Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Aprel 2020 16:24
Bakı. İlhamə İsabalayeva - Trend:
İşsiz şəxslərə 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi məqsədilə müraciətlərin edilməsi ilə bağlı hər hansı problem yoxdur.
Trend-in məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev deyib.
Müraciətlərin qəbulu üçün 3 yolun olduğunu xatırladan nazir müavini qeyd edib ki, ödəmələr və əhalinin məşğulluğu ilə bağlı məsələlərin həll edilməsi məqsədilə bütün yerli məşğulluq mərkəzləri xüsusi iş rejiminə keçib:
“İnterneti olmayan insanlar məşğulluq mərkəzlərinin “Qaynar xət”lərinə zəng edərək qeydiyyata düşə bilərlər. Eyni zamanda, e-sosial portalında çox sadə formada qurulmuş onlayn qeydiyyat xidməti fəaliyyət göstərir. Bununla yanaşı, məşğulluq alt sistemi üzərindən də elektron hökumət portalının elektron qeydiyyat bölməsində qeydiyyatdan keçməklə ödəməni almaq üçün müraciət etmək olar”.
A.Əliyev deyib ki, müraciətlər elektronlaşdırılmış qaydada yoxlanılır:
“Mən əhalini əmin etmək istəyirəm ki, bütün müraciətlərə bir-bir baxılacaq və hüquqi olan hər bir vətəndaşa bu ödəmənin təyin edilməsi üçün tədbirlər həyata keçiriləcək”.
Nazir müavini ödəmənin məbləğinin məhz hansı səbəbə görə 190 manat müəyyənləşdirilməsinə də aydınlıq gətirib:
“Hamını maraqlandıran sual budur ki, niyə 190 manat verilir? Azərbaycanda “Yaşayış minimumu haqqında” qanun var. Yaşayış minimumu sosial demoqrafik qruplar üzrə hər il Milli Məclis tərəfindən təsdiq edilir. Məhz 190 manat da 2020-ci il üçün ölkə üzrə orta yaşayış miminumum məbləği kimi müəyyən edilib. Digər tərəfdən, dövlət bu gün vətəndaşlara “evdə oturun” deyir.
İşsiz vətəndaşların bu dövrdə məşğulluğunu təmin etmək mümkün deyil. Belə vətəndaşların bu dövrdə sosial müdafiəsini təmin etmək üçün bu addım atılır. Vətəndaşlar da evdə oturanda onların yalnız mənzil kommunal və qida xərcləri olur. Bu baxımdan hökumət yaşayış minimumunu nəzərə alaraq, belə qərar qəbul etdi ki, evdə oturan işsiz şəxslərin sosial müdafiəsini təmin etmək üçün 190 manat məbləğində birdəfəlik ödəmə verilsin”.