur. Müsabiqəyə hər yaş qrupu üzrə yalnız bir videoçarx ilə qatılmaq olar. Müddəti 1-3 dəqiqədən artıq olmayan videoçarxlarda ailə üzvlərinin də iştirakına icazə verilir. Müəllifin adı və soyadı, yaşı, təmsil olunduğu müəssisənin və rayonun (şəhərin) adı göstərilməklə videoçarxlar aprelin 13-dən 26-dək 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin e-mail ünvanına ([email protected]) göndərilə bilər.
Müsabiqədə iştirakçının öz duyğu və düşüncələri ilə işlənmiş, orijinal ideyası, ustalığı ilə seçilən işlərə üstünlük veriləcək. Qaliblər diplom və hədiyyələrlə mükafatladırılacaqlar.
Məqsəd yeni koronavirus (COVİD-19) infeksiyası ilə bağlı tətbiq edilən karantin rejimi ilə əlaqədar uşaqların ev şəraitində asudə vaxtlarının səmərəli və faydalı təşkili, evdə olduqları müddətdə öz yaradıcılıqlarını inkişaf etdirməsi, istedadlı və perspektivli uşaqların üzə çıxarılmasındır.